Mobil versiya
Manaf Manafov: "Azərbaycan ilə Latviya arasında siyasi-iqtisadi münasibətlər müsbət dinamika ilə inkişaf edir"
Tarix: 23-04-2026 | Saat: 12:18
Bölmə:Siyasət | çapa göndər

Manaf Manafov: "Azərbaycan ilə Latviya arasında siyasi-iqtisadi münasibətlər müsbət dinamika ilə inkişaf edir"

“Bakıda Azərbaycan və Latviya prezidentlərinin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin dinamik inkişaf trayektoriyasını bir daha təsdiqlədi. Səfər yalnız diplomatik protokol hadisəsi deyil, həm də ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimada, hüquqi baza və strateji baxışlara söykənən tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır və Bakı görüşü bu baxımdan diqqətəlayiq siyasi mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Latviya Prezidentinin səfəri müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır. Əslində, bu yanaşma təsadüfi deyil. Azərbaycan-Latviya əlaqələri illərdir ki, siyasi dialoq, iqtisadi münasibətlər, enerji, nəqliyyat, təhsil və humanitar əməkdaşlıq xətti üzrə formalaşaraq institusional xarakter alıb. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə isə bu münasibətləri sadəcə dostluq çərçivəsindən çıxararaq daha sistemli əməkdaşlıq modelinə yüksəldib. Bu sənədin bu gün də aktual qalması tərəfdaşlığın dayanıqlılığını göstərən mühüm amildir.”

Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi qeyd edib ki, bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın son iclasının Qarabağda, Şuşada keçirilməsini mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu vurğulayıb: “Bu fakt təkcə siyasi məna daşımır, həm də əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə, postmünaqişə dövründə yeni iqtisadi və investisiya imkanlarının tərəfdaş ölkələrə təqdim edilməsinə xidmət edir. Şuşada müzakirə olunan perspektivli layihələr, birgə fəaliyyət planları və gələcək təşəbbüslər göstərir ki, tərəflər münasibətləri yalnız mövcud sahələrlə məhdudlaşdırmaq niyyətində deyil, onu yeni strateji müstəvilərə çıxarmağa hazırdır. Bu baxımdan Latviyanın Avropa İttifaqı daxilindəki mövqeyi, Azərbaycanın isə Avrasiyanın mühüm logistika və enerji mərkəzi kimi rolu qarşılıqlı maraqlar üçün ciddi zəmin yaradır. Orta Dəhlizin inkişafı, liman infrastrukturu, tranzit imkanları, yaşıl enerji gündəliyi və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Baltik regionu ilə Cənubi Qafqaz arasında yeni iqtisadi körpülərin formalaşdırılması da məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Bakıda keçirilmiş Azərbaycan-Latviya biznes-forumu bu baxımdan siyasi dialoqun iqtisadi məzmunla tamamlandığını göstərdi. Forum qarşılıqlı sərmayələr, birgə istehsal və biznes tərəfdaşlıqları üçün yeni platforma rolunu oynadı. Xüsusilə özəl sektor nümayəndələrinin fəal iştirakı iqtisadi əməkdaşlığın dövlətlərarası münasibətlərin əsas sütunlarından birinə çevrildiyini nümayiş etdirdi. Əlaqələrin mühüm xüsusiyyətlərindən biri də onların yalnız rəsmi sənədlərlə deyil, qarşılıqlı etimad və siyasi iradə ilə möhkəmlənməsidir. Dövlət başçısının şəxsi münasibətlərin bu prosesdə rolunu vurğulaması da təsadüfi deyil. Müasir diplomatiyada liderlərarası etimad çox vaxt mürəkkəb geosiyasi şəraitdə əməkdaşlığın davamlılığını təmin edən əsas faktorlardan biri kimi çıxış edir” – deyə, Manaf Manafov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026