Mobil versiya
Qanla yazılan azadlıq tarixi
Tarix: 20-01-2026 | Saat: 10:57
Bölmə:Siyasət | çapa göndər

Qanla yazılan azadlıq tarixi

20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır, ən faciəli hadisələrdən biri olmaqla yanaşı, eyni zamanda milli azadlıq və müstəqillik uğrunda mübarizənin dönüş nöqtəsi kimi tarixə düşmüşdür. 1990-cı ilin yanvarında Sovet imperiyası tərəfindən həyata keçirilən bu qanlı aksiya insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət idi. Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən sovet qoşunları dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Heç bir xəbərdarlıq edilmədən ağır hərbi texnika, tanklar və müxtəlif növ silahlar şəhər sakinlərinin üzərinə yeridildi, qadın, qoca, uşaq demədən insanlar amansızcasına qətlə yetirildi. 20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını faktiki olaraq itirdi. Bu faciə xalqın imperiyaya olan son inamını da tamamilə sarsıtdı və müstəqillik ideyasını dönməz prosesə çevirdi. Qanlı Yanvar qırğını göstərdi ki, totalitar rejim öz mövcudluğunu qorumaq üçün ən ağır cinayətlərə belə əl atmaqdan çəkinmir. “Bakı əməliyyatı” adı altında həyata keçirilən bu hərbi təcavüz əslində xalqın azadlıq iradəsini boğmaq məqsədi daşıyırdı. 20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli və kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq və rəşadət səhifəsidir. Silahsız əhalinin tankların qarşısına çıxması, azadlıq və müstəqillik uğrunda canından keçməsi milli ruhun və milli kimliyin formalaşmasında həlledici rol oynadı. Bu hadisə Azərbaycan xalqının artıq geri dönməz bir yola – müstəqillik yoluna qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinə ilk gündən etibarən prinsipial mövqe nümayiş etdirmişdir. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla bu qanlı cinayəti açıq şəkildə pisləmiş, Sovet rəhbərliyini ittiham etmişdir. Daha sonra, Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edilmişdir. Bu, Azərbaycan tarixində faciəyə verilən ilk rəsmi siyasi-hüquqi qiymət idi. 1994-cü il martın 29-da isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Bu qərar hadisənin əsl mahiyyətinin üzə çıxarılması, məkrli niyyətlərin ifşası baxımından mühüm əhəmiyyət daşıyırdı. Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti tam şəkildə açıqlanmış oldu. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. 1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də milli azadlıq hərəkatının zirvəsi, müstəqilliyə aparan yolun şəhid qanı ilə yazılmış mərhələsidir. Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi dövlət səviyyəsində əbədiləşdirilmiş, Şəhidlər xiyabanı xalqın müqəddəs ziyarətgahına çevrilmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti bu gün də ardıcıl şəkildə davam etdirilir. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələrinə göstərilən sosial dəstək bunun bariz nümunəsidir. Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət ayırır. Bu siyasət Azərbaycan dövlətinin öz şəhidlərinə olan hörmətinin, mənəvi dəyərlərə sadiqliyinin ifadəsidir. 20 Yanvar faciəsi dünya azərbaycanlılarının təşkilatlanmasında da mühüm rol oynamışdır. Bu hadisə xaricdə yaşayan azərbaycanlıların milli məsələlər ətrafında daha sıx birləşməsinə, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına təkan vermişdir. Qanlı Yanvar hadisələri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz azadlığı və suverenliyi uğrunda istənilən qurbanı verməyə hazırdır. 20 Yanvar faciəsi ölkəmizin tarixində unudulmaz bir səhifədir. Bu gün biz şəhidlərin xatirəsini ehtiramla yad edərək, onların bizə miras qoyduğu müstəqil Azərbaycanı daha da gücləndirməyi, qorumağı və inkişaf etdirməyi özümüzə borc bilirik. 20 Yanvar şəhidləri xalqımızın qürur mənbəyidir və onların əziz xatirəsi Azərbaycan tarixində əbədi yaşayacaqdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə