Mobil versiya
Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ
Tarix: 12-02-2026 | Saat: 12:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi. Bu səfər təkcə diplomatik protokol hadisəsi deyil, həm də Azərbaycan–ABŞ strateji tərəfdaşlığının konkret siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirilməsinin bariz təzahürü kimi tarixə düşdü.
Prezident İlham Əliyev bəyanatında ABŞ rəhbərliyinin, xüsusilə Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibəti yüksək qiymətləndirərək, bu yanaşmaya görə dərin minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı ABŞ Vitse-prezidentini ölkəmizdə rəsmi səfərdə salamlamağın Azərbaycan üçün böyük şərəf olduğunu vurğuladı və bu səfərin iki dövlət arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını xüsusi qeyd etdi.
Cənab Prezident bildirdi ki, səfər çərçivəsində ikitərəfli gündəliyin geniş spektrini əhatə edən səmərəli və konstruktiv danışıqlar aparılmışdır. Bu danışıqların kulminasiya nöqtəsi isə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması olmuşdur. Prezident İlham Əliyevin sözlərinə görə, bu sənəd altı ay ərzində aparılan çox gərgin və məqsədyönlü işin məntiqi nəticəsidir.
Xatırladıldı ki, altı ay əvvəl Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Prezident Donald Trampla keçirilən tarixi görüş və Xartiyanın hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması barədə sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün tamamilə yeni imkanlar açmışdır. Məhz bu siyasi iradə nəticəsində Azərbaycan–ABŞ münasibətləri institusional əsaslar üzərində yeni mərhələyə yüksəlmişdir.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir. Dövlət başçısı Prezident Trampa, Vitse-prezident Vensə və ABŞ nümayəndə heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə xüsusi minnətdarlığını ifadə etdi.
Bu kontekstdə cənab Prezident ötən ilin avqust ayında Ermənistan və Azərbaycanın Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişini parafladığını və ABŞ Prezidentinin şahid qismində imzaladığı Sülh haqqında Birgə Bəyannamənin regionda yeni reallıqlar yaratdığını xatırlatdı. Altı aydır regionda sülh şəraitinin hökm sürdüyünü bildirən Prezident İlham Əliyev “biz sülh içində yaşamağı öyrənirik” fikri ilə bu tarixi mərhələnin əhəmiyyətini xüsusi vurğuladı.
Prezident İlham Əliyev Tramp-Vens administrasiyasının regiondakı səylərinin mühüm nəticələrindən biri kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, bu layihə təkcə Azərbaycanın iki hissəsini – əsas ərazisini və Naxçıvan Muxtar Respublikasını birləşdirmir, eyni zamanda Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı əlaqələndirən etibarlı, təhlükəsiz və böyükmiqyaslı nəqliyyat dəhlizidir.
Azərbaycanın Ermənistana gedən yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması, eləcə də neft məhsullarının təchizatına başlaması regionda ticarət və əməkdaşlığın real əsaslar üzərində qurulduğunu göstərir. TRIPP layihəsi regionda əldə olunmuş sülh nəticələrini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazı qlobal iqtisadi və logistika sisteminin mühüm həlqəsinə çevirir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyində artan roluna da diqqət çəkdi. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onların 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir. Bu fakt Azərbaycanın etibarlı və strateji enerji tərəfdaşı statusunu bir daha təsdiqləyir.
Xartiyada müdafiə və təhlükəsizlik, antiterror əməliyyatları, kibertəhlükəsizlik, müdafiə sənayesi məhsullarının satışı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, humanitar minatəmizləmə sahəsində ABŞ-ın maliyyə və texnoloji dəstəyi Azərbaycanın üzləşdiyi ciddi problemlərin aradan qaldırılmasına mühüm töhfə verəcəkdir.
ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu tərəfdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, bütövlükdə regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş, regional proseslərin aparıcı aktoru kimi mövqeyini daha da gücləndirir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2026