Mobil versiya
Xocalı Soyqırımı Memorial Kompleksi: Tarixi ədalətin bərpasının simvolu
Tarix: 01-03-2026 | Saat: 11:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xocalı Soyqırımı Memorial Kompleksi: Tarixi ədalətin bərpasının simvolu

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində iştirak edib. Bu memorial kompleksin açılışı müasir Azərbaycan tarixinin mühüm siyasi və mənəvi hadisələrindən biridir. Ölkə başçısının mərasimdəki çıxışı və toxunduğu məqamlar yalnız Xocalı faciəsinə verilən tarixi qiymət deyil, eyni zamanda Azərbaycan dövlətinin gücünün, milli iradəsinin və ədalət prinsipinə sadiqliyinin açıq nümayişidir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Xocalı soyqırımı XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu cinayətə görə məsuliyyət birbaşa Ermənistan dövlətinin üzərinə düşür və bu həqiqət danılmaz faktlarla təsdiqlənir.
Azərbaycan dövləti və xalqı Xocalı faciəsini nə unutdu, nə də unutdurdu. Uzun illər ərzində Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirildi. Bu sahədə Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Xocalıya ədalət! kampaniyası Xocalı soyqırımının dünya miqyasında tanınması baxımından mühüm nəticələr verdi. Bir sıra ölkələrin və beynəlxalq qurumların bu faciəyə siyasi və hüquqi qiymət verməsi informasiya və diplomatik mübarizədə qazanılmış ciddi uğurdur.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mənəvi üstünlüyə də xüsusi diqqət çəkərək bildirib: “Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq.Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları , yaxınları üçün bu,müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törərtdiyi başqa cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”. Bu mövqe Azərbaycanın beynəlxalq humanitar hüquqa və müharibə qaydalarına sadiqliyini bir daha təsdiqləyir. Azərbaycan Ordusu döyüşləri yalnız hərbi hədəflərə qarşı apararaq mülki əhalini qorudu və bununla da xalqımızın mənəvi üstünlüyünü nümayiş etdirdi. Müharibə dövründə ölkəmizin göstərdiyi prinsipial mövqe Azərbaycan dövlətinə və xalqına beynəlxalq aləmdə yüksək hörmət və etimad qazandırmışdır.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ardınca həyata keçirilən antiterror tədbirləri və müharibə cinayətlərində iştirak etmiş şəxslərin məhkəmə qarşısına çıxarılması ədalətin real və konkret təcəssümüdür. Azərbaycan xalqı illərlə tələb etdiyi ədaləti öz gücü, birliyi və siyasi iradəsi hesabına təmin etdi.

Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalıda açılması dərin rəmzi məna daşıyır. Vaxtilə işğal altında olan torpaqlarda bu cür möhtəşəm kompleksin ucaldılması Azərbaycan dövlətinin qətiyyətinin və xalqımızın əyilməz ruhunun göstəricisidir. Bu Memorial milli yaddaşımızın canlı abidəsi olmaqla yanaşı, gələcək nəsillərə ünvanlanan tarixi dərsdir.

Millət vəkili Tamam Cəfərova sonda qeyd edib ki, Xocalı Soyqırımı Memorial Kompleksi faciəmizin unudulmaması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və belə cinayətlərin bir daha təkrarlanmaması üçün mühüm mənəvi-siyasi əhəmiyyət daşıyır. Azərbaycan dövləti bundan sonra da güclü olacaq, milli maraqlarını qətiyyətlə qoruyacaq və tarixi ədalətin təmin olunması yolunda ardıcıl siyasətini davam etdirəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026