Mobil versiya
Prezidentdən köçkünlərə şad xəbər: "Minlərlə ailə evlə təmin olunacaq"
Tarix: 09-10-2017 | Saat: 17:13
Bölmə:Siyasət | çapa göndər

Prezidentdən köçkünlərə şad xəbər: "Minlərlə ailə evlə təmin olunacaq"


“Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir. Bu, daimi proses olmalıdır. Çünki bizim əhalimiz artır və belə olan halda biz daim yeni iş yerlərinin yaradılması haqqında düşünməliyik”.

AzVision.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bildirib ki, əsas infrastruktur layihələri 9 ayda uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsindədir və bu proses davam edir:

“Bunlar özlüyündə çox gözəl göstəricidir. Elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir. Meliorasiya məsələləri öz həllini tapır. İlin əvvəlində qarşıya məqsəd qoyulmuşdur ki, bu günə qədər suvarılmayan, yaxud da ki, suvarılması zəif olan 150 min hektar torpaqlarımızda bu il müasir suvarma sistemləri quraşdırılsın. Əminəm ki, biz bu rəqəmə ilin sonuna qədər çatacağıq.

Mənə verilən məlumata görə, bu ilin əvvəlindən bəri 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilmişdir. Qalan iki ay yarım ərzində bütün işlər başa çatmalıdır. İnfrastruktur layihələrimizin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Əlbəttə ki, bu günə qədər həyata keçirə bilmədiyimiz infrastruktur layihələrini növbəti illərdə də biz tam icra etməliyik. Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.

İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: “Bu il tarixi hadisə baş verib. Cocuq Mərcanlı kəndi bərpa edilib, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir. Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək.

Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir. Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır”.

Bu ilin doqquz ayında xarici ölkələrə 14 dəfə səfər etdiyini xatırladan prezident bildirib ki, hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur: “Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5397 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}