Mobil versiya
İslam ölkələrindən İrana sərt xəbərdarlıq
Tarix: 19-03-2026 | Saat: 22:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

İslam ölkələrindən İrana sərt xəbərdarlıq

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi qarşıdurma dördüncü həftəsinə yaxınlaşarkən, ərəb və müsəlman ölkələrinin xarici işlər nazirləri Səudiyyə Ərəbistanında fövqəladə toplantı keçiriblər. Görüşlər martın 18-də, İranın İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrində enerji obyektlərini hədəfə almasının ardından baş tutub.

Məlumata görə, İran İsrailin ölkənin ən böyük enerji mənbələrindən biri olan Cənub Pars qaz yatağına hücumuna cavab olaraq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yerləşən müxtəlif enerji infrastrukturunu raket və pilotsuz uçuş aparatları ilə vurub.

Gərginliyin artdığı bir həftədə İsrailin yüksək vəzifəli iranlı rəsmiləri, təhlükəsizlik yetkilisi Əli Laricani, “Bəsic” qüvvələrinin komandanı Qulamrıza Süleymani və kəşfiyyat rəhbəri İsmayıl Xətibi hədəfli əməliyyatlarla öldürdüyü də bildirilir.

Riyadda keçirilən toplantıda əsas məqsəd İranın regionda ABŞ obyektlərinə və infrastruktura qarşı artan cavab tədbirlərinə qarşı ortaq mövqe formalaşdırmaq olub. Nəticədə yayılan birgə bəyanatı Qətər, Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və BƏƏ-nin xarici işlər nazirləri imzalayıb.

Bəyanatda İranın ballistik raketlər və pilotsuz aparatlarla həyata keçirdiyi hücumlar “qəsdən edilən təcavüz” kimi qiymətləndirilib və kəskin şəkildə pislənib. Bununla yanaşı, İsrailin Livana qarşı hərbi əməliyyatları və regiondakı “ekspansionist siyasəti” də qınanıb.

Nazirlər həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək dövlətlərin özünümüdafiə hüququnu vurğulayıblar. İran qarşısında bir sıra tələblər irəli sürülüb:

Hücumları dərhal dayandırmaq

Qonşu ölkələrə qarşı təhdid və təxribatlara son qoymaq

Ərəb ölkələrində fəaliyyət göstərən İran yönlü qruplara dəstəyi, maliyyələşdirməni və silahlandırmanı dayandırmaq

Hürmüz və Bab əl-Məndəb boğazlarında dəniz təhlükəsizliyini risk altına atan addımlardan çəkinmək

Region ölkələri müharibənin təsirlərini artıq ciddi şəkildə hiss edir. Enerji resurslarının azalması, dağıntıların yaratdığı təhlükələr və mümkün miqrasiya dalğası narahatlıq doğurur. Xüsusilə Livanda vəziyyət ağırdır, İsrailin son üç həftəyə yaxın müddətdə həyata keçirdiyi hava zərbələri nəticəsində yüzlərlə insan həyatını itirib, ölkənin cənubunda isə quru əməliyyatları davam edir.

Toplantıdan sonra çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud İranın davranışlarını sərt tənqid edib. O, Tehrana konkret vaxt verilmədiyini bildirsə də, lazım gələrsə Körfəz ölkələrinin hərəkətə keçəcəyini vurğulayıb.

Nazir, həmçinin, münaqişənin nə vaxtsa başa çatacağını qeyd etsə də, İranla münasibətlərdə etimadın ciddi zərbə aldığını və normallaşmanın uzun zaman ala biləcəyini bildirib.

Müşahidəçilərin fikrincə, bu toplantı son illərdə başlayan İran–Səudiyyə yaxınlaşmasının faktiki olaraq dayanması kimi qiymətləndirilə bilər.

Arzuman Loğmanoğlu
Sozcu.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026