Mobil versiya
“Belə yasaq siqaret çəkənlərə qarşı təcavüzdür” – MÜSAHİBƏ
Tarix: 14-04-2017 | Saat: 18:08
Bölmə:Gündəm | çapa göndər

“Belə yasaq siqaret çəkənlərə qarşı təcavüzdür” – MÜSAHİBƏ



Rəşad Məcid: “Siqareti mənfi obrazda təqdim etmək doğru deyil”

"Qadınların da siqaret çəkməsinə tam sakit baxıram"

Son zamanlar siqaretlə bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Siqaretin bəzi yerlərdə qadağan edilməsinə qarşı çıxanlardan biri də “525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir. Məsələ ilə bağlı o, Modern.az-ın suallarını cavablandırıb.

-Rəşad müəllim, Milli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Tütün məmulatları ilə bağlı qanunun qəbul edilməsini necə dəyərləndirirsiz? Buna ehtiyac varmı?

-Yaxın ölkələrdə siqaretlə bağlı qanunlar mövcuddur. Azərbaycanda da bir neçə ildir ki, bu məsələ müzakirə predmetinə çevrilməkdədir. Bu baxımdan da qanunun qəbul olunması normaldır. Eyni zamanda, siqaret məsələsi dünyanın bir nömrəli problemi deyil. Dünyada o qədər problemlər var ki! İndiki şəraitdə insanlar əsəb gərginliyi yaşamaqdadır. Hətta mənfi halların baş verdiyi məqamlarda həkimlər siqaretin insanı müəyyən mənada infarktdan, insultdan qoruduğunu bəyan edir. Hansısa məqamda pis hadisə barədə xəbər eşidəndə siqaret çəkmək hardasa əsəbləri sakitləşdirir. O baxımdan siqareti mənfi obrazda təqdim etmək doğru deyil. Amma qanunun qəbul olunması təbiidir. Bu, dünyanın bir çox ölkələrində də mövcuddur. Xüsusilə, uşaqların siqaret çəkməsi barədə daha diqqətli olmaqla yanaşı, ciddi addımlar atılmalıdır.

-Amma bir çoxları siqaretin kütləvi çəkilməsi hallarından narahatdır. Ona görə də bir çox müəssisələrdə siqaretdən istifadə etmək məhdudlaşdırılıb. Bu, nə dərəcədə düzgün addımdır?

-Siqaret çəkən insanlara bu formada təzyiq etmək olmaz. Hava limanında siqaret çəkmək üçün heç bir yer yoxdur. Ən azından bir küncdə də olsa siqaretdən istifadə edənlər üçün şərait yaradılmalıdır. Təəssüf ki, Azərbaycanda belə bir sistem yoxdur. Bununla da siqaretdən istifadə edənlərin hüquqlarını məhdudlaşdırırlar. Sanki bu, siqaret çəkənlərə qarşı təcavüzdür. İnanıram ki, bir çox iaşə obyektlərinin, müəssisələrinin rəhbərləri siqaret çəkənlər üçün xüsusi yerlər ayıracaqlar. Düşünürəm ki, qanunda müəyyən məsələlər nəzərə alınacaq.

-Bu yaxınlarda deputat Aqil Abbasın siqaretlə bağlı fikirlərinə rast gəldim. Deyir ki, hansısa siqaret çəkən insanın həyat yoldaşını öldürdüyünü görməmişəm. Amma araq içənlər arasında belə hallar daha çox olur. Əslində, bu fikirlərdə nə dərəcədə həqiqətin olub-olmayacağını deyə bilmərəm. Sanki Azərbaycanda içkiyə xüsusi “yaşıl işıq” yandırılıb. Hətta bəzi televiziya ekranlarımız müxtəlif markalı içkilərin reklamına açıq şəkildə şərait yaradıb. Amma siqaret məsələsinə münasibət daha kəskin özünü göstərir.

-Ümumiyyətlə, tütünün və alkoqolun reklam olunmasının əleyhinəyəm. Mən də siz deyən kimi görüb təəccüblənirəm ki, niyə televiziyalarımız araq reklamına üstünlük verir? Təbii, bu, doğru deyil. Digər tərəfdən, spirtli içki insanın ağlını başından alan, onu coşduran bir vasitədirsə, tütün isə əksinə olaraq, insanı sakitləşdirən vasitədir. Dediyim kimi, əsəbin gərgin məqamında hansısa sakitləşdirici funksiyanı yerinə yetirir. Bu baxımdan tütün insanda aqressiya yaratmır. Sadəcə, tütün məmulatlarının azyaşlılar arasında yayılmamasına çalışmaq lazımdır. Azyaşlıların siqaret çəkməsi sonradan onların narkotik vasitələrə qurşanmasına aparıb çıxarır. Bunların qarşısı alınmalıdır.

-Digər bir məqama toxunmaq istəyirəm. Azərbaycanda xanımların siqaret çəkməsi də müzakirə mövzusuna çevrilib. Qonşu Türkiyə cəmiyyəti isə bu baryeri çoxdan aşıb. Hətta inanclı xanımlar belə, siqaretdən çox açıq və rahat şəkildə istifadə edir. Belə deyək də, Türkiyə cəmiyyəti artıq buna adaptasiya olub. Azərbaycanda isə xanımların siqaret çəkməsinə fərqli yanaşma mövcuddur. Bu nə ilə bağlıdır?

-Azərbaycanda lap qədimdən siqaret çəkən qadına əxlaqsız, tərbiyəsiz yanaşmaq düşüncəsi var. Bu. kökündən yanlış düşüncədir. Vaxtilə yaşlı nənələrimiz siqaretdən istifadə edib.

O baxımdan deyə bilərəm ki, siqaretin əxlaqa, tərbiyəyə aidiyyatı yoxdur. Siqaret çəkməyin 50%-i alışqanlıqdırsa, 50%-i adətdir. Elə insanlar var ki, onların iradəsi güclü olduğundan siqaretdən uzaq dura bilirlər. Elə insanlar da var ki, emosionaldırlar. Emosional olanda da neqativ halları özlərindən uzaqlaşdırmaq şəklində siqaretdən istifadə edirlər. Ona görə də qadınların da siqaret çəkməsinə tam sakit baxıram.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə