Mobil versiya
"Heydər Əliyev ziyalıları həbslərdən qurtarıb" - Mədət Quliyev
Tarix: 03-05-2017 | Saat: 15:07
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Heydər Əliyev ziyalıları həbslərdən qurtarıb" - Mədət Quliyev



“Azərbaycanın dövlət müstəqilliyi uğrunda müstəsna rolu olan ümummilli lider Heydər Əliyev bütün sahələri inkişaf etdirib. Ulu öndər xüsusi xidmət orqanlarının formalaşmasında böyük əmək sərf edib. Heydər Əliyev gələcək nəsillər üçün məktəb yaradıb”.

Bunu bu gün Bakıda “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında çıxışı zamanı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sədri, general-leytenant Mədət Quliyev deyib.

DTX rəisi bildirib ki, Heydər Əliyev ölkənin təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti aparıb, kadrların hazırlanmasında mühüm rol oynayıb: “Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxan qüvvələr var idi. Amma o, bu siyasəti davam etdirib. Heydər Əliyev ziyalıları milli ideyalara görə təzyiqlərdən, həbslərdən qurtarıb. Ulu öndərin təhlükəsizlik orqanlarında əməliyyat təcrübəsi bu gün də öyrənilir, şəxsi heyətə aşılanır. O dövrdə torpaqlarımızın ermənilərə verilməsinin qarşısının alınması, ana dilimizin qorunmasında Heydər Əliyevin rolu böyük olub. Onun apardığı siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ulu öndərin fəaliyyəti sadə dövlət etalonudur. Onun apardığı siyasəti gənclərə öyrətmək lazımdır”.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Heydər Əliyevin xidmətlərindən danışıb: “Heydər Əliyevin şah əsəri olan, uğrunda mübarizə apardığı Azərbaycan inkişaf edir. O, həyatı boyunca bir çox ilklərə imza atıb. Bunların ən əsası Azərbaycan dövlətinin müstəqilliyidir. Azərbaycan dünyanın nəqliyyat şəbəkəsinə çevrilib. Heydər Əliyev Azərbaycanın ziyalı nəslini himayə edib. Onun təşəbbüsü ilə yüzlərlə gənc Rusiyada və Ukraynada təhsil almağa göndərilib. Onun fəaliyyəti nəticəsində sovet ordusunda azərbaycanlı zabitlərin sayı artdı, sonra həmin zabitlər müstəqillik illərində fəallıq göstərdilər. O rəhbərliyi ilə təhsil, səhiyyə sistemi inkişaf etdi, milli kadr potensialı yarandı. 1990-cı illərdə Azərbaycan xalqını yox olmaq təhlükəsindən qorudu. Milli təhlükəsizlik sistemində çalışan digərlərinin əməyini inkar etmirik. Bu faktdır ki, Heydər Əliyevin gəlişi ilə təhlükəsizlik sistemi milliləşdi. Ümummilli liderin yaratdığı siyasət bu gün İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda siyasi sabitliyin qorunması əsas məsələdir. Burada təhlükəsizlik orqanlarının əməyi böyükdür”.

Qeyd edək ki, konfrans Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə