Mobil versiya
İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi
Tarix: 20-10-2017 | Saat: 11:17
Bölmə:Şou-biznes / Manşet | çapa göndər

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi


Son zamanlar olkədə internetin sürətindən şikayətlər az qala kütləvi hal alıb. Xüsusilə birbaşa internetlə işləyən qurumlar bu vəziyyətdən narazıdırlar. Məsələn, elə xəbər saytları...

Modern.az bununla bağlı bir neçə saytdakı vəziyyətlə maraqlanıb.

“Ölkə.az” portalının baş direktoru Məmməd Gülməmmədov bildirib ki, internetin zəifliyi onlarda da müşahidə olunur:
“Biz Ultel-in həm fiber-optik, həm də ADSL abunəçisiyik. Eyni zamanda Nar-ın 4G modemindən istifadə edirik. Təəssüf ki, internet sürətinin zəifliyi bu provayderlərin hamısında hiss olunur. Gün ərzində bir neçə dəfə həmin provayder şirkətləri ilə əlaqə saxlamaq məcburiyyətində qalırıq. Xüsusilə son bir aydan çoxdur ki, bu vəziyyət kəskin hal alıb. Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərsək də, onlar hər hansı problemin olmadığını deyir və istifadə etdiyimiz provayderlə əlaqə saxlamağımızı tövsiyə edirlər. Bilirsiniz ki, son vaxtlar ölkə daxilində fiber-optik kabelləşmə gedir, xətlər yenilənir. Ümid edirik ki, problem bununla əlaqəlidir. Lakin hər hansı rəsmi açıqlama verilmədiyi üçün biz də sadəcə fərziyyələr üzərində dayanırıq”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, bir aydan çoxdur, internetin zəifliyini hiss edirlər:
“Bu barədə qoşulduğumuz provayderin məsul şəxsləri ilə demək olar ki, hər gün 3-4 dəfə telefon danışığımız olur. Onlar ATS-i, ATS- də onları ittiham edir. Hətta ATS-dən nümayəndə çağırıb xətləri yoxlatmışıq, modem-ə qoşulmanı dəyişmişik. Problem qalmaqda davam edir. Düşünürəm ki, aidiyyatı qurumlar məsələyə müdaxilə etməlidirlər. Bu sürətdə internetlə işləmək çox acınacaqlıdır”.

"Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, eyni problem onlarda da var və bu, işin gedişatına mənfi təsir edir:
“İnternetin zəifliyi hər yerdə olduğu kimi, bizdə də müəyyən problemlər yaradır. Məsələn, yazını sayta yerləşdirsək də, yalnız bir neçə dəqiqədən sonra saytda görünür. Yaxud yazının videoları açılmır. Bu da birbaşa internetlə əlaqəli problemdir və işin keyfiyyətinə, gedişinə mənfi təsir edir. Hansısa yazını sayta yerləşdirmək üçün iki dəqiqə vaxt lazım idisə, indi bu vəziyyətdə 5-10 dəqiqə vaxt gedir. Əlbəttə, bu da zaman itkisi deməkdir. Bununla yanaşı, vəziyyətlə əlaqəli mən də, digər işçilərimiz də stress keçiririk. Adicə mobil telefonla belə, internetə qoşulub istifadə etmək mümkün deyil. Ona görə düşünürəm ki, bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi tədbirlər görməlidir”.

AzVision.az saytının redaktoru Anar Rüstəmov bildirib ki, təkcə ofisdə deyil, küçədə, bayırda hamı internetin zəifliyindən şikayətlənir:
“Son günlər ölkə üzrə ciddi internet problemi müşahidə edilir. Əksəriyyət bundan şikayətçidir. Səbəbini özümüz də bilmirik. İnternetin yoxluğu, yaxud zəif olması işimizə ciddi təsir edir. Elə vaxt olur ki, bir xəbəri sayta yerləşdirmək üçün ən yaxşı halda 10 dəqiqə gözləməli olmuşuq. Foto, video yükləmək isə müşkül məsələdir. Demək olar ki, hər gün provayderə zəng edirik, ya telefona cavab vermirlər, ya da bizi günahkar çıxarmağa çalışırlar. Hər dəfə bir bəhanə gətirirlər. İş o yerə çatıb ki, ofisdə hər otaq üçün ayrıca internet xətti qoşdurmuşuq. Yenə də internet düzəlmir ki, düzəlmir”.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Rəsmi qurum problemə bu cür aydınlıq gətirdi:
“Hər bir vətəndaş konkret provayderlə müqavilə bağlayır. Əgər onun internetində zəiflik müşahidə edilirsə, şirkətlə əlaqə saxlamalı və öz hüquqlarını tələb etməlidir. Provayderlər müqavilədə göstərdiyi şərtlər çərçivəsində keyfiyyətə xidmət göstərməlidir və buna borcludur. Nazirlik bununla bağlı dəfələrlə provayderlərə öz tövsiyələrini verib. Provayderlər müştərilər qarşısında cavabdehdirlər. Müştəri bazasının böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bu, bütün provayderlərə aid məsələdir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Modern.az-a açıqlamasında bildirib ki, problemi həll etmək üçün köklü islahatlar keçirmək lazımdır:
“Artıq səsləndirilən narazılıqlar, deyilən ictimai qınaqlar özünü doğrultmur. Bu baxımdan bütün gözlər nazirliyin üzərindədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz növbəsində provayderləri, bu sahədə fəaliyyət göstərən ekspertləri, mütəxəssisləri yığmalı, medianı dəvət edib məsələləri müzakirə etməlidir. Hazırda vəziyyət kifayət qədər kritikdir. Hansısa qaydada ciddi nəzarət yaratmaq mümkündür. Lakin problemi tam həll etmək üçün telekommunikasiya bazarında ciddi tənzimləmə işləri aparılmalı, yeni qaydalar tətbiq edilməlidir.

Bu gün özəl provayderlər dövlət provayderləri kimi yeraltı kabel kanal sistemindən istifadə edə bilmir. Ona görə də özəl provayderlər məcbur qalıb internetin çəkisini azaldır. İlk növbədə özəllər üçün həmin kabellərdən bərabər əsaslarla istifadə şəraiti yaradılmalıdır. Digər tərəfdən, bazarda elə mühit yaratmaq lazımdır ki, keyfiyyətə xidmət üçün rəqabət getsin. Bu baxımdan dövlət provayderlərinin özəlləşdirilməsi məsələsi gündəmə gətirilməlidir”.

O.Gündüz qeyd edib ki, hiperoptik internetə keçid etmək lazımdır:

“Biz hay-küy salıb hansısa qayqa-qanun yarada bilərik. Amma bu, qısaömürlü olacaq. Qeyd etdiklərimlə yanaşı, tariflər məsələsinə yenidən baxılmalıdır. Nəhayət ADSL, yəni telefon xəttinin üstündə oturan internet məsələsinə nöqtə qoyulmalıdır. Bu internet artıq dünyada arxivdədir. Hiperoptik internetə keçid etmək lazımdır. Bunun üçün də təbii ki, investisiyaya ehtiyac var. Yalnız bunlardan sonra problemi köklü olaraq həll etmək mümkün ola bilər”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024