Mobil versiya
Aqrar sahədə yeni hədəflər
Tarix: 01-06-2026 | Saat: 09:56
Bölmə:Siyasət | çapa göndər

Aqrar sahədə yeni hədəflər

Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı sahəsinə dair keçirilən müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan aqrar siyasətdə yeni inkişaf mərhələsinə qədəm qoyur. Son illərdə reallaşdırılan iri infrastruktur layihələri və dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında mühüm irəliləyişlər əldə edilsə də, artıq prioritet istiqamət məhsulun keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması və aqrar idarəetmənin daha səmərəli qurulması olacaq. Dövlət başçısının çıxışında kənd təsərrüfatının ölkənin iqtisadi təhlükəsizliyinin vacib dayaqlarından biri kimi təqdim edilməsi xüsusi diqqət çəkdi. Bu yanaşmanın arxasında ciddi səbəblər dayanır. Dünyada müharibələr, logistika marşrutlarının pozulması, enerji böhranları və iqlim dəyişiklikləri bir çox dövlətləri ərzaq təminatı baxımından çətin vəziyyətə salıb. Belə bir qlobal şəraitdə Azərbaycanın daxili istehsal imkanlarını gücləndirməsi artıq təkcə iqtisadi məqsəd deyil, həm də strateji zərurət kimi çıxış edir.

Dövlət başçısının çıxışında ön plana çıxan istiqamətlərdən biri də kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi ilə bağlı oldu. Torpaq analizlərinin aparılması, peyk texnologiyalarından və süni intellekt imkanlarından istifadəyə dair vurğulanan məqamlar göstərir ki, Azərbaycan aqrar sahədə rəqəmsallaşma prosesini yeni mərhələyə keçirir. Bu yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki müasir dünyada kənd təsərrüfatında uğur yalnız torpaq ehtiyatlarının genişliyi ilə deyil, innovativ texnologiyalar və effektiv idarəçilik modeli ilə müəyyən olunur. Çıxış zamanı diqqət çəkən digər mühüm məqam kəndlərin sosial inkişafı ilə aqrar tərəqqinin paralel şəkildə aparılması məsələsi idi. Son iki onillik ərzində regionlarda qazlaşdırma, elektrik təminatı, yol şəbəkəsinin yenilənməsi, məktəb və xəstəxanaların inşası istiqamətində görülən işlər artıq yeni sosial mühit formalaşdırıb. Dövlət başçısının səsləndirdiyi “şəhərlərdən kəndlərə qayıdış” ideyası da bu siyasətin davamı kimi dəyərləndirilə bilər. Əslində, urbanizasiya problemlərinin qlobal miqyasda artdığı bir dövrdə Azərbaycanın yanaşması fərqli model kimi görünür. Bir çox ölkələr kəndlərin boşalması problemini həll etməkdə çətinlik çəkdiyi halda, Azərbaycan regionlarda həyat şəraitini yaxşılaşdırmaqla kənd əhalisini iqtisadi inkişafın fəal iştirakçısına çevirməyə çalışır. Bu yanaşma uzunmüddətli perspektivdə həm sosial dayanıqlılıq, həm də ərzaq təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.

Müşavirədə 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanmasının elan olunması isə hökumətin aqrar sektorda daha çevik və nəticəyönümlü siyasət həyata keçirmək niyyətində olduğunu göstərir. Proqramın konkret və qısamüddətli hədəflər üzərində qurulması icra mexanizmlərinin daha səmərəli olacağına işarə edir. Bütün bunlar təsdiqləyir ki, Azərbaycanda kənd təsərrüfatı artıq yalnız ənənəvi məşğulluq sahəsi kimi qiymətləndirilmir. Aqrar sektor iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı, ixrac potensialının artırılması və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əsas istiqamətlərdən birinə çevrilir. Yeni mərhələnin fərqləndirici cəhəti isə dövlət dəstəyi ilə yanaşı, özəl sektorun və innovativ həllərin daha fəal rol oynaması olacaq.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026