Mobil versiya
Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələdə - DEPUTAT
Tarix: 12-03-2026 | Saat: 13:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələdə

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Bu səfər tərəflər arasında siyasi dialoqun intensivliyini, iqtisadi əməkdaşlığın genişlənməsini və enerji sahəsində tərəfdaşlığın möhkəmləndiyini göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Əminliklə deyə bilərik ki, tərəflər arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan fəal siyasi dialoq mövcuddur. Prezident İlham Əliyev görüş zamanı Azərbaycan–Avropa İttifaqı əlaqələrinin dinamik inkişafını belə ifadə etmişdir:
“Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.”

Cənab Prezidentin bu fikirləri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin real iqtisadi göstəricilərə və qarşılıqlı maraqlara əsaslandığını göstərir. Ticarət dövriyyəsinin mühüm hissəsinin Avropa İttifaqının payına düşməsi bu qurumun Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. Bu fakt həm də Azərbaycanın Avropa iqtisadi məkanı ilə sıx əməkdaşlıq edən və qarşılıqlı faydalı tərəfdaşlıq modelini uğurla formalaşdıran ölkə olduğunu nümayiş etdirir.

Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məqam qarşılıqlı investisiya imkanlarının genişlənməsidir. Azərbaycan artıq təkcə xarici investisiyaları cəlb edən ölkə deyil, eyni zamanda Avropa iqtisadi məkanına sərmayə yatıran fəal tərəfdaş kimi çıxış edir. Bu tendensiya ölkə iqtisadiyyatının dayanıqlılığının və beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin gücləndiyini göstərən mühüm göstəricilərdən biridir.

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri isə enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair sənədin imzalanması bu əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olmuşdur. Bu sənəd Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da artırmış və ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşına çevirmişdir.
Bu baxımdan da cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu konkret faktlarla bir daha diqqətə çatdırmışdır: “...Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik…”.
Bu faktlar Azərbaycanın qlobal enerji bazarında artan rolunu açıq şəkildə göstərir. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan qazı artıq Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu isə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ölkəmizin beynəlxalq mövqelərinin gücləndiyini göstərir.
Eyni zamanda Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və logistika layihələri regionda iqtisadi əməkdaşlığın genişlənməsinə və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.

Bütün bunlar onu göstərir ki, Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və gələcəkdə daha da inkişaf edəcəyini nümayiş etdirir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı və qarşılıqlı investisiyalar bu münasibətlərin strateji mahiyyətini müəyyən edən əsas amillər kimi çıxış edir.Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026