Mobil versiya
Azərbaycan gəncliyi -Güclü dövlətin təməli
Tarix: 01-02-2026 | Saat: 13:49
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan gəncliyi -Güclü dövlətin təməli

Hər bir dövlətin gənc nəslə göstərdiyi diqqət və qayğı həmin ölkənin gələcək inkişafına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Gənclərin formalaşması və potensialının reallaşdırılması dövlət siyasətində mühüm yer tutur və bu yanaşma hökumətin gənc qadın və kişilərin hərtərəfli inkişafına sadiqliyini əks etdirir. Məhz bu strateji baxışın nəticəsi olaraq Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu qərar ölkəmizdə gənclərlə bağlı fəaliyyət göstərən bütün tərəflərin vahid məqsədlər ətrafında birləşməsinə, gənclərin daha güclü və firavan Azərbaycan naminə səfərbər olunmasına əlverişli mühit yaratmışdır. Ümumilikdə, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişaf tarixində mühüm və xüsusi yer tutur.

1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifə müəyyən etmişdir. O, çıxışında qeyd etmişdir ki, hər bir Azərbaycan gənci hər şeydən əvvəl müstəqil dövlətimizin bu günü və gələcəyi barədə düşünməli, onun inkişafına töhfə verməlidir. Bu ideyaların davamı olaraq 1996-cı il iyunun 22-də imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman istedadlı gənclərin aşkara çıxarılması və onların dəstəklənməsi istiqamətində əhəmiyyətli addım olmuşdur. Həmin Fərmana əsasən gənc istedadların adlarının daxil edildiyi “Qızıl kitab” yaradılmış, bu siyahıya düşən gənclərə xüsusi dövlət təqaüdü təsis edilmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı gənclər üçün geniş imkanlar yaradır. Dövlət siyasətində gənclərlə bağlı məsələlər prioritet təşkil edir və ölkənin maliyyə-iqtisadi potensialı artdıqca bu imkanlar daha da genişlənir. Nəticədə gənclərin inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi və vətənpərvər ruhda formalaşması üçün mühüm proqram və layihələr həyata keçirilir.

Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında icra olunan “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” minlərlə gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almasına imkan yaratmışdır.
Vətən müharibəsində gənclərin göstərdiyi şücaət və fədakarlıq xüsusi vurğulanmalıdır. Qələbənin əldə olunmasında gənclərin rolu həlledici olmuşdur. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə yönəlmiş siyasətinin real nəticəsidir. Vətən və torpaq uğrunda ön sıralarda mübarizə aparanların əksəriyyəti gənclər idi və Azərbaycan xalqı hər bir igid gəncə dərin minnətdarlığını bildirir. Mövcud mərhələdə Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafını və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edir. Bu siyasət gənclərin təhsili, sağlamlığı, tərbiyəsi, mənəvi və intellektual inkişafı, asudə vaxtının səmərəli təşkili kimi geniş sahələri əhatə edir. Düzgün müəyyən edilmiş strategiya nəticəsində bu gün Azərbaycan gəncləri idman, elm, mədəniyyət və incəsənət sahələrində mühüm uğurlar qazanır, dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və ölkədə aparılan islahatlarda fəal iştirak edirlər.

Ümumilikdə aparılan işlər göstərir ki, Azərbaycan gəncliyinin böyük əksəriyyətinin mövqeyi aydındır. Bu mövqe Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tam dəstəklənməsindən ibarətdir.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2026