Mobil versiya
Bakı Zooparkında ayıları qış yuxusuna getməyə qoymurlar
Tarix: 30-11-2017 | Saat: 10:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakı Zooparkında ayıları qış yuxusuna getməyə qoymurlar




Bakı Zooloji Parkı əhaliyə müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradır. Zoopark nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir.
Bir müddət əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlamışdı.

Maraqlıdır, 80 ildən çoxdur fəaliyyətdə olan Zooloji Parkda işlər davam edirmi?

Zooparkın direktoru Azər Hüseynov Modern.az-abildirib ki, hazırda parkda yenidənqurma istiqamətində müəyyən işlər görülür:
"Demək olar ki, layihə işləri yekunlaşmaq üzrədir. Eyni zamanda müəyyən təmizlənmə işləri də görülür. Biz zooparkda olan heyvanların şəraitinin yaxşılaşdırılması üçün çalışırıq. Heyvanların saxlandığı qəfəslər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Hələ ki, buradakı heyvanların yaşayış şəraiti yaxşılaşdırılacaq. Buradakı heyvanlar tam yerləşdirildikdən sonra yer qalarsa, yeni heyvanlar gətirəcəyik”.

Şah qırqovul, xalçaya bənzər piton, iri yapalaq..

A.Hüseynov Zooparka gətirilən yeni heyvanlardan da danışıb:
"Sentyabr ayında Daşkənd Zooparkından, oktyabrda Moskva Zooloji Parkından heyvanlar gətirmişik. Əslində onları tək olan heyvanları cütləşdirmək, nəsil almaq üçün gətirdik. Bu, lama, yallı qoyun, iri yapalaq, göyqulaqlı qırqovul, şah qırqovul, xalçaya bənzər piton, qarğalar sinfindən olan quzğun və bir neçə digər heyvanlardır. Bu istiqamətdə işlərimizi görürük. Ancaq təmir işləri qurtardıqdan sonra qeyd etdiyim kimi, yerlərimiz qalarsa, maraqlı heyvan növlərinin Zooloji parka gətirilməsini düşünürük”.

Zooloji parkda hansı heyvanlar qış yuxusuna gedir?

Müsahibimiz bundan da söz açıb:
"Bakı Zooloji parkında heyvanlar qış yuxusuna getmir. Çünki onlara hər gün qida veririk. Təbiətdə olan heyvanlar, xüsusilə ayılar qış aylarında yem tapa bilmədikləri üçün əvvəlcədən piy ehtiyatı yığır və qış yuxusuna gedirlər. Lakin Zooloji parkda heyvanlara hər gün eyni vaxtda yeməkləri, suları verilir və yatmaq üçün yerləri var. Sanki oteldə yaşayırlar”.

"Qışda heyvanlara 20 faiz çox qida verilir”

Zooloji parkın direktoru qeyd edib ki, heyvanlara işçilər tərəfindən lazım olan bütün diqqət və qayğı göstərilir:
"Biz yayda həmişə qışa, qışda isə yaya hazırlaşırıq. Yəni hansı işləri görəcəyiksə, qışın gəlməsini gözləmirik. Bu baxımdan artıq istilik sistemləri, yem ehtiyatları qaydasındadır. Qışa tam hazırıq. Yem tədarükü etmişik. Yonca otu, tayaya vurulub. Arpa, buğda, qarğıdalı, darı alınıb.Bundan əlavə, tenderi udan tədarükçülər heyvanlara lazım olan meyvə-tərəvəzi həftədə bir dəfə gətirirlər.
Yay rasionundan fərqli olaraq, qışda heyvanlara 20 faiz çox qida verilir. Bu ətyeyən və otyeyən heyvanlarımızın hamısına aiddir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə