Mobil versiya
Milli Məclisdə Azərbaycan Prezidentinin YAP-ın VIII qurultayında regional inkişaf və yerli özünüidarəetmə sahəsində qarşıya qoyduğu vəzifələrə dair konfrans keçirilib -Fotolar
Tarix: 21-10-2026 | Saat: 19:16
Bölmə:Gündəm / Parlament | çapa göndər

Milli Məclisdə Azərbaycan Prezidentinin YAP-ın VIII qurultayında regional inkişaf və yerli özünüidarəetmə sahəsində qarşıya qoyduğu vəzifələrə dair konfrans keçirilib

Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfrans keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbir iştirakçılarını salamlayaraq, vurğulayıb ki, konfransda ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdən olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul olunan qərarlardan, xüsusilə Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışından irəli gələn məsələlər geniş müzakirə olunacaq.

Birinci vitse-spiker bildirib ki, Qurultayda ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin bu günü və gələcək inkişafı baxımından bir çox önəmli mesajlarla yadda qalıb. Əli Əhmədov qlobal dünyada və həyatımızda ciddi dəyişikliklərin baş verdiyini, bu dəyişikliklərin bütövlükdə bəşəriyyət üçün mühüm bir keçid dövrünü əks etdirdiyini diqqətə çatdırıb. O, həyatın bütün sahələrində müşahidə olunan texnoloji keçid, o cümlədən rəqəmsal inkişaf, süni intellektin tətbiqi ilə bağlı məqamları qeyd edib, ideoloji baxımdan əvvəlki nəzəriyyələrin yeni cərəyanlarla zənginləşərək dünyanın siyası mənzərəsini dəyişdiyini söyləyib.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkə Prezidenti İlham Əliyevin öz nitqində bu qlobal dəyişikliklərlə əlaqədar Azərbaycanın gələcəyinin təmin olunması və qorunması ilə bağlı başlıca məqamları diqqətə çatdırdığını vurğulayıb. Bildirib ki, dövlət başçımızın Qurultayda milli təhlükəsizliyin və identikliyin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi və dünya iqtisadi sistemində Azərbaycanın yerinin möhkəmləndirilməsi, insanların rifahının daha da yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi ilə əlaqədar müəyyən etdiyi vəzifələr ölkəmizin gələcək inkişaf strategiyasının əsas yol xəritəsini təşkil edir. O, bu nöqteyi-nəzərdən bugünkü konfransın Prezident İlham Əliyevin regional inkişaf və yerli özünüidarəetmə sahəsində irəli sürdüyü öhdəliklərin təhlili və təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən regional inkişaf strategiyasının əhəmiyyəti diqqətə çatdırılaraq, yerli özünüidarəetmə orqanlarının qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün məsuliyyətli yanaşmanın vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov konfransın mövzusunun aktuallığını qeyd edərək, regionların sosial-iqtisadi inkişafının qarşıda duran əsas vəzifələrdən olduğunu deyib. O, konfransın keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya öz təşəkkürünü bildirib.
Komitə sədri bildirib ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın keçmişi, bu günü və gələcəyinə dair məsələləri ətraflı təhlil edib. Dövlət başçısı çıxışında mühüm mesajlar səsləndirərək hər bir Azərbaycan vətəndaşı, xüsusilə də partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirib.
O, tarixi keçmişə nəzər salaraq bildirib ki, Ulu Öndər, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə iqtisadi inkişaf və ictimai-siyasi sabitlik təmin edilib, ordu quruculuğu uğurla həyata keçirilib. Qeyd edilib ki, məhz həmin dövrdə atılan strateji addımlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün möhkəm təməl yaradıb.

Siyavuş Novruzov Qurultayda Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məsələlərə nəzər yetirdiyini bildirib. Komitə sədri bu baxımdan Azərbaycanın bütün bölgələrində müşahidə olunan quruculuq işlərindən, o cümlədən əhalinin regionlara qayıdışı, yeni iş yerlərinin yaradılması kimi vacib məsələlərdən bəhs edib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, infrastrukturun müasir standartlara uyğun yeniləndiyini, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və rahat qayıdışının təmin edildiyini söyləyib.

Komitə sədri, habelə Prezident İlham Əliyevin Qurultayda sosial şəbəkələrdə, internet resurslarında süni intellektdən istifadə edilərək Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, deputatların keçirdikləri görüşlərdə seçiciləri həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırdığını, o cümlədən bələdiyyə əməkdaşlarının ölkə başçısının mesajlarının vətəndaşlara çatdırılmasında xüsusi rolunu qeyd edib.
Konfransda parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaydakı çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, regionlarda məşğulluğun təmin edilməsində və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib.

Komitə sədri Azərbaycanın regional inkişaf modelinin, Azərbaycan iqtisadiyyatının və kənd təsərrüfatının yüksəlişinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ümummilli liderin regionların, kənd təsərrüfatının, aqrar sektorun inkişafına böyük önəm verdiyini, onun rəhbərliyi ilə bu sahədə mühüm islahatların həyata keçirildiyini bildirib. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin fəaliyyətini yüksək qiymətləndirdiyini xüsusi qeyd edib. O diqqətə çatdırıb ki, Ulu Öndərin regional inkişaf modelinə arxalanan Prezident İlham Əliyev 2004-cü ildə imzaladığı “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ilə regional inkişafın strategiyasını müəyyənləşdirdi və qarşıya qoyulan vəzifələrin uğurlu həllinə nail oldu.
Tahir Rzayev regional inkişafda, iqtisadi sahədə aqrar sektorun mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb. Dövlət başçımızın cari il may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qarşıya qoyulan məqsəd və hədəflərin gələcək perspektivlərə hesablandığını söyləyib. Bildirilib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan əsas vəzifələr bilavasitə regional inkişafın sürətləndirilməsinə, davamlı və dayanıqlı milli iqtisadiyyatın gücləndirilməsinə xidmət edir. Məqsəd aqrar sektoru inkişaf etdirməklə ərzaq təhlükəsizliyini təmin etmək, məhsuldarlığı və istehsalı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, dövlət dəstəyini artırmaq, əhalinin kənddə qalıb işləməsinə şərait yaratmaqdır.

Komitə sədri, habelə regional inkişaf, aqrar sektorun iqtisadiyyatda rolunun artırılması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyindən danışıb. Son vaxtlarda Milli Məclisdə yeni qanunların qəbul edildiyini, “Məhsul şəhadətnaməsi haqqında” qanunun müzakirə olunduğunu, “Aqrar sahə haqqında” qanunun dinləmə formatında geniş müzakirə edildiyini deyərək, bu sənədlərin aqrar sahə, regional inkişaf, sahibkarlığa dəstək, məşğulluğun artırılması üçün geniş imkanlar yaratdığını söyləyib.

O, həmçinin, ölkə Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafı, iqtisadi və maliyyə sabitliyinin bu gün bizim çox ciddi uğur amilimiz olması ilə bağlı fikirlərini xatırladıb. Qeyd edib ki, bu uğurların möhkəmləndirilməsində, regional inkişafın sürətləndirilməsində yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Bələdiyyə orqanlarında islahatların aparılmasının, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinin günün tələbi olduğunu deyib. Komitə sədri dövlətin yerli özünüidarəetmə orqanlarına göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirib. Milli Məclis rəhbərliyinin bələdiyyə institutunun hüquqi bazasının təkmilləşdirilməsi sahəsində təşəbbüslərini təqdirəlayiq hesab edib.

Sonra Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında iqtisadi inkişaf, maliyyə sabitliyi, investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyi və makro layihələr ilə bağlı istiqamətlər haqqında” çıxış edib.

O, ölkə Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışında dayanıqlı inkişafın təmin edilməsinin, eyni zamanda, balanslı və davamlı iqtisadi tərəqqiyə nail olunmasının əsas hədəflərdən biri kimi göstərildiyini vurğulayıb. Qeyd edib ki, Prezident tərəfindən müəyyənləşdirilmiş hədəf həm də ondan ibarətdir ki, iqtisadiyyat dayanıqlı olmaqla yanaşı, eyni zamanda inklüziv olmalıdır və bu, son illər həyata keçirilən iqtisadi fəaliyyətdə və aparılan islahatlarda da özünü göstərir.

Deputat ölkədə makro-iqtisadi sabitliyin qorunması sahəsində həyata keçirilən işlər barədə söhbət açıb. O nəzərə çatdırıb ki, hazırda regionların ümumi daxili məhsuldakı payı bütövlükdə ölkə üzrə formalaşan dəyərin üçdəbiridir. Amma bununla belə, qeyri-neft-qaz ÜDM-də regionların payında kəskin artımlar müşahidə olunur. Yalnız 2025-ci ildə Azərbaycanda həyata keçirilən sərmayə qoyuluşlarının 47,5 faizi regionların payına düşüb. Bu, 2025-ci ildə regionlara 10 milyard manatdan artıq sərmayə qoyuluşunun həyata keçirilməsi anlamına gəlir. Bildirilib ki, son 23 ildə - Prezident İlham Əliyevin dövlət başçısı olduğu müddətdə, regionların inkişafına 110 milyard manatdan artıq sərmayə qoyuluşu həyata keçirilib.
O, işğaldan azad olmuş ərazilərə Zəfərdən sonra 26 milyard manat sərmayə qoyuluşunun həyata keçirildiyini söyləyib. Yalnız işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə deyil, eyni zamanda digər bölgələrin inkişafı üçün də sərmayə qoyuluşunda artımların olduğunu deyib. Həmçinin, Azərbaycanın qeyri-neft-qaz sektorunda aqrar sahə üzrə ixracın artdığının müşahidə olunduğunu qeyd edib.

Vüqar Bayramov bildirib ki, bələdiyyələrin inkişafı regionların inkişafı baxımından çox vacibdir. Xüsusilə bələdiyyələrin maliyyə mənbələrinini diversifikasiyası, şaxələndirilməsi vacib məqamlardandır. O, bələdiyyələrin müstəqilliyinin regional inkişafa dəstəyin artırılması baxımından önəmli olduğunu deyib.

Bununla yanaşı, qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qurultayda müəyyənləşdirdiyi strateji istiqamətlərdən biri də investisiya mühitinin yaxşılaşdırılması, islahatların dərinləşməsi ilə bağlıdır və bu, xüsusilə qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə imkan yaradır.
Millət vəkili vurğulayıb ki, makro-iqtsadi göstəricilərin yaxşılaşdırılması və bu sahədə stabilliyin qorunması, habelə regionların inkişafı ilə bağlı ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələr daha uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatının dayanıqlığının saxlanılmasına imkan verəcək.
Sonra tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “Yerli özünüidarəetmənin inkişafı və bələdiyyələr qarşısında duran vəzifələr və çağırışlar” mövzusunda çıxış edib.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji vəzifələrə toxunaraq, güclü dövlət, dayanıqlı iqtisadiyyat və sürətli quruculuğun ölkənin inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, regionların tarazlı və dayanıqlı inkişafında mühüm rol oynayan bələdiyyələr yerli səviyyədə dövlətin regional siyasətini tamamlayan vacib mexanizmdir.

Çıxışda bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli infrastrukturun inkişafı, sosial müdafiə, ətraf mühitin qorunması və bələdiyyə torpaqlarından qanunauyğun istifadənin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin torpaq vergiləri və icarə haqlarının düzgün hesablanması, yerli büdcə gəlirlərinin artırılması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edilib.

O bildirib ki, bələdiyyələrin maliyyə dayanıqlılığının artırılması yerli əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsi və əhalinin gündəlik tələbatlarının qarşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə nazirlik tərəfindən müvafiq təhlillər aparılır, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması və yerli büdcə gəlirlərinin genişləndirilməsi məqsədilə tədbirlər görülür. Ötən illə müqayisədə yerli büdcə gəlirlərində artımın qeydə alındığı da vurğulanıb.

Çıxışda bələdiyyələrin quruculuq və abadlıq işlərinə, sağlam ətraf mühitin yaradılmasına verdiyi töhfələr qeyd olunub. Eyni zamanda, müasir texnologiyaların tətbiqi, bələdiyyələrin informasiya sistemlərinin təkmilləşdirilməsi və inzibati nəzarət vasitəsilə onların fəaliyyətində operativliyin və şəffaflığın artırılmasının prioritet istiqamətlər olduğu bildirilib.

Daha sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, parlamentin komitə sədrləri Hicran Hüseynova, Musa Quliyev, Şahin İsmayılov, Anar İsgəndərov, deputatlar Tahir Mirkişili, Vüqar Rəhimzadə, Kamran Bayramov, Məzahir Əfəndiyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış ediblər.

Çıxışlarda dövlət başçımız İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində dövlətimizin keçdiyi tarixi inkişaf yolu, YAP-ın fəaliyyəti, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və ölkəmizin yeni tarixi mərhələdə əldə etdiyi nailiyyətlər barədə ətraflı bəhs etdiyi, partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyi vurğulanıb.

Qeyd edilib ki, dövlət başçısı çıxışında Azərbaycanın siyasi kursunun dəyişməz prinsipləri olan dövlətçilik ənənələrinin qorunmasının, siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsinin, güclü hərbi potensialın formalaşdırılmasının və milli imkanlardan səmərəli istifadənin əhəmiyyətini diqqətə çatdırıb. Bununla yanaşı, ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıdığı, milli maraqların və dövlətçilik dəyərlərinin qorunmasının strateji prioritet olduğu bildirilib.

Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi və ailə dəyərlərinin, adət-ənənələrin təbliği, dövlətçilik ənənələrinə sədaqətin gücləndirilməsi və cəmiyyətin ideoloji bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə mühüm məsuliyyət düşdüyü qeyd edilib.
Həmçinin bələdiyyələrin yerli səviyyədə maarifləndirmə işinin təşkilində, milli-mənəvi dəyərlərin təbliğində və vətəndaşların ictimai fəallığının artırılmasında rolunun gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirə yekun vuran Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov konfransın səmərəli keçdiyini bir daha vurğulayaraq, müzakirə olunan məsələlərin yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Bununla belə, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasının, yerli idarəetmədə şəffaflığın və hesabatlılığın gücləndirilməsinin, eləcə də əhali ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Konfransda Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, deputatlar Elşən Musayev, Səttar Möhbalıyev, Aydın Mirzəzadə, Vasif Qafarov, Mübariz Qurbanlı, Azər Badamov, Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov, parlament Aparatının şöbə müdirləri Hacı Mirhəşim Seyid, Adil Vəliyev, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2026