Mobil versiya
Marşrut avtobuslarının daimi problemi: Siqaret, telefon...
Tarix: 31-05-2017 | Saat: 16:36
Bölmə:Media | çapa göndər

Marşrut avtobuslarının daimi problemi: Siqaret, telefon...




Bu gün ictimai nəqliyyatdan istifadə şəxsi avtomobillə müqayisədə daha əlverişli olsa da, bu sahədə olan bir çox problemlər insanları narahat edir. Təbii ki, bu sıraya nəqliyyat vasitəsindən düzgün istifadə edilməməsi, həddindən artıq sıxlıq, sürücülərin qeyri-etik davranışları və s. daxildir. Hazırda havaların isinməsi ilə əlaqədar ən ciddi problemlərdən biri də avtobusların içində havasızlığın hökm sürməsidir. Hətta bir çox avtobuslarda ən sadə qorunma vasitəsi olan pərdələrdən belə istifadə olunmur. Nəticədə günəşin qızmar şüaları salonun içində əyləşən sərnişinləri çıxılmaz vəziyyətə salır. Sürücülərin sərnişinlərlə dolu olan avtobusda siqaret çəkməsi də ciddi narahatlığa və narazılığa səbəb olan problemlərdəndir. Məsələ ilə bağlı qadağa və qınaqlar olsa da, ancaq problem hələ də tam həllini tapmayıb. Sərnişinlərlə apardığımız kiçik sorğu nəticəsində problemdən əziyyət çəkənlərin sayının kifayət qədər olduğunu müşahidə etdik. Üstəlik, sürücüyə siqaret çəkməsi ilə bağlı irad bildirən sərnişinlər bəzən təhqirlə, dava-dalaşla üzləşirlər.

Sərnişinlər nədən narazıdırlar?

Milli.Az xəbər verir ki, sərnişin Kəmalə İbadova report-a açıqlamasında bildirib ki, tüstüyə qarşı çox həssas olduğundan siqaretin iyindən çox narahatlıq keçirir: "Əsas da sürücünün arxa oturacağında əyləşəndə vəziyyət çıxılmaz olur. Bir az uzaq məsafə getdiyimdən sürücülərin əksəriyyəti yolboyu bir neçə dəfə siqaret çəkir. Guya pəncərəni açıq qoyur. Amma külək bütün tüstünü avtobusun içinə, bizim ciyərlərimizə doldurur. İrad bildirməyin isə heç bir mənası yoxdur. Sürücülər ya baş üstə deyib bildiyini edir, ya da əksinə qəzəblənib yenə də siqaretini tüstülədir".

Sərnişin Musa Əliyev isə deyib ki, uzun illərdir siqareti tərgitsə də, amma avtobusa minəndə bu zəhərli tüstünü udmaq məcburiyyətində qalır.



Avtobus sürücüləri məcburi şəkildə təlimə cəlb olunacaqlar

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev "Report"a vurğulayıb ki, bu problemin qarşısını almaq üçün mütəmadi olaraq daşıyıcılarla iş aparılır: "Sürücülər üçün qoyulan tələblərdən biri də sərnişin avtobusunu idarə edərkən siqaret çəkməmələri ilə bağlıdır. Hər zaman daşıyıcılarla bu istiqamətdə iş aparılır. Biz də 141 Çağrı Mərkəzinə bu cür hallara yol verən sürücülərlə bağlı məlumat daxil olanda daşıyıcı şirkətə məlumat veririk və onun barəsində tədbir görülür. Sərnişin bu halları görəndə etirazını bildirməlidir. Bir çox məsələlərlə bağlı məhz yerində ictimai qınaq vasitəsilə mübarizə aparılsa daha effektiv olar. Biz də dövlət qurumu olaraq öz səlahiyyətlərimiz çərçivəsində işimizi görürük. Amma sürücü ilə daim təmasda olanlar sərnişinlərdir".

Onun sözlərinə görə, bu gün kartla işləyən avtobuslarda kameralar işlək vəziyyətdədir və belə marşrutlarda sürücülər siqaret çəkə, telefonla danışa bilmirlər: "İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, avtobusda siqaret çəkən sürücülər üçün 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur. Heç bir şey sürücünün salonda siqaret çəkməsinə bəhanə ola bilməz. Sürücünün 8 saatlıq iş rejimi var. Bunun müəyyən olunmuş fasilə rejimi də var. Sürücülərin salonda siqaret çəkməməsi üçün iş rejimi daşıyıcı şirkət, dispetçerlər tərəfindən tənzimlənməlidir. Çünki salonda siqaret çəkmək qadağan olmaqla yanaşı, həm də etik qaydalara sığmır. Övladımız evdə olanda siqaret çəkmiriksə, sərnişinlərə qarşı da bu cür diqqətli olmalıyıq".

M.Ağayev qeyd edib ki, agentlik sürücülərin peşəkarlığının artırılması, sərnişinlərlə münasibətdə etik davranış qaydalarına maksimum dərəcədə əməl olunması ilə bağlı artıq konkret addımlar atmağa başlayıb: "Sürücü təlim mərkəzi yaradılıb. Bir müddət sonra ictimai nəqliyyatda çalışan bütün sürücülər məcburi şəkildə həmin təlim mərkəzində təlimlərə cəlb olunacaq".



Siqaret tüstüsü çəkəndən çox ətrafdakılara ziyan vurur

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev bildirib ki, siqaret çəkmək ilk növbədə sürücünün diqqətini yayındıra, tüstü onun gözlərinin önünü tuta da bilər: "Siqaretin tüstüsü onu çəkəndən çox ətrafdakılara ziyan vura bilər. Sürücülər iddia edirlər ki, guya tüstü yanlarında olan pəncərədən bayıra çıxır. Amma belə deyil. İstər-istəməz tüstü bütün salona yayılır. Əhalinin işdən çıxdığı vaxtlarda avtobusda sıxlıq o qədər olur ki, sürücünün ətrafı dolu olur. Onun çəkdiyi bir siqaret onlarla adama mənfi təsir göstərir. Siqret tüstüsü qadınlara daha pis təsir edir. Tibbi nöqteyi-nəzərdən siqaret çəkən insan özü ilə bərabər, bəlkə də daha çox ətrafındakılara zərər vurur. Yanmış tütün ciyərə çəkilib buraxıldıqdan sonra çıxan tüstü ətrafa daha çox ziyan vurur. Bundan başqa avtobusda daim siqaret çəkiləndə iy artıq oturur. İçəri daxil olanda xoşagəlməz qoxu olur, bu da sərnişinlərin üzərinə hopur".

Həkim deyib ki, sərnişinlərdən biri sürücüyə siqaret çəkməsi ilə bağlı irad tutanda bəzən qarşı tərəf onu təhqir də edir: "Bu problemi də ən çox cavan sürücülərdə müşahidə etmişəm. İşə 45-60 yaşlı təcrübəli sürücülər alınsa daha yaxşı olar. Çünki onlar daha səbirlidir, insanlarla ünsiyyəti də yüksək səviyyədə olur. Xüsusilə Bakı kəndlərinə gedən avtobuslarda siqaret çəkmə halları daha çox olur. Yaxşı olar ki, insanları işə götürəndə hansı aralıqlarla siqaret çəkdiyi ilə bağlı sorğu aparılsın. Daha gec-gec siqaret çəkən insanları işə götürmək, onların sonradan işdən çıxarılmasından daha yaxşıdır".

İ.Əfəndiyev kartla işləyən avtobuslarda neqativ halları müşahidə etmədiyini söyləyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024