Mobil versiya
Milli Mətbuatın gücü və missiyası
Tarix: 21-07-2026 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Milli Mətbuatın gücü və missiyası

22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi zəngin inkişaf yoluna, milli söz və fikir tariximizin şərəfli ənənələrinə ehtiramın ifadəsidir. Bu tarix təkcə peşə bayramı deyil, həm də cəmiyyətin maariflənməsində, milli özünüdərkin formalaşmasında, dövlətçilik düşüncəsinin möhkəmlənməsində mətbuatın oynadığı mühüm rolu bir daha xatırladan əlamətdar gündür.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı qısa müddətdə xalqın maariflənməsi, milli kimliyinin qorunması və ictimai fikrin inkişafı istiqamətində mühüm missiya yerinə yetirməyə başladı. "Əkinçi" yalnız bir qəzet deyildi. O, milli düşüncənin, elmə, təhsilə və tərəqqiyə çağırışın simvoluna çevrilmişdi. Sonrakı illərdə yaranan çoxsaylı mətbuat orqanları da bu müqəddəs missiyanı davam etdirərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadılmasına, azadlıq ideyalarının formalaşmasına və ictimai şüurun inkişafına böyük töhfələr verdilər.

Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdıran maneələrin aradan qaldırılması üçün ardıcıl islahatlar həyata keçirildi. Xüsusilə senzuranın ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Bu qərar mətbuatın daha sərbəst fəaliyyət göstərməsinə, peşəkar jurnalistikanın inkişafına və cəmiyyətlə media arasında etimadın möhkəmlənməsinə geniş imkanlar yaratdı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. İnformasiya təhlükəsizliyinin gücləndirilməsi, müasir media mühitinin formalaşdırılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, peşəkar fəaliyyət üçün yeni imkanların yaradılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Medianın İnkişafı Agentliyinin yaradılması, media qanunvericiliyinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlmiş layihələrin icrası bu sahəyə göstərilən sistemli diqqətin bariz nümunələridir.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı medianın fəaliyyətinə yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də gətirib. Rəqəmsal platformaların geniş yayılması, sosial şəbəkələrin təsirinin artması, süni intellekt texnologiyalarının media sahəsinə daxil olması jurnalistikanın iş prinsiplərini dəyişsə də, peşəkarlıq, obyektivlik, operativlik və milli maraqların qorunması kimi fundamental prinsiplər öz aktuallığını qoruyub saxlayır. Cəmiyyət etibarlı informasiyaya hər zamankından daha çox ehtiyac duyur və bu baxımdan peşəkar medianın rolu daha da artır.

Azərbaycan mediası son illərdə ölkəmizin beynəlxalq mövqeyinin dünyaya çatdırılmasında da mühüm uğurlara imza atıb. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə jurnalistlər informasiya cəbhəsində böyük fədakarlıq nümayiş etdirərək həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadılar. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış proqramının, Azərbaycanın artan beynəlxalq nüfuzunun operativ və dolğun şəkildə işıqlandırılması milli medianın peşəkarlığını və məsuliyyətini bir daha nümayiş etdirdi.
Milli mətbuatın qarşısında duran əsas vəzifələrdən biri də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərin təbliğinə, dövlətçilik ənənələrinin qorunmasına töhfə verməkdir. Güclü media yalnız xəbərləri çatdıran vasitə deyil, həm də cəmiyyətin inkişafına istiqamət verən, ictimai həmrəyliyi möhkəmləndirən, milli maraqları müdafiə edən mühüm ictimai institutdur.

22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Əminik ki, Azərbaycan mediası zəngin ənənələrinə sadiq qalaraq müasir dövrün çağırışlarına uyğun inkişafını davam etdirəcək, dövlətimizin qüdrətinin, xalqımızın həmrəyliyinin və milli maraqlarımızın etibarlı informasiya dayaqlarından biri olaraq yeni nailiyyətlər qazanacaq.

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026