Mobil versiya
"Bizim market"lərin sahibi hədələndi: "Gələn dəfə gör nələr açıqlanacaq..."
Tarix: 05-04-2017 | Saat: 14:49
Bölmə:Media / Karusel | çapa göndər

"Bizim market"lərin sahibi hədələndi: "Gələn dəfə gör nələr açıqlanacaq..."



Bakı Ağır Cinayətlər Məhkəməsində daha biri irihəcmli dələduzluq işi üzrə məhkəmə prosesi başlayıb.

Bu dəfə hər şey bir ailənin - "Bizim market"lər şəbəkəsinin və Bakıdakı köhnə "Maşın bazarı"nın sahibi Rasim Salmanovun ailəsinin daxilində baş verib.

AİA.Az xəbər verir ki, virtualaz.org vermişdi ki, Rasim Salmanovun baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyev onun şikayəti əsasında həbs olunub. Bu qalmaqallı iş adamı arvadının bacısını və onun oğlunu "Bizim market"lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edir.

Sahib Quliyev "Bizim market" şəbəkəsinin maliyyə işlərinə nəzarət edib və həm istintaqa ifadəsində, həm məhkəmədə xalasının ərinin pullarını mənimsədiyini təsdiqləyib. Amma deyib ki, məbləğ Rasim Salmanovun dediyi kimi 4 milyon dollar deyil, azdır. Üstəlik mənimsəməni ona görə edib ki, Rasim Salmanov özü də düz adam deyil və S.Quliyevin dediyi kimi, müntəzəm olaraq iri məbləğdə vergidən yayınıb. Marketlər şəbəkəsinin dövriyyəsini aşağı göstərib, "qara mühasibatlıq" yaradıb və sahibi olduğu "Maşın bazarı"ından yığılan pulları da leqallaşdırmayıb. Habelə Rasim Salmanov Kanada və Türkiyədə milyonlarla dollarlıq əmlak alıb, özü də Kanada vətəndaşlığına malikdir.

Vergidən yayınma, Kanada və Türkiyədə mülklər

Salmanovun baldızının oğlu onun biznesindəki maxinasiyalardan danışaraq demişdi ki, "Bizim Market"lərin bank hesabı nənəsi Xanımbacının adına açılmışdı. Məqsəd isə vergidən yayınmaq idi. Sahib Quliyev demişdi ki, Salmanov marketlərin aylıq dövriyyəsindən 18 faizlik ƏDV-ni tam ödəmirdi. Pulları xaricə ötürüdü. "Mən gözümlə sənədləri görmüşəm ki, o, Kanadada aldığı torpaq sahəsi və mülk üçün 6 milyon ödəyib. Həmçinin Türkiyədə 11 milyona ev alıb", - təqsirləndirilən şəxs deyib.



Aprelin 4-də bu qalmaqallı iş üzrə növbəti məhkəmə dinləmələri keçirilib. İşə hakim Səbuhi Hüseynov baxır. Bu dəfə ifadə vermək növbəsi zərərçəkmiş qismində Rasim Salmanova çatıb, o, baldızının, baldızının oğlunun milyonlarla manatı mənimsəyib özlərinə dəbdəbəli yaşayış təmin etməsi haqda danışmağa başlayıb.

Salmanovun danışdıqlarına əsasən onlar əvvəllər "mehriban ailə" olublar. Baldızının oğlu Sahibi lap uşaqlıqdan tanıyıb, onların ailəsinə həmişə maddi dəstək verib. Baldızın əri vəfat etdiyi üçün onun ailəsini Salmanov himayəyə götürüb və Həcərin oğlu Sahibi də "lap öz oğlu kimi" çox istəyirmiş.

Sahib BDU-nun hüquq fakültəsinin məzunu olub, hərbi xidmətdən qayıdandan sonra Salmanov onu yanına işə götürüb. Əvvəl ayda 200 manat maaş verirmiş, sonra onu şirkətin maliyyə şöbəsinə işə keçirib və dediyinə görə, ayda 1500 manat maaş verib. Lakin Salmanov günlərin birində ayılıb ki, baldızı oğlu onun pullarını çapıb-talayır, bankdan şirkətə aid pulları çıxararaq anasına verir, yaxud özü eyş-işrətə xərcləyir.

"Bir gün həyat yoldaşım dedi ki, bacım çox pullu kişi tapıb, ərə gedir..."

"Bir gün həyat yoldaşım dedi ki, bacım çox imkanlı bir adama ərə gedir. Sonradan məlum oldu ki, yalan imiş. Gələcəkdə oğurlanan pulları bu yolla ört-basdır etmək istəyirlərmiş"-Salmanov məhkəmədə deyib.

Bu iş adamı deyir ki, qohumunun şübhəli davranışlarından 2015-ci ildə şübhələnib. Çünki Sahib Quliyev heç bir səbəb olmadan şirkətdən çıxmaq istəyirmiş və deyirmiş ki, bu işdə perspektiv görmür, Ali Məhkəmədə hakim köməkçisi işinə düzəlmək istəyir. Salmanov isə qohumunu yanından buraxmaq istəmir, ona ayda "10-15 min qazanc" vəd edir. Ancaq Sahib razılaşmır, işləri atıb gedəcəyini deyir. Və Salmanov "ayılır". Çünki həmin ərəfədə işçilərdən xəbərlər gəlirmiş ki, "Bizim market"lər şəbəkəsinə mal verən firmalara ödənişlər gecikdirilir.

"Sahib işləri başqa mühasibə təhvil verdikdən sonra onun işini yoxlatmağı tapşırdım. Yoxlama zamanı hər şey ortaya çıxdı. Məlum oldu ki, pulların böyük bir hissəsini mədaxil etməyib, kassadan çıxarıb öz evinə aparıb"-Salmanov deyib.

"Əlimdə səs yazısı var..."



Ailə üzvlərinin xəyanətinə məruz qalmış iş adamı deyir ki, yoxlamalar zamanı Sahibin milyonlarla manat mənimsədiyi üzə çıxıb: "O vaxt mən Kanadada, qızımın yanında idim. Qayıdandan sonra audit təşkil etdim. 2015-ci il dekabrın 2-də getdim Həcərin yanına. Oğlunun oğurladığı pullardan nə qədər geri qaytara biləcəyini soruşdum. Çox həyəcanlı idim. Doğrunu sübut etməyə çətinlik çəkirdim. Ona görə də aramızda olan söhbətin hamısını yazdım. Əlimdə səs yazısı var, təqdim edə bilərəm. Baldızımdan soruşdum ki, xəbərin varmı oğlun kassadan külli miqdarda pul götürüb? Dedi, ola bilməz. Sonra yalvardı, bu işi açıb-ağartmamağı, Sahibi polisə verməməyi xahiş etdi. Ona pulları yerinə qoymaq lazım olduğunu söylədim. Əvvəl Sahib dedi ki, 450 min manat götürüb, dedim pul çoxdur, o qədər deyil. Sonra dedi ki, vergi məni sıxırdı, 900 min manat götürmüşəm. Yoxlatdırdım, vergiyə bir manat ödəməmişdi".

Salmanov nəql edib ki, baldızına oğlundan Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edəcəyini deyəndə Həcər qorxub, ona deyib ki, əlində 200 min manat pul, 500 min manat dəyəri olan üç mənzil var. Onları verə bilər.

Dul baldızın pullu məşuqu varmı

Salmanovdan sitat: "Soruşdum ki, səndə 200 min manat hardandı? Əslində hamısı Sahibin oğurladığı pullardan idi . Çünki Həcər axırıncı dəfə 30 iyun 2015-ci ildə şəxsi depozit hesabı açıb və həmin pulları da hesaba qoyub. Həcər isə deyirdi ki, pullar özünündü, görüşdüyü adam verib. Əgər belə bir adam varsa bu bir ildə niyə bunların yanına gəlmir? Belə bir adam yoxdur. Həcərdə 100 min manatlıq üzük, 142 min manatlıq maşın haradan idi? Bu işlərin başında Həcər dayanır, oğlunu yönəldən də odur. Sahibin adına 500 min manata 3 mənzil almışdı. Deyirdi, evləri sataq, ödəyək. Eyni zamanada Sahib özü şirkətin hüquqşünasına zəng vurub demişdi ki, 1 milyon 500 min manat götürmüşəm, qaytarmağa hazıram. Sahib təkcə dörd gün içərisində 80 min manat Moskvada xərcləyibmiş. Təsəvvür edirsinizmi?"

Salmanov baldızının səsini yazıb, o da bunu şantaj edib

Zərərçəkmiş daha sonra deyib ki, məsələnin üstü açıldıqdan sonra baldızı onu şantaj etməyə başlayıb:"Allah üzümə baxıb, səs yazısı var əlimdə. Həcər deyirdi ki, guya mən onları söymüşəm, təhqir etmişəm. Belə bir şey olmayıb."



Salmanov məhkəmədə nəql edib ki, Həcər həbs olunandan sonra onun Türkiyənin "Atasay" qızıl-zinət şirkətindən 250 min avroya boyunbağı, başqa mağazalardan isə 100 min avroya üzük, zinət əşyaları aldığı üzə çıxıb. Ancaq diribaş baldız istintaqa həmin boyunbağının eynisini 6-7 min manata düzəltdirib təqdim edibmiş və bacısının ərinə təklif edirmiş ki, götürsün.

Salmanovun danışdıqlarından belə məlum olub ki, onun biznesində işlər elə də pis deyil. Və nə az, nə çox, 800 şirkəti var. Sitat: "Bizim market"lər Azərbaycanda ən iri vergi ödəyicilərindən biridir. 800 şirkətimiz var, bizim dövriyyəmiz 10 milyondur. 17 yaşımdan işləyirəm. Gündüzlər fəhlə işləmişəm, gecələr oxumuşam. Maaş almıram, deputat, nazir deyiləm. Mən iş adamıyam".

Həcər hədələdi: "Gələn dəfə hər şey açıqlanacaq..."

Rasim Salmanov ifadəsini yekunlaşdıranda və məhkəmə salonunu tərk edəndə onun baldızının oğlu dəmir barmaqlıqlar arxasından səslənib: "Gələn dəfə daha maraqlı faktlar açıqlayacam". Ardınca Salmanovun baldızı ona xəbərdarlıq edib: "Gələn dəfə gör nələr açıqlanacaq..."

Xatırladaq ki, bu ailədaxili dram barədə qalmaqal ötən ildən mətbuat səhifələrinə çıxıb. Rasim Salmanovun qaynanası Xanımbacı da ailə daxilində ona qarşı cəbhədə yer alır. Xanımbacı mətbuata göndərdiyi müraciətində kürəkəninin kirli işlərinin bir qismini açıb tökmüşdü. Demişdi ki, Salmanov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və qaynı Vüqar Mahmudovla çox yaxın olub. Vüqar tez-tez onların evində olurmuş. Rasim Salmanov isə həmişə lovğalanıb deyirmiş ki, Vüqarın əliylə istədiyi adam barədə istədiyi məlumatları, kompromatları toplaya bilər.

Bu ailəddaxili dələduzluq və mənimsəmə işi üzrə növbəti proses aprelin 11-nə təyin olunub. Həbsdəki baldız və onun oğlu vəd edirlər ki, Salmanovun əməlləri barədə yeni kompromatları həmin prosesdə açıqlayacaqlar...

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024