Mobil versiya
Azər Kərimli: “Cəbrayılın bugünkü siması Azərbaycan dövlətinin azad edilmiş ərazilərlə bağlı gələcək strategiyasını aydın şəkildə nümayiş etdirir”
Tarix: 01-10-2026 | Saat: 10:33
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “Cəbrayılın bugünkü siması Azərbaycan dövlətinin azad edilmiş ərazilərlə bağlı gələcək strategiyasını aydın şəkildə nümayiş etdirir”

“Vətən müharibəsinin hər bir uğurlu əməliyyatı Azərbaycanın tarixi Zəfər salnaməsində xüsusi yer tutur. Ancaq bəzi hərbi qələbələr var ki, onların nəticələri yalnız müəyyən bir ərazinin azad olunması ilə məhdudlaşmır, sonrakı hadisələrin gedişinə də birbaşa təsir göstərir. Cəbrayıl əməliyyatı məhz belə strateji əhəmiyyət daşıyan hərbi uğurlardan biri idi. 2020-ci ilin payızında bu istiqamətdə əldə olunan qələbə düşmənin uzun illər ərzində yaratdığı müdafiə sisteminin yarılmasını təmin etdi və Azərbaycan Ordusunun sonrakı hücumlarının miqyasını genişləndirdi. İşğal dövründə Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələri bir neçə xəttdən ibarət istehkam sistemi yaratmışdı. Bu mövqelərin yarılması Azərbaycan hərbçilərindən yüksək hazırlıq, böyük cəsarət və fədakarlıq tələb edirdi. Ordumuzun peşəkarlığı nəticəsində bu çətin vəzifə uğurla yerinə yetirildi. 27 sentyabrdan başlayan əks-hücum əməliyyatları zamanı Böyük Mərcanlı və Nüzgar kəndlərinin, ardınca digər yaşayış məntəqələrinin azad edilməsi Cəbrayıl istiqamətində tarixi dönüşün başlanğıcı oldu. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri düşməndən təmizləndi.
Cəbrayılın azad olunmasının hərbi-strateji əhəmiyyəti sonrakı əməliyyatların gedişində daha aydın göründü.”

Bu fikirləri 4 Oktyabr – Cəbrayıl şəhəri günü münasibətilə aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səslədirib.

Parlament üzvü bildirib ki, Azərbaycan Ordusu məhz Cəbrayıl qələbəsindən sonra Hadrut istiqamətində hərbi əməliyyatları genişləndirmək üçün yeni imkanlar qazandı: “Sonrakı mərhələdə Zəngilan və Qubadlının, daha sonra Laçın rayonunun cənub hissəsinin işğaldan azad olunması bütövlükdə Azərbaycanın hərbi üstünlüyünü möhkəmləndirdi. Beləliklə, Cəbrayıl əməliyyatı Vətən müharibəsində əldə olunan qələbələrin ardıcıllığını təmin edən mühüm strateji həlqələrdən birinə çevrildi. Bu tarixi qələbənin arxasında Azərbaycan xalqının möhkəm iradəsi, dövlətin siyasi qətiyyəti və Azərbaycan Ordusunun gücü dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya 44 gün ərzində ölkəmizin qarşısında duran ən mühüm milli məsələnin həllini təmin etdi. Cəbrayılın azad olunması da məhz bu strategiyanın uğurlu nəticələrindən biri kimi tarixə yazıldı. Cəbrayıl uğrunda döyüşlərdə iştirak edən hərbçilərin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirildi. “Cəbrayılın azad olunmasına görə” medalı ilə on minlərlə hərbi qulluqçunun təltif edilməsi həmin döyüşlərdə nümayiş etdirilən qəhrəmanlığın dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, həm də Cəbrayılın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgər və zabitlərinin gələcək nəsillərin yaddaşında yaşayacağının göstəricisidir. Bu gün Cəbrayıla fərqli prizmadan baxmaq mümkündür. Bir vaxtlar işğal nəticəsində viran qoyulmuş şəhər və kəndlər indi genişmiqyaslı bərpa proqramlarının həyata keçirildiyi ərazilərdir. Dövlətin qarşıya qoyduğu əsas məqsəd təkcə dağıdılmış infrastrukturu yenidən qurmaq deyil, həm də Cəbrayılı müasir yaşayış və iqtisadi inkişaf məkanına çevirməkdir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planının hazırlanması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası bu məqsədə xidmət edir. Böyük Qayıdış proqramı isə Cəbrayılın yeni tarixinin əsas istiqamətlərindən biridir. Uzun illər müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayan insanlar artıq mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. İlk köç karvanının Cəbrayıl şəhərinə yola salınması tarixi ədalətin bərpasının ən canlı ifadələrindən biri idi. Çünki torpağın azad edilməsi nə qədər mühüm tarixi hadisədirsə, həmin torpağa sahibinin qayıtması da bir o qədər böyük mənəvi və siyasi məna daşıyır. Cəbrayılın bugünkü siması Azərbaycan dövlətinin azad edilmiş ərazilərlə bağlı gələcək strategiyasını aydın şəkildə nümayiş etdirir. Burada sənaye zonaları yaradılır, enerji və nəqliyyat infrastrukturu qurulur, yeni yaşayış məntəqələrinin baş planları hazırlanır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun iqtisadi potensialının formalaşdırılmasına, yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verməkdədir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna müntəzəm səfərləri və həyata keçirilən layihələrə şəxsən diqqət yetirməsi quruculuq işlərinin xüsusi dövlət əhəmiyyətinə malik olduğunu göstərir. Azad edilmiş ərazilərin inkişafı ölkənin ümumi iqtisadi və sosial siyasətinin mühüm istiqamətinə çevrilib. Cəbrayıl isə bu siyasətin uğurlu nəticələrinin artıq görünməyə başladığı əsas məkanlardan biridir” – deyə, Azər Kərimli açıqlamasını sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2026