Mobil versiya
Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq
Tarix: 27-02-2026 | Saat: 16:51
Bölmə:Siyasət | çapa göndər

Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq

“Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışı zamanı bildirib.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının müasir tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirərək düşməni hərbi məğlubiyyətə uğratmış, nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuş və müharibə Azərbaycanın siyasi iradəsi əsasında dayandırılmışdır.
Müasir Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyətlərin ideoloji və siyasi əsasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik kursu dayanır. Həmin siyasi xəttə sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəni keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmış, milli maraqlara əsaslanan prinsipial və qətiyyətli siyasət həyata keçirmişdir. Nəticədə Azərbaycan regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq arenada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.
2020-ci ilin sentyabrında Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar bütün cəbhəboyu istiqamətləri əhatə etmiş və qısa müddət ərzində ciddi strateji üstünlük təmin olunmuşdur. Döyüş əməliyyatları zamanı işğal altında olan ərazilər mərhələli şəkildə – kəndbəkənd, şəhərbəşəhər azad edilmişdir.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunmuşdur. Azad edilən ərazilər sırasında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri xüsusi strateji və mənəvi əhəmiyyətə malik olmuşdur. Xüsusilə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən həlledici mərhələ kimi tarixə düşmüşdür. Bu hadisədən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi faktiki məğlubiyyətini qəbul edərək 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatı imzalamışdır.
Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq, yüksək döyüş ruhu və müasir hərbi taktiki yanaşmalar düşmənin canlı qüvvə və texnika baxımından ciddi itkilər verməsinə səbəb olmuşdur. Ermənistan ordusunda fərarilik hallarının kütləvi xarakter alması da məhz bu hərbi üstünlüyün nəticəsi kimi qiymətləndirilə bilər.
Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız hərbi nailiyyətlərlə məhdudlaşmamış, həm də dövlətin suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində fundamental mərhələ olmuşdur. Bu proses 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə məntiqi yekununa çatdırılmış və Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun bərpası təmin edilmişdir.
Hazırda ölkədə və regionda formalaşmış yeni geosiyasi reallıqlar göstərir ki, düşünülmüş və milli maraqlara əsaslanan siyasət, effektiv dövlət idarəçiliyi və cəmiyyətin vahid məqsəd ətrafında birliyi ən mürəkkəb problemlərin belə həllini mümkün edir. Azərbaycan xalqı yeni reallıqlar şəraitində öz inkişafının növbəti mərhələsinə inam və qürur hissi ilə qədəm qoymuşdur.
Müasir dövrdə qarşıda duran əsas strateji vəzifələr işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğunun daha da möhkəmləndirilməsidir. Bununla yanaşı, qabaqcıl elm və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması, sosial rifahın yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və müstəqil xarici siyasət kursunun davam etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən edilmişdir.
Eyni zamanda, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, siyasi dialoq mühitinin dərinləşdirilməsi, zəngin mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bütün bu istiqamətlər üzrə həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın dayanıqlı və davamlı inkişaf modelini möhkəmləndirir.
Prezident İlham Əliyevin müəllifi olduğu 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, ölkəmizin gələcək inkişaf strategiyasının möhkəm təməlini formalaşdırmışdır. Bu Qələbə Azərbaycan dövlətinin siyasi iradəsinin, xalq–ordu birliyinin və milli həmrəyliyin təntənəsi kimi tarixdə əbədi qalacaqdır.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2026