Mobil versiya
Azər Kərimli: “Siyasi səviyyədə əldə olunan qarşılıqlı anlaşmalar iqtisadi, humanitar və digər sahələrdə konkret təşəbbüslərlə tamamlanmalıdır”
Tarix: 13-10-2026 | Saat: 18:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Siyasi səviyyədə əldə olunan qarşılıqlı anlaşmalar iqtisadi, humanitar və digər sahələrdə konkret təşəbbüslərlə tamamlanmalıdır”

“Azərbaycanın Cənub-Şərqi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafına diqqət yetirməsi xarici siyasətinin coğrafi əhatəsinin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm istiqamətdir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri də məhz bu kontekstdə diqqət çəkir. Oktyabrın 13-də iki ölkənin dövlət başçılarının görüşü və mətbuata bəyanatlarla çıxış etməsi münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli siyasi hadisədir. Azərbaycanın dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların uzlaşdırılması prinsiplərinə üstünlük verməsi uzaq coğrafiyalarda yerləşən ölkələrlə də etibarlı tərəfdaşlıq qurmağa imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq əlaqələrini şaxələndirməklə yanaşı, müxtəlif siyasi və iqtisadi məkanlarla qarşılıqlı fəaliyyət üçün əlverişli zəmin formalaşdırır.”

Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında səsləndirib.


Millət vəkili bildirib ki, münasibətlərin perspektivləri sırasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi xüsusi yer tutur: “Əvvəlki təmaslarda da vurğulandığı kimi, iki ölkə arasında siyasi münasibətlərin müsbət səviyyəsi iqtisadi əməkdaşlığın daha fəal inkişafı üçün əsas yaradır. Lakin bu potensialın reallaşması üçün qarşılıqlı səfərlərin davam etdirilməsi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, tərəflərin bazar imkanları barədə məlumatlılığının artırılması vacibdir. İqtisadi tərəfdaşlığın möhkəmlənməsi yalnız ticarət dövriyyəsinin artması deyil, həm də yeni layihələrin, uzunmüddətli biznes əlaqələrinin və qarşılıqlı faydalı təşəbbüslərin meydana çıxması deməkdir. Turizm sahəsi də əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlərdəndir. Azərbaycan zəngin tarixi-mədəni irsi, müasir şəhər infrastrukturu və beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi ilə Asiya ölkələrindən gələn ziyarətçilər üçün maraqlı imkanlar təqdim edir. Laosla bu sahədə qarşılıqlı tanıtım tədbirlərinin təşviqi, turizm şirkətləri arasında əlaqələrin qurulması və insanların bir-birinin ölkəsi haqqında daha dolğun məlumat əldə etməsi münasibətlərin ictimai əsaslarını gücləndirə bilər. Xalqlar arasında birbaşa təmaslar siyasi dialoqun cəmiyyətlər səviyyəsində də möhkəmlənməsinə xidmət edir. Təhsil və humanitar əlaqələrin inkişafı da uzunmüddətli tərəfdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq, elmi və mədəni əlaqələrin genişləndirilməsi gənc nəslin bir-birinin tarixi, dili və ənənələri ilə tanışlığına imkan yaradır. Belə münasibətlər ölkələr arasında etimadın möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün yeni insan resurslarının formalaşmasına kömək edir. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkənin mövcud əlaqələrini yeni imkanlar baxımından nəzərdən keçirmək üçün əlverişli fürsətdir. Əsas məsələ siyasi səviyyədə əldə olunan qarşılıqlı anlaşmanın iqtisadi, humanitar və digər sahələrdə konkret təşəbbüslərlə tamamlanmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif regionlarla əməkdaşlığın inkişafına yönəlmiş siyasəti belə tərəfdaşlıqların qurulmasına və möhkəmlənməsinə əlverişli şərait yaradır. Azərbaycan–Laos münasibətlərinin gələcək inkişafı da qarşılıqlı maraqların düzgün müəyyənləşdirilməsindən, müntəzəm dialoqdan və razılaşdırılmış istiqamətlər üzrə ardıcıl fəaliyyət göstərilməsindən asılı olacaqdır” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2026