Mobil versiya
Novruz Məmmədovun kitabı türk dilində
Tarix: 21-10-2015 | Saat: 17:19
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovun “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı türk dilində çapdan çıxıb
Aia.azAZƏRTAC-a istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab konkret tarixi dövrü - Azərbaycanın müstəqillik yollarında ilk kövrək addımlarını atdığı 1993-cü ildən başlayaraq artıq mətinləşmiş və nüfuz qazanmış, müstəqil xarici siyasət kursuna malik, dünya ölkələri ilə bir cərgədə qətiyyətlə addımladığı müasir zəmanəmizədək olan dövrü əhatə edir.

Azərbaycanın xarici siyasət kursu necə və hansı şəraitdə müəyyənləşdirilib, ötən illərdə bu siyasət hansı təkamül mərhələlərindən keçib və qlobal geosiyasi dəyişikliklərə nə kimi reaksiyalar verib? Müəllif kitabda bu və digər suallara cavab tapıb, olduqca çətin və mürəkkəb məqamlarda dramatik dinamizmlə dolu həmin prosesi təhlil edib, ölkənin xarici siyasət kursuna, bu kursun real nəticələrinə müasir geosiyasi nəzəriyyələr kontekstində diqqət yetirib. Kitabın əsas məziyyətlərindən biri məhz geosiyasətin nəzəri və praktiki aspektlərinin qarşılıqlı vəhdətdə təhlil olunmasıdır.
Dörd fəsildən ibarət olan kitabın geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr olunmuş birinci fəsli müasir geosiyasi konsepsiyalardan bəhs edir. Sonrakı iki fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi meyillərin qarşılıqlı əlaqəsi prizmasından, güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisindən baxılır.
Müasir dövr yeni dünya nizamının təşəkkül tapması, geosiyasi təsiri olan çoxlu sayda ölkənin meydana çıxması ilə səciyyələnir. Müəllifin fikrincə, bizim üçün aktual məsələ Azərbaycanın bu prosesin harasında qərar tutması və həmin istiqamətdə mümkün yeniləşmə meyillərinə hazır olmasıdır. Novruz Məmmədov bununla bağlı mülahizələrini kitabın “Güclü dövlət konsepti və regional liderlik” adlı üçüncü fəslində oxucularla bölüşür.

Əsərin yekunu olan dördüncü fəsil isə xarici siyasətin prioritetlərinin bir-biri ilə əlaqəsinin təhlilinə həsr edilib. Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyinin dəstəyi ilə Berikan yayım evi tərəfindən çap olunan kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər problemlərini öyrənən tədqiqatçılarla yanaşı, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabı türk dilinə Cavid Abdullazadə tərcümə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024