Mobil versiya
Eltun Süleymanov: "Azərbaycanın enerji diplomatiyası yeni dövrün qlobal çağırışlarına cavabdır"
Tarix: 01-06-2026 | Saat: 19:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov: "Azərbaycanın enerji diplomatiyası yeni dövrün qlobal çağırışlarına cavabdır"

Dünyada geosiyasi münasibətlərin mürəkkəbləşdiyi, enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə enerji resurslarına malik olmaq artıq təkbaşına üstünlük hesab edilmir. Əsas məsələ həmin resurslardan necə istifadə etmək, onları milli inkişafın, regional əməkdaşlığın və beynəlxalq nüfuzun mühüm alətinə çevirməkdir. Məhz bu baxımdan Azərbaycan son otuz ildə keçdiyi inkişaf yolu ilə fərqli bir model formalaşdırıb. Bu model enerji ehtiyatlarının sadəcə iqtisadi gəlir mənbəyi deyil, dövlətin siyasi çəkisinin, diplomatik imkanlarının və strateji mövqeyinin gücləndirilməsi vasitəsi olduğunu nümayiş etdirir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti dəfə təsdiqi oldu. Dövlət başçısının çıxışı Azərbaycanın enerji siyasətinin keçdiyi mərhələləri, əldə olunan nəticələri və qarşıdakı illər üçün müəyyənləşdirilən strateji hədəfləri özündə əks etdirən mühüm siyasi və iqtisadi baxışlar toplusu kimi diqqət çəkdi. Cənab Prezident İlham Əliyev çıxışında bir daha xatırlatdı ki, bu gün qlobal enerji xəritəsində mühüm yer tutan Azərbaycanın uğurlarının təməli ötən əsrin 90-cı illərində qoyulub. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən ağır iqtisadi böhran, siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı və bir milyondan artıq qaçqının mövcudluğu Azərbaycanı son dərəcə çətin vəziyyətə salmışdı. Belə bir zamanda qəbul edilən strateji qərarlar dövlətin gələcək taleyini müəyyənləşdirdi. Xəzərin zəngin enerji ehtiyatlarının beynəlxalq investorlar üçün açılması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi və ölkəyə böyük maliyyə resursları qazandırdı. Sonrakı dövrdə həmin vəsaitlərin düzgün istiqamətləndirilməsi isə inkişafın əsas təminatçısına çevrildi. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri enerji gəlirlərinin idarə olunması məsələsi idi. Dövlət başçısı vurğuladı ki, hər hansı ölkənin təbii sərvətlərə malik olması onun uğurunu təmin etmir. Əsas göstərici həmin sərvətlərdən əldə olunan gəlirlərin xalqın rifahına, iqtisadi inkişafına və gələcək nəsillərin maraqlarına necə xidmət etməsidir. Bu baxımdan Azərbaycan nümunəsi diqqətəlayiqdir.

Son otuz il ərzində həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə yoxsulluğun səviyyəsi kəskin şəkildə azaldılıb, müasir infrastruktur yaradılıb, regionların sosial-iqtisadi inkişafı təmin olunub, maliyyə sabitliyi möhkəmləndirilib. Xarici borcun minimum səviyyəyə endirilməsi və strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılması da məhz bu siyasətin uğurlu nəticələrindəndir. Azərbaycanın enerji siyasətinin ən mühüm xüsusiyyətlərindən biri onun yalnız milli maraqlara deyil, eyni zamanda beynəlxalq əməkdaşlığa söykənməsidir. Bu gün ölkənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri Avrasiya məkanının enerji təhlükəsizliyinin əsas dayaqlarından hesab olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa marşrutu, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri artıq təkcə iqtisadi layihələr deyil, eyni zamanda regional sabitlik və əməkdaşlığın mühüm platformalarıdır. Bu layihələr vasitəsilə Azərbaycan Xəzər hövzəsini dünya bazarları ilə birləşdirən əsas enerji körpülərindən birinə çevrilib.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Bu ölkələrin böyük hissəsinin Avropa İttifaqına üzv olması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu aydın şəkildə nümayiş etdirir. Son illərdə dünyada yaşanan enerji böhranları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzu daha da güclənib. Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri enerji siyasəti ilə dövlət quruculuğu arasında qurulan əlaqə idi. Cənab Prezident açıq şəkildə bildirdi ki, ölkənin iqtisadi imkanlarının güclənməsi digər sahələrin də inkişafına şərait yaradıb. Bu gün Azərbaycanın əldə etdiyi hərbi-siyasi uğurların arxasında da güclü iqtisadi potensial dayanır. Müasir ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması və nəhayət, ərazi bütövlüyünün bərpa olunması ölkənin iqtisadi qüdrətindən ayrı təsəvvür edilə bilməz. Bu baxımdan enerji strategiyası yalnız iqtisadi inkişaf proqramı deyil, həm də milli təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri də yaşıl enerji keçidi ilə bağlı oldu. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Bu gün ölkədə günəş və külək enerjisi layihələrinin sürətlə həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması, hidroenerji potensialının genişləndirilməsi bu siyasətin konkret nəticələridir. Qarşıdakı illərdə enerji istehsalında bərpaolunan mənbələrin payının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji kabeli layihələri də bu istiqamətdə yeni mərhələnin əsasını qoyur. Qara dəniz vasitəsilə Avropaya uzanacaq yaşıl enerji marşrutları ölkəmizin qlobal enerji keçidində oynadığı rolu daha da gücləndirəcək. Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan gələcəyin enerji arxitekturasında öz yerini indidən müəyyənləşdirir. Bu siyasətin əsas məqsədi yalnız mövcud enerji ehtiyatlarının ixracı deyil, həm də yeni texnologiyalara, yaşıl iqtisadiyyata və regional inteqrasiyaya əsaslanan inkişaf modelinin qurulmasıdır.
Bu gün Bakı Enerji Həftəsi çərçivəsində müzakirə olunan məsələlər əslində Azərbaycanın gələcək onilliklər üçün müəyyən etdiyi strateji xəttin mühüm istiqamətlərini əks etdirir. Enerji təhlükəsizliyi, yaşıl transformasiya, nəqliyyat əlaqələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi bu siyasətin əsas sütunları kimi çıxış edir. Azərbaycanın son otuz ildə qazandığı uğurlar göstərir ki, uzaqgörən liderlik, milli maraqlara söykənən siyasət və strateji planlaşdırma istənilən təbii sərvəti inkişaf amilinə çevirə bilir. Bu gün ölkəmiz yalnız enerji ixrac edən dövlət deyil, həm də regionun iqtisadi, siyasi və nəqliyyat mərkəzlərindən biri kimi çıxış edir. Bakı Enerji Həftəsində səslənən mesajlar isə bir həqiqəti bir daha təsdiqlədi: Azərbaycan enerji resurslarını sadəcə bugünkü ehtiyaclar üçün deyil, gələcək nəsillərin rifahı, regional sabitlik və qlobal əməkdaşlıq naminə dəyərləndirən dövlət kimi öz mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu mövqe isə ölkənin qarşıdakı illərdə də beynəlxalq enerji gündəliyinin əsas iştirakçılarından biri olacağını göstərir-deyə E.Süleymanov fikrini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026