Mobil versiya
“Bəziləri bu layihənin uğurla başa çatacağına inanmırdı” - Prezident
Tarix: 30-10-2017 | Saat: 15:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bəziləri bu layihənin uğurla başa çatacağına inanmırdı” - Prezident


"Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır”.

Bunu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Ölkə başçısı bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub: "2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır”.

Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək: "Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır”.

Prezident qeyd edib ki, bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı:

"Layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir. Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir. Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır. Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.

Prezident əlavə edib ki, 2004-cü ildən indiyə qədər Azərbaycanda 11 min km yol tikilib, 6 aeroport istifadəyə verilib: "Azərbaycanın 20-yə qədər iri yük təyyarəsi var. Azərbaycanın Xəzərdə 270 gəmidən ibarət böyük donanması mövcuddur. Azərbaycanda bir neçə il əvvəl böyük gəmiqayırma zavodu tikilib. Gələcəkdə Xəzərdə yük həcminin artması ilə zavod daha böyük sürətlə çalışacaq. Ələt Dəniz Limanının birinci fazası gələn il istifadəyə veriləcək. 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci fazanın istifadəyə verilməsi ilə yükötürmə 25 milyon tona çatacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024