Mobil versiya
Kamran Bayramov: Dövlət qayğısı idmançılar üçün ən böyük mənəvi stimul və məsuliyyətdir
Tarix: 01-05-2026 | Saat: 10:39
Bölmə:Siyasət | çapa göndər

Kamran Bayramov: Dövlət qayğısı idmançılar üçün ən böyük mənəvi stimul və məsuliyyətdir

Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən yüksək diqqət, xüsusilə uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində həyata keçirilən mühüm layihələr və Dövlət Proqramları öz bəhrəsini verməkdədir. Məhz bu uzunmüddətli və sistemli qayğının nəticəsidir ki, Azərbaycan idmançıları ən mötəbər turnirlərdə parlaq qələbələr qazanaraq üç rəngli bayrağımızı zirvələrə daşıyırlar. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qeydə alındı. Sərbəst güləş üzrə milli komandamız turnirdə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq ümumilikdə 152 xal topladı və 6-cı dəfə Avropa çempionu adını qazandı. Komandamız yüksək peşəkarlıq nümayiş etdirərək, Gürcüstanı 58 xal qabaqlayıb.Qeyd edək ki, Gürcüstan 94 xalla ikinci, Ermənistan isə 73 xalla üçüncü olub. Bu nəticə həm də statistik rekordlarla yadda qaldı. Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı göstəricisinə imza atıb. Bu, komandamızın 2009-cu ildən bu yana Avropa çempionatlarında əldə etdiyi ən yüksək və unikal nailiyyətdir. Nəticə etibarilə, bu zəfər Azərbaycan güləş məktəbinin dünyadakı liderliyini bir daha təsdiq etdi və dövlətin idman siyasətinin nə dərəcədə düzgün strategiya üzərində qurulduğunu nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Avropa çempionatında güləşçilərimizin qazandığı qələbənin əhəmiyyətini artıran, onu daha da xüsusi və yaddaqalan edən bir sıra amillər var. Bunlardan ən başlıcası idmançılarımızın böyük əksəriyyətinin rəqibləri üzərində aşkar üstünlüklə qalib gəlməsi və çempionatın ən yüksək pilləsinə yüksəlməsidir. Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüş zamanı idmançıları əldə etdikləri yüksək nəticələrə görə təbrik edən Prezident İlham Əliyev Azərbaycanda idmanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha vurğulayıb. Dövlət başçısı qeyd edib ki, idman ölkənin gücünü nümayiş etdirən əsas amillərdən biridir:“Hər dəfə beynəlxalq yarışlarda bayrağımız qaldırılarkən bütün Azərbaycan xalqı qürur hissi keçirir və sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza yaşadır. Bu isə öz növbəsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. İdman ümumilikdə cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illərdə bu sahədə müşahidə olunan müsbət inkişaflar hamımızı sevindirir.”
Deputat diqqətə çatdırıb ki, Azərbaycan gənclərinin idman arenalarında qazandığı uğurlar təkcə fiziki deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Hər bir beynəlxalq qələbə uşaq və yeniyetmələrin idmana olan marağını artırmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə birbaşa xidmət edir. Bu, gənclərin sağlam həyat tərzinə meyillənməsi və zərərli vərdişlərdən uzaq durması üçün ən təsirli vasitədir. Bu istiqamətdə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti xüsusi təqdirəlayiqdir. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, federasiya xüsusilə bölgələrdəki istedadlı gəncləri aşkar etmək, onları məşq və təlim-toplanış proseslərinə cəlb etmək üçün öz işini daha da təkmilləşdirəcəkdir. Hazırda respublikamızın hər bir bölgəsində müasir Olimpiya İdman kompleksləri və ixtisaslaşmış güləş zalları fəaliyyət göstərir. Bu infrastruktur bazası üzərində qurulan sistemli seleksiya işi gələcək uğurlarımızın əsas təməlini təşkil edir. Azərbaycanda idmanın dövlət siyasətinin mühüm qolu olmasının ən aydın göstəricilərindən biri də bu sahədə mövcud olan güclü varislik ənənələridir. İdman veteranlarının, tanınmış Olimpiya çempionlarının federasiya rəhbərliyində və məşqçi heyətində təmsil olunması təcrübənin gənc nəslə ötürülməsini təmin edir. Dövlətimizin başçısı bu bağlılığı xüsusi qeyd edərək bildirmişdir:“Bu gün məşqçi kimi fəaliyyət göstərən idmançıların yarışlarını vaxtilə mən özüm izləmişəm, həm Bakıda, həm Olimpiya Oyunlarında onlara azarkeşlik etmişəm. İndi isə onların yetirmələri bizi sevindirir. Nəsillər dəyişdikcə güləş və bütövlükdə idman Azərbaycanda nəinki yaşayır, hətta inkişaf edərək yeni zirvələrə çatır.”
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Tiranada keçirilmiş Avropa çempionatının qəhrəmanlarını qəbul etməsi, qazanılan uğurları şəxsən təqdir etməsi dövlət başçısının milli idmanımıza və idmançılarımıza verdiyi yüksək dəyərin bariz nümunəsidir. Görüş əsnasında dövlət başçısının qarşıdakı vəzifələr haqqında ətraflı tövsiyələr verməsi, idmançılar üçün hər cür şəraitin yaradıldığını və bu dəstəyin gələcəkdə də artan templə davam edəcəyini vurğulaması Azərbaycanın strateji idman hədəflərindən xəbər verir. Sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük mənəvi mükafat və sarsılmaz bir stimul hesab etmək olar. Dövlət rəhbərinin birbaşa diqqəti idmançılarda yalnız ruh yüksəkliyi yaratmır, həm də onların üzərinə düşən məsuliyyət hissini daha da artırır. Bu cür ali münasibət qələbə qazanan hər bir idmançını qarşıdakı mötəbər yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyir. Əminliklə demək olar ki, Prezidentin bu qayğısı milli komandamızın hər bir üzvü üçün bir növ "zəfər nizamnaməsi" rolunu oynayır. Bu dəstəkdən güc alan pəhləvanlarımız Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün daha böyük əzmlə mübarizə aparacaqlar. İdmançılarımız dərk edirlər ki, onların arxasında dayanan dövlət iradəsi hər bir qələbənin ən etibarlı təminatçısıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026