Mobil versiya
WUF13: Azərbaycanın sülhə, yenidənqurmaya və bəşəri dəyərlərə verdiyi növbəti töhfədir - Adəm İsmayıl Bakuvi
Tarix: 19-05-2026 | Saat: 12:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

WUF13: Azərbaycanın sülhə, yenidənqurmaya və bəşəri dəyərlərə verdiyi növbəti töhfədir

Hazırda dünyanın memarlıq və urbanizasiya gündəminin əsas mərkəzlərindən biri Bakı şəhəridir. Paytaxtımız növbəti dəfə beynəlxalq diqqətin toplandığı mühüm platformaya çevrilib. 182 ölkədən 45 mindən çox iştirakçını bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız gələcəyin şəhərlərinin necə formalaşacağını müzakirə etmir, eyni zamanda dağıdılmış məkanların yenidən qurulması və dirçəldilməsi modelini də dünya ictimaiyyətinə təqdim edir. Bu möhtəşəm tədbir Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə gücləndiyini, COP29-dan sonra ölkəmizin daha bir mühüm diplomatik və təşkilati uğura imza atdığını nümayiş etdirir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri qeyd edib ki, forumun açılış mərasimində proqram xarakterli və geniş məzmunlu çıxış edən cənab Prezident İlham Əliyev Bakını tarixi keçmişlə müasir inkişafın vəhdət təşkil etdiyi nadir şəhər kimi səciyyələndirdi. İçərişəhərin qədim ab-havasından başlayaraq müasir Bakı Bulvarına qədər uzanan şəhər panoramı xalqımızın yaradıcılıq potensialının və milli irsə göstərilən diqqətin parlaq ifadəsidir. Prezidentin Sərəncamı ilə cari ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması da bu sahəyə dövlət səviyyəsində verilən yüksək əhəmiyyətin göstəricisidir. Dövlət başçısı çıxışında Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ və Şəki kimi qədim şəhərlərin zəngin memarlıq ənənələrini xatırladaraq Azərbaycanın tarixi-mədəni sərvətlərini beynəlxalq auditoriyaya təqdim etdi. Bu gün Şuşa başda olmaqla Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri də həmin tarixi köklərə bağlılıq prinsipi üzərində qurulur.

Ölkə Prezidenti çıxışında xüsusilə diqqət çəkən məsələlərdən biri 30 il davam edən erməni işğalı nəticəsində tamamilə dağıdılmış və beynəlxalq hesabatlarda “Qafqazın Xirosiması” adlandırılan Ağdamın, eləcə də digər yaşayış məntəqələrinin yenidən qurulması oldu. Dağıntı və məhvetmə siyasətinə qarşı Azərbaycan dövləti genişmiqyaslı quruculuq proqramı ilə cavab verir. Son beş il ərzində əldə olunan nəticələr bunun bariz nümunəsidir. Belə ki, qısa zaman kəsiyində 70 kilometr uzunluğunda tunellər istifadəyə verilib, planlaşdırılan 500 körpüdən 435-i artıq tamamlanıb. Bununla yanaşı, üç beynəlxalq hava limanı, müasir dəmir yolu xətləri, enerji obyektləri və su təchizatı infrastrukturu yaradılıb.
Artıq 85 mindən çox vətəndaş doğma torpaqlarına geri dönüb. Dövlət yalnız yaşayış sahələrinin inşasını prioritet hesab etmir, eyni zamanda insanların işlə təmin olunmasını da əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Bu məqsədlə azad olunmuş ərazilərdə iri sənaye zonaları və iqtisadi layihələr həyata keçirilir. Bu, torpaqların həqiqi sahiblərinin qayıdışını və həmin ərazilərdə dayanıqlı həyatın bərpasını təsdiqləyən mühüm göstəricidir. Bakının son iyirmi ildə keçdiyi ekoloji yenilənmə prosesi bu gün bir çox dünya şəhərləri üçün nümunə hesab olunur. Dünyada ilk neft hasilatının aparıldığı və uzun illər ekoloji standartların nəzərə alınmadığı Bakı indi yaşıl şəhər modelinə doğru sürətlə inkişaf edir. Vaxtilə neft tullantıları ilə çirklənmiş Qara Şəhər bu gün müasir urbanizasiya nümunəsi olan Ağ Şəhər layihəsinə çevrilib. Son iki onillikdə paytaxtda 100-dən artıq park və ictimai məkan salınıb, şəhərin nəqliyyat sistemi ekoloji təmiz elektrik avtobusları və yenilənmiş metro infrastrukturu ilə müasirləşdirilib.

Sonda müsahibimiz Cənab Prezident İlham Əliyev şəhərsalma siyasətinin idarə edilməsini maraqlı bir təşbehlə izah etdi. Dövlət başçısı bu prosesi Bakıda təşkil olunan Formula 1 yarışları ilə müqayisə etdi. Dar küçələr və qala divarları arasında yüksək sürətlə hərəkət edən pilotların nümayiş etdirdiyi cəsarət və ehtiyatlılıq urbanizasiya sahəsində də əsas yanaşma olmalıdır. Yəni yenilik və inkişaf prosesində qətiyyətli davranmaq, tarixi irsin qorunması məsələsində isə maksimum diqqət və həssaslıq göstərmək vacibdir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu yalnız mütəxəssislərin fikir mübadiləsi apardığı beynəlxalq platforma deyil, həm də Azərbaycanın sülhə, yenidənqurmaya və bəşəri dəyərlərə verdiyi növbəti töhfədir. İşğaldan azad olunmuş Ağdam, Zəngilan və Xankəndidə keçirilən regional forumlardan sonra belə qlobal tədbirə ev sahibliyi etmək ölkəmizin artan gücünü və beynəlxalq rolunu nümayiş etdirir. Azərbaycan dünyaya göstərir ki, dağıdılmış şəhərləri yenidən qurmaq yalnız fiziki tikinti prosesi deyil; bu, eyni zamanda həmin məkanlara tarix, ruh və dayanıqlı gələcək baxışı qaytarmaq deməkdir- deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026