Mobil versiya
“Ədalətin idarəsi”ndə ədalətsizliklər
Tarix: 27-06-2015 | Saat: 16:40
Bölmə:Gündəm / Manşet | çapa göndər




İzlədiyimiz kriminal xəbərlərdən birində belə bir məlumata rast gəldik: Şamaxı rayon sakini Ədalət Ömərov polisə şikayət edərək, 2006-cı ildə bir nəfərin onun etibarından sui-istifadə edərək, 87 min manat aldığını, mənimsədiyini bildirmişdi. Nəsimi polisi də təcili tədbir görüb şübhəli şəxsi saxlamışdı. Pulu mənimsənilən şəxsin niyə bunu dərhal deyil, illər sonra açıqlamasının səbəbi göstərilməmişdi.

Düzü, adamın adı tanış gəldiyindən, informasiya diqqətimizi çəkdi. Fikirləşdik ki, Şamaxıda adı Ədalət olan rayon sakini çox olar. Həm adı düz gələn, həm də soyadı Ömərov olan da az olmaz. Amma eyni zamanda yaxşı tanımadığı nə az-nə çox, 84 min manat verməyə ürəyi gələn Ədalət Ömərov isə olsa-olsa yalnız 9 saylıYol İstismar İdarəsinin rəisi ola bilərdi. Uzun müddətdi rəhbər vəzifədə işləyir. Necə deyərlər, Nadiri taxtda görüb, Şah Abbası bələkdə. Asfaltdan da pul çıxarıb. Yeddi arxa dönəninə yetəcək qədər var-dövlət toplayıb. O qədər oturuşub ki həmin vəzifədə, daha onu filan idarənin rəisi kimi deyil, idarəni “Ədalətin idarəsi” kimi tanıyırlar. Niyə də olmasın 87 min artiq pulu?

Açığını deyək, həmin məlumatı dəqiqləşdirə, yəni polisə işi düşənin məhz Yİİ rəisi olduğunun təsdiqini tapa bilmədik. Əvəzində başqa informasiyalara rast gəldik. Qoy bəri başdan pozitiv informasiyanı təqdim edək ki, məqaləmizi qərəzli hesab etmək istəyənlərin bəhanəsi qalmasın. Ə. Ömərov 2011-ci ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. İndi isə gəlin görək, onu bu mərtəbəyə qaldıran hansı “xidmətləridir”:

Bildirildiyinə görə, Ədalət bəy xeyli vaxtdır ki, işçilərin maaşının yarısını mənimsəyir və idarəyə məxsus olan texnikanı öz ata malı kimi idarədən kənar işlərdə çalışdırır. Yol İstismar İdarəsinə məxsus «Kamaz», «Tatra», «Kraz» və «Ford» yük maşınlarından ibarət olan həmin texnikalar il uzunu Qaradağdan Şamaxıya mişar daşı daşıyırlar. Həmin yük maşınlarını idarə edən (9 saylı Yİİ-nin işçiləri) sürücülərin hər biri Ədalətə aylıq verirlər. Sürücülərin aylıq maaşlarının da rəisin özünə qalmasına baxmayaraq, yük maşınlarının bütün təmir işləri sürücülərin üzərindədir. Rəis həmin texnika üçün ayrılan yanacaq pullarını və təmir üçün ayrılan vəsaiti mənimsəyir. Məlumatlarda həmçinin qeyd olunur ki, lazım olduğu halda həmin yük maşınlarını idarənin işləri üçün çalışdıran Ömərov buna görə sürücülərə əmək haqqı vermir. Başqa bir məlumata görə, “Ədalətin idarəsi”ndə ikili mühasibat aparılır. Məsələn, “qaralama” adlanan birinci əmək haqqı cədvəlində işçilərin maaşı müəyyən məbləğdə, amma əsil maaş cədvəlində əmək haqqları iki dəfə artıq, göstərilir və həmin məbləğlər arasındakı fərq idarə müdiri və bir neçə şəxs tərəfindən “pay-püşk” edilir. Bildirirlir ki, Şamaxı rayon Yol İstismar İdarəsində çalışan işçilərin çoxusu qış aylarında öz hesablarına məzuniyyətə göndərilir. Di gəl, «məzuniyətlər» sənədləşdirilmir və həmin pullar sadəcə idarə müdirinin «cibinə girir».

İdarənin xidmət etdiyi bütün daxili yollar isə bərbad vəziyyətdədir və dövlət tərəfindən hər ay yolların təmiri üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, bu yollarda il boyu yalnız “yırtıq yamamaq” işləri görülür. Yolların keyfiyyətindən oğurlanan pulları isə Ədalət bəy “səmərəli və təyinatı üzrə” istifadə etməyi yaxşı bacarır. Bildirilir ki, dövlətin ona etibar etdiyi vəzifəni xalqa ləyaqətlə xidmət etmək fürsəti kimi deyil, taleyin ona bəxş etdiyi varlanmaq girəvəsi kimi dəyərləndirən Ədalət bu ilin əvvəlində “Azəryolservis” ASC-də rəhbərlik dəyişikliyi baş verəndən dərhal sonra özünü paytaxta çatdırmış, vəzifəsini itirməyəcəyinə əmin olmaq üçün təcili və təxirəsalınmaz qabaqlayıcı tədbirlər görmüşdür. Bakı şəhərindəözünə müxtəlif profilli gəlir gətirən obyektlər açmış, bir sözlə, əsl iş adamı kimi biznes qurmuşdur. Bu cah-calalı müşahidə edəndə istər-istəməz xanım deputat Bahar Muradovanın dedikləri yada düşür və təsdiqləməli olursan: “Pul asfaltın altındadır”.
(Aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə