Mobil versiya
Prezident sahibkarları fəal olmağa çağırdı
Tarix: 28-03-2017 | Saat: 15:04
Bölmə:Gündəm / Karusel | çapa göndər

Prezident sahibkarları fəal olmağa çağırdı

“Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir. Bu kömək və yardım müxtəlif sahələrdə özünü büruzə verir. Əlbəttə ki, ilk növbədə, mənim siyasi dəstəyim xüsusi əhəmiyyət daşıyır. Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar”.

AzVision.az-ın məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir:

“Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıb. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafının göstəriciləridir. Çünki qeyri-neft sənayesinin inkişafı qiymətlərlə tənzimlənir. Neftin qiyməti qalxarsa, əlbəttə ki, göstərici də qalxacaq. Neftin hasilatı qalxarsa göstərici də qalxacaq, düşərsə, düşəcək. Ona görə bu, göstərici deyil”.

Prezident bildirib ki, əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının göstəriciləridir: “Hər iki göstərici çox müsbətdir. Hesab edirəm ki, bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir. Bunu beynəlxalq mötəbər qurumlar da qeyd edir. Onların arasında Davos Ümumdünya iqtisadi Forumu ən mötəbər dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdədir. Dünyada 200-dən çox ölkə var. Bax, biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir. Ancaq əsas məsələ ölkəmizdə gedən proseslərdir və bu proseslər müsbət istiqamətdə gedir”.

“Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”-deyən Dövlət başçısı qeyd edib ki, sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar: “Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndələrinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə