Mobil versiya
"Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirəcək" - Deputat
Tarix: 19-05-2017 | Saat: 15:36
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirəcək" - Deputat



“Həmsədrlərin Dağlıq Qarabağ probleminə yanaşması Ermənistanın işğalçı siyasətinin davam etməsinə şərait yaradır”.

Bunu AzVision.az-a Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 18 may 2017-ci il tarixli bəyanatına münasibət bildirən deputat hesab edir ki, bu, yeni mərhələ deyil.

“Təəssüflər olsun ki, dünya ictimaiyyəti, aparıcı dövlətlərin rəhbərləri beynəlxalq hüquqsuzluğun qələbə çalmasını dəstəkləyir. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır. Bu gün də Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərində dayanıb.

ATƏT-in Minsk qrupu çərçivəsidə heç bir danışıqlar getmir. Heç bir həmsədr ölkə rəhbəri bununla bağlı birmənalı mövqe ortaya qoymur. Təbii ki, bunların hamısı Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə şərait yaradır. Bu şəraitə də müxtəlif təşkilatlar, qurumlar “doğru” donu geyindirmək üçün bütün imkanlarını səfərbər edirlər. Hesab edirəm ki, bütün bunların başında dayanan, hər bir həmsədr dövlətdə olan erməni lobbisidir. Bu baxımdan narahatedici amil ondan ibarətdir ki, həmsədr ölkələrin dövlət siyasəti Ermənistanın işğalçı siyasətinə dəstək olur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova kimi təxribatçı adamlar öz şəxsi maraqları naminə bütün etik normalardan kənar mövqe sərgiləyir”.

R.Rzayev qeyd edib ki, ermənilər digər dövlətlərin dəstəyini əldə etdikdən sonra digər ölkələrin imkanları hesabına özlərini qəhrəman kimi qələmə verə bilirlər: “Düşünürəm ki, özünə hörmət edən dövlət, xalq digər dövlətin imkanlarından belə istifadə etməz. Təəssüf ki, coğrafi mövqeyimiz elədir ki, biz Ermənistanla bir yerdə yaşamağa məhkumuq və ermənilərin öz xalqına qarşı belə fırıldaq, yalançı siyasət yürütməsinin ağır nəticələrini görürük. Sərhəd bölgələrimizdə, təmas xəttində problemlər yaşanır, işğal faktoru davam etdirilir. Azərbaycan ərazilərindən işğalçı ordu çıxmır və onu çıxarmağa məcbur etmirlər. Bu problemlər yaxşı heçnə vəd etmir. Ona görə də həmsədrlər müxtəlif vasitələrlə, üsullarla işğal faktını gizlətməyə çalışırlar. Belə bəyanatların da verilməsi bundan qaynaqlanır. Buna görə çox narahatam. Heç istəmirəm ki, danışıqlar prosesi sona doğru getsin”.

Millət vəkili hesab edir ki, ərazi bütövlüyümüzün bərpası mütləq qaydada danışıqlar yolu ilə olmalıdır: “Əks halda bölgədə böyük problemlər yaşana bilər. Bunu böyük dövlətlər başa düşməli, qiymətləndirməlidir və ona müvafiq qərar qəbul etməlidir. Amma, ermənilərin dəstəyi çox olduğuna görə, biz hələ də gözləyirik. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ona gətirib çıxaracaq ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatı keçirəcək. Bu zaman isə xoşagəlməz hadisələr yaşanacaq. Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Buna heç kimin şübhəsi olmasın. Amma, yaxşı olar ki, biz bunu sülh yolu ilə edək. Təxribatçı, terrorçu, səhra komandiri düşüncəli Serj Sarkisyana belə dəstəyin nəticəsi gözlənilməz sonluqla yekunlaşacaq”.

Qeyd edək ki, Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hesab edir ki, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.

H.Hacıyevin sözlərinə görə, Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-ə yaxın Laçın sakini 25 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024