Mobil versiya
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Tarix: 17-03-2017 | Saat: 18:07
Bölmə:Gündəm / Manşet | çapa göndər

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi



Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Adalet.az xəbər verir ki, təbrikdə deyilir: "Əziz həmvətənlər! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir. Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda o, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilmişdir. Yaz bayramı yeniləşdirici ruhu və ilıq nəfəsiylə insanlar arasında səmimi münasibətlərə yol açır, dostluq, mərhəmət və bərabərlik duyğularını gücləndirir, cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti vardır. Ən yüksək dəyərləri özündə topladığı üçün də belə bir mənəviyyat xəzinəsi bəşəriyyətin mədəni irs nümunələri siyahısında yer almışdır.

Mən torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi Novruz bayramını xaricdə yaşayan soydaşlarımızın milli məfkurə işığında bizimlə birgə qeyd etmələri onlarda yurdumuza bağlılıq hisslərini gücləndirir.

Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin.

Xalqımızın əziz Novruz bayramı mübarək olsun!"

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024