Mobil versiya
“Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır” – Ayaz Mütəllibov
Tarix: 16-10-2017 | Saat: 15:09
Bölmə:Siyasət | çapa göndər

“Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır” – Ayaz Mütəllibov


Oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.

Bu qətnamələrin qəbul edilməsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də daxil olmaqla, rəsmilərin də etirazına səbəb olub.

Bildirilir ki, qətnamənin qəbul edilməsi, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyasının yarandığını göstərir.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az-a açıqlamasında Azərbaycan-Avropa münasibətlərinə toxunub. Eks prezident Azərbaycanla Avropa arasında müəyyən gərginliklərin mövcudluğunu dilə gətirib.

“Gərginlik var, amma, o demək deyil ki, bu məsələ bütün Avropanın marağındadır. Orada müxtəlif siyasi qruplar var. Onlar ancaq Avropa istiqamətində öz işlərini qursalar nə var ki?! Müxtəlif qrupların dəstəyi ilə hərəkət edirlər. Bu da bizi qane etmir. Çünki Azərbaycanın böyük problemi var və onun həll olunması istiqamətində Avropa danışıqlar aparır. Amma erməniyə dəstək vermələri xoş hal deyil.

Avropadakı siyasi dayaqlarından istifadə edib Azərbaycana qarşı əks çıxışlar etməyə başlayırlar. Avropada ATƏT, AŞPA kimi beynəlxalq qurumlar çox zaman Azərbaycanı tənqid etməkdə maraqlıdırlar. Demokratiya adı ilə müəyyən oyunlar oynayırlar. Təbii, biz də bunları bilirik və buna sakit yanaşmaq olmur. Bunun müqabilində öz işlərimizi ciddi aparmalıyıq”.

Ayaz Mütəllibov bu məsələdə din faktorunu da önə çəkib.

“Avropanın ölkəmizlə bağlı yanlış davranışlarında din faktoru da az rol oynamır. Çünki Ermənistanın xristian, Azərbaycanın müsəlman dövləti olması avropalıların yanaşma tərzinə də təsir edir”.
Sabiq dövlət başçısı Azərbaycan -Avropa münasibətləri gərginləşdiyi təqdirdə Rusiyanın maraqlarından da danışıb.

“Əlbəttə, Rusiya Azərbaycanla Avropanın münasibətlərinin gərginləşməsində maraqlıdır. Bu məsələdə heç marağını da gizlətmir. Avrasiya Birliyində Azərbaycanı görmək niyyətindədirlər.

Bu qurumu genişləndirmək fikirləri var. Rusiya Azərbaycanla münasibətləri bu formada dilə gətirir. Yəni “siz avropalılar, okeanın o tərəfindəsiz, biz isə həmsərhəd ölkəyik. Cənubi Qafqaz regionuna yaxınıq. Bu məsələlər bizim ixtiyarımızdadır” deyirlər. Göründüyü kimi, müəyyən formada yarış gedir.
Amma Azərbaycan prezidentinin apardığı siyasət çox incədir. Bu, mərhum Heydər Əliyev zamanında da belə olub. İlham Əliyev də həm Rusiya, həm də Avropa ilə balansı qoruyur.

Ən yaxşı halda heç kimə əngəl yaratmırıq. Həm Qərblə, həm də Rusiya ilə münasibətləri nizama salıb işləyirik. Tam Rusiyadan qopmasaq da, anlayırlar ki, burada Qərbin təzyiqi var. Azərbaycan isə öz maraqlarına görə bu məsələlərlə hesablaşmalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə