Mobil versiya
Ədliyyə Nazirliyinə, prezidentin mühafizə xidmətinə işə adam düzəldən Rzayev hakim önündə
Tarix: 08-07-2017 | Saat: 17:21
Bölmə:Gündəm | çapa göndər

Ədliyyə Nazirliyinə, prezidentin mühafizə xidmətinə işə adam düzəldən Rzayev hakim önündə

Bakıda vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxsə hökm oxunub. O, bir nəfərdən qızını nazirliyə, bir nəfərdən isə oğlunu mühafizə xidmətinə işə düzəldəcəyini vəd edərək külli miqdarda pullarını ələ keçirib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1965-ci il təvəllüdlü Rzayev Həsən Mirheydər oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İttihama görə, H.Rzayev Bakı şəhər sakini Elmira Nəsirovaya qarşı 14 min 500 manatlıq dələduzluq edib. Belə ki, Həsən Rzayev zərərçəkmiş Elmira Nəsirovadan əvvəlcə 4500 manat, daha sonra isə 10 min manat alıb. Bunun qarşılığında isə E.Nəsirovanın oğlunu Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd edib.
E.Nəsirova şikayətində bildirib ki, H.Rzayev 3 ilə yaxın onu yalan vədləri ilə get-gələ salıb. Zərərçəkmiş H.Rzayevə verdiyi pulu bankdan götürdüyünü və bu müddət ərzində də faiz borclarını ödədiyini deyib.
H.Rzayev ilk dələduzluq əməlini isə Bakı şəhər sakini Məmməd İbrahimova qarşı edib. O, M.İbrahimovdan qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd verərək ümumilikdə 50 min manat alıb. Ancaq verdiyi vədə əməl etməyən H.Rzayev dələduzluq etdiyi şəxsin şikayətləri əsasında həbs edilib. O, evini və maşınını sataraq Məmməd İbrahimova vurduğu ziyanın bir hissəsini ödəyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, H.Rzayev ikinci cinayət əməlini törətdikdən sonra hüquq-mühafizə orqanlarından qaçmağa çalışıb. Bir müddət axtarışda olan H.Rzayev Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs edilib.
Məhkəmədə son söz verilən H.Rzayev əməlini etiraf edib və buna görə peşmançılıq çəkdiyini bildirib. Pul aldığı şəxslərə qarşı dələduzluq etmək niyyətinin olmadığını deyən H.Rzayev işləri alınmadığı üçün aldığı pulları geri qaytara bilmədiyini söyləyib.
H.Rzayev ilk olaraq pul aldığı Məmməd İbrahimovun zərərini ödəmək üçün evini, maşınını satdığını deyib. Amma H.Rzayev bu zaman da özünü aldadıldığını bildirib: “Zərəri ödəmək üçün 150 minlik evimi təcili satmalı oldum. Amma evi alan şəxs 30 min manatını nağd ödədi və borc müqaviləsi bağladıq ki, qalanını bir ay ərzində ödəyəcək. 30 min manatı ödədiyim üçün mən ev dustaqlığına buraxıldım. Amma evi satdığım adamı tapa bilmədim. Aylarla bu iş uzandı. Mən bu əməlimdən çox zərər gördüm. Başqa yerlərə də pul verdim”.
İbrahim Məmmədova vurduğu ziyanı tam olaraq ödədiyini deyən H.Rzayev digər zərərçəkmiş E.Nəsirova ilə barışıq əldə edə bilməmələrinin səbəbini belə izah edib: “Mən aldığım pulun 5 min manatını qaytardım. Həbs edildiyim gün belə oğlum 2 min manat ödədi. 14500 manat pul almışam. Bu pul qaytarılıb. Amma Elmira xanım deyir ki, həmin məbləğ bankdan götürülüb və faizləri də var. Məbləğ mən aldığımdan artıqdır. Buna görə də razılaşa bilmədik. Mən zərəri ödəyəndə bank məsələsindən xəbərim olmayıb”.
H.Rzayev sonda məhkəmədən barəsində aşağı həddə cəza təyin etməsini xahiş edib. O, bir daha əməlindən peşman olduğunu və məhkəmənin ədalətli qərar çıxaracağına inandığını bildirib.
Amma zərərçəkmiş Elmira Nəsirova təqsirləndirilən Həsən Rzayevin çıxışına etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxsin dedikləri yalandır: “Bu adamın danışdıqları yalandır, nağıldır. Məni illərlə süründürüb. Bir qadına qarşı bu hərəkəti etməzlər”.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hakimlər kollegiyasının hökmünə əsasən bir ildən artıqdır həbsdə olan Həsən Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Həsən Rzayev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzlu, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024