Mobil versiya
“Bizim bayrağımız Şuşada dalğalanacaq” - İlham Əliyev
Tarix: 14-06-2017 | Saat: 18:15
Bölmə:Gündəm / Manşet | çapa göndər

“Bizim bayrağımız Şuşada dalğalanacaq” - İlham Əliyev

Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik edirəm. Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Siz, bu kənddə yaşayan insanlar kəndin tarixini yaxşı bilirisiniz. İndi isə bütün Azərbaycan Cocuq Mərcanlının tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Kəndin Azərbaycan tarixində xüsusi yeri var. Siz bilirsiniz ki, Cocuq Mərcanlı bir neçə ay ermənilərin işğalı altında qalıb, həmin müddətdə kəndi dağıdıblar. Bütün binaları sökmüşdülər, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı, Horadiz qəsəbəsi işğaldan azad olundu.

Cocuq Mərcanlıda yaşamaq riskli və təhlükəli idi. Buna baxmayaraq, siz sakinlər burda yaşayırsınız. Ötən il aprel döyüşlərində erməni təxribatının qarşısını alanda Azərbaycan Ordusu uğurlu əks-tədbir əməliyyatı keçirdi. Minlərlə hektar Azərbaycan torpağı işğaldan azad edildi. Lələ Təpənin azad edilməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz yaşayış təmin olundu. Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq”.

İlham Əliyev əlavə edib ki, növbəti mərhələdə Cocuq Mərcanlıda əlavə evlər tikiləcək: “100 ev, bəlkə də, ondan da çox evin tikilməsi nəzərdə tutulub. Tibb məntəqəsi, yeni iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Əminəm ki, Cocuq Mərcanlı əhalinin gələcək həyatı xoşbəxt, uğurlu olacaq. Kənd sakinləri bura qayıdandan sonra burda həyat daha da canlanacaq”, - deyə, İ.Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, Cocuq Mərcanlı Azərbaycan ordusunun uğurlu əks-hücumu nəticəsində azad olunub: “Bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordulardan biridir. Azərbaycanda ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Son illər bu istiqamətdə böyük uğurlar əldə edilib. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Lazım olan ən müasir silah-sursat, texnika alınır. Eyni zamanda ölkəmizdə bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir. Bunun nəticəsidir ki, keçən ilin aprelində erməni təxribatına Azərbaycan ordusu layiqli cavab verib. Üç rayon ərazisinin bir hissəsi işğalçılardan azad edildi. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əməliyyat nəticəsində bu kəndə yeni həyat qayıdır, köçkünlər kəndə dönür. Onlar 20 ildən çoxdur ki, Vətənə, doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, yüzlərlə gənc Cocuq Mərcanlını görməyib. Ancaq bura qayıtmaq arzusu ilə yaşayıb. Həmin gün gəldi”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024