Mobil versiya
Güclü Gələcəyin Təməli
Tarix: 02-02-2026 | Saat: 10:36
Bölmə:Siyasət | çapa göndər

Güclü Gələcəyin Təməli

Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən, dövlətin gələcəyini formalaşdıran əsas qüvvələrdən biridir. Təsadüfi deyil ki, hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar gün müstəqil Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu əlamətdar günün əsasını qoyan isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və strateji gənclər siyasətidir.

Ulu Öndər Heydər Əliyev ölkənin gələcəyinin məhz savadlı, vətənpərvər və milli ruhda tərbiyə olunmuş gənclərdən asılı olduğunu açıq şəkildə bəyan edirdi. Onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan gənclərinin I Forumu, 1997-ci ildə isə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.
Heydər Əliyev gəncləri yalnız ölkənin gələcəyi kimi deyil, həm də bu günün fəal iştirakçıları kimi görürdü. Ulu Öndərin “Gənclər bizim gələcəyimizdir” fikri sadəcə bir çağırış deyil, dövlət siyasətinin ideoloji əsasına çevrilmişdi. Gənclərin bilik və bacarıqlarının inkişafı, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi, ictimai və siyasi proseslərdə fəal iştirakı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Bu möhkəm təməl üzərində formalaşan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Müasir çağırışlara uyğun olaraq gənclərlə bağlı siyasət daha geniş miqyas alıb və real nəticələrlə müşayiət olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər dövlət strukturlarında və məsul vəzifələrdə təmsil olunur, gənclərin startaplara, innovasiyalara və sahibkarlığa çıxışı genişlənir, beynəlxalq müsabiqə və layihələrdə Azərbaycan gənclərinin iştirakı dəstəklənir, idman və vətənpərvərlik ruhunun gücləndirilməsi dövlət siyasətinin əsas xəttinə çevrilir. Xüsusilə 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq, şücaət və milli birlik Prezident İlham Əliyevin formalaşdırdığı vətənpərvər gənclik modelinin real təzahürü oldu.

Ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən gənclərə xüsusi önəm verən, onları daim diqqət mərkəzində saxlayan siyasi təşkilat kimi tanınır. YAP-ın gənclər siyasəti yalnız formal üzvlüklə məhdudlaşmır, eyni zamanda gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların idarəetmə proseslərinə cəlb olunması və liderlik keyfiyyətlərinin formalaşdırılmasını hədəfləyir.
Partiyanın Gənclər Birliyi bu gün respublikanın bütün bölgələrində fəal fəaliyyət göstərir. YAP gəncləri müxtəlif beynəlxalq və respublika səviyyəli layihələrdə, ictimai-siyasi aksiyalarda, könüllülük təşəbbüslərində və maarifləndirici proqramlarda uğurla təmsil olunurlar. Son illər YAP gəncləri arasında dövlət qurumlarında, bələdiyyələrdə, qeyri-hökumət sektorunda və media sahəsində uğur qazanan gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Yeni Azərbaycan Partiyasının gəncləri beynəlxalq forumlarda və konfranslarda Azərbaycanı layiqincə təmsil edir, seçki kampaniyalarında fəal iştirak edərək ictimai-siyasi proseslərə töhfə verir, sosial layihələr, ekoloji aksiyalar və vətənpərvərlik tədbirləri həyata keçirir, şəhid ailələrinə və qazilərə dəstək aksiyalarında ön sırada yer alırlar.
Son 5 il ərzində minlərlə gənc Yeni Azərbaycan Partiyasının sıralarına qoşularaq, ölkənin siyasi həyatında fəal mövqe nümayiş etdirmişdir. Bu fakt YAP-ın gənclər arasında nüfuzunun və etimadının bariz göstəricisidir.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı da gənclərlə iş sahəsində fəallığı ilə seçilir. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı tərəfindən gənclərin partiya fəaliyyətinə cəlb olunması, onların ictimai-siyasi proseslərdə iştirakının təşviqi, milli maraqlar və dövlətçilik prinsipləri əsasında formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq son 5 il ərzində Şirvan şəhərindən 300 nəfərə yaxın gənc Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşdur. Bu gənclər hazırda partiyanın müxtəlif strukturlarında, ictimai tədbirlərdə və maarifləndirici layihələrdə fəal iştirak edirlər. Bu göstərici Şirvan gənclərinin YAP-ın ideya və məqsədlərinə yüksək etimadının bariz nümunəsidir.

Regionlarda gənclər siyasətinin uğurla icrasında Şirvan Gənclər Evinində rolu əvəzsizdir. Şirvan Gənclər Evi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual və fiziki inkişafı üçün geniş imkanlar yaradan müasir məkandır. Burada gənclər üçün müxtəlif təlim və seminarlar, intellektual oyunlar, idman və yaradıcılıq məşğələləri, psixoloji və karyera yönümlü görüşlər təşkil olunur. Şirvan Gənclər Evində gənclərin maraq və bacarıqlarına uyğun olaraq xarici dil kursları, kompüter və İT bilikləri, dizayn, liderlik və natiqlik, könüllülük və sosial aktivlik üzrə proqramlar fəaliyyət göstərir. Bu kurslar gənclərin gələcək karyera planlarının formalaşmasına və cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.
Regionda gənclərin inkişafında Şirvan Gənclər Evi ilə yanaşı, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq gənclərin düzgün istiqamətləndirilməsi, onların sosial fəallığının artırılması və cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.

Atılan bu addımların əsas məqsədlərindən biri gənclərə düzgün həyat və karyera istiqaməti vermək, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam düşüncəli vətəndaş kimi yetişdirməkdir. Burada yaradılmış şərait gənclərin öz potensiallarını üzə çıxarmasına, sosial fəallıqlarını artırmasına və cəmiyyətə faydalı fərd kimi formalaşmasına imkan yaradır.
2 Fevral Azərbaycan Gəncləri Günü bir daha göstərir ki, dövlətin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti ardıcıl, məqsədyönlü və real nəticələrə əsaslanır. Gənclərə göstərilən diqqət və qayğı, onların təşkilatlanması və inkişafı Azərbaycanın sabit və güclü gələcəyinin əsas təminatıdır. Yeni Azərbaycan Partiyasının ətrafında birləşən, Şirvan Gənclər Evi kimi mərkəzlərdə formalaşan fəal, bilikli və vətənpərvər gənclik bu gün ölkəmizin ən böyük strateji kapitalıdır.

2 Fevral Azərbaycan Gəncləri Günü sadəcə bayram deyil. Bu tarix gənclərə olan dövlət etimadının, ardıcıl və məqsədyönlü siyasətin, güclü və müstəqil Azərbaycanın gələcəyinə inamın simvoludur. Güclü dövlət güclü gəncliklə mümkündür və Azərbaycan bu yolun ən doğru istiqamətində inamla irəliləyir.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026