Mobil versiya
Milli mətbuatımız tarixin güzgüsü, müstəqilliyin səsidir
Tarix: 18-07-2026 | Saat: 10:23
Bölmə:Siyasət | çapa göndər

Milli mətbuatımız tarixin güzgüsü, müstəqilliyin səsidir

Azərbaycan xalqının azadlıq amalları, müstəqillik mücadiləsi və milli kimlik axtarışları tarixin dolanbac cığırlarından keçərək bu günümüzə gəlib çatmışdır. Bu şərəfli və çətin yolun hər bir kəsişməsində, hər bir dönüş nöqtəsində isə mütləq şəkildə milli mətbuatımızın silinməz izi, müqəddəs sözün sönməz işığı var. XIX əsrin ikinci yarısında, ölkəmizin böyük sənaye və iqtisadi oyanış yaşadığı bir dövrdə dahi ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin böyük məhrumiyyətlər baha başa gələn "Əkinçi" qəzeti ilə əsasını qoyduğu bu mətbuat, sadəcə xəbər daşıyıcısı deyil, xalqımızın milli oyanışının, mənəvi dirçəlişinin ən qüdrətli silahına çevrildi. Cəmi iki il fəaliyyət göstərməsinə və cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, "Əkinçi"nin səpdiyi maarifçilik və müstəqillik toxumları özündən sonra gələn "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Füyuzat" və əfsanəvi "Molla Nəsrəddin" kimi onlarla anadilli nəşr üçün tükənməz bir mənbə oldu.

Milli mətbuatımızın həqiqi mənada azad, senzurasız və dayanıqlı inkişaf dövrü isə dövlət müstəqilliyimizin bərpasından, xüsusilə 1993-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan köklü islahatlarla gerçəkləşdi. Ölkəmizin müharibə şəraitində yaşamasına, çoxsaylı ictimai-siyasi gərginliklərlə üz-üzə qalmasına baxmayaraq, dahi rəhbər böyük bir siyasi cəsarət və uzaqgörənlik nümayiş etdirərək əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə KİV üzərindəki bütün dövlət senzurasını bütövlükdə ləğv etdi. Bu tarixi addım mətbuatın üzərindəki buxovları qıraraq azad sözün cəmiyyətdə tam bərqərar olmasına imkan yaratdı. Jurnalistlərin səmimi dostu olan Ulu Öndər Heydər Əliyev mətbuatın bu tarixi xidmətlərini hər zaman uca tutur, onun milli varlığımızdakı yerini belə səciyyələndirirdi:

“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Ulu Öndərin əsasını qoyduğu bu mütərəqqi və ali dövlət qayğısı siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq daha geniş miqyasda və qətiyyətlə davam etdirildi. Ölkə rəhbərinin birbaşa diqqəti sayəsində medianın iqtisadi müstəqilliyi möhkəmləndirildi, qanunvericilik bazası təkmilləşdirildi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində, o cümlədən vergi güzəştləri və güzəştli ipoteka imkanları kimi misilsiz addımlar atıldı. Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" mütərəqqi Qanunun qəbulu ilə milli informasiya məkanımız rəqəmsal dövrün ən son çağırışlarına və qlobal rəqabətə tam hazır vəziyyətə gətirildi.
Bu gün Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin tamhüquqlu, çevik və güclü bir parçasıdır. Jurnalistlərimiz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində, eləcə də postmüharibə dövrünün gərgin diplomatik-informasiya döyüşlərində ön cəbhədə fədakarlıqla vuruşmuş, düşmənin çirkin dezinformasiya kampaniyalarını ifşa edərək haqq səsimizi dünyaya çatdırmışlar. Bu gün müstəqillik tariximizdə ilk dəfə olaraq media nümayəndələrinin öz peşə bayramlarını Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada qeyd etməsi, orada təşkil olunan möhtəşəm Qlobal Media Forumları ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və müasir mediamızın qlobal miqyasda söz sahibinə çevrilməsinin əyani göstəricisidir.

Müasir medianın cəmiyyətdəki yerini, söz və məlumat azadlığının ölkəmizin hərtərəfli tərəqqisində oynadığı rolu yüksək qiymətləndirən dövlət başçısı cənab Prezident İlham Əliyev bu ali məqsədləri və dövlətin sarsılmaz iradəsini özünün dərin mənalı səmimi müraciətində belə ifadə edir:

“Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”
Bu günün fədakar Azərbaycan jurnalisti təkcə xəbər ötürücüsü deyil, o, milli maraqların sarsılmaz keşikçisi, dövlətçilik ideallarının carçısı və cəmiyyətimizin tərəqqi mühərrikidir. Milli Mətbuat Günümüz mübarək, qələminiz hər zaman kəsərli və işıqlı olsun!

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2026