Mobil versiya
20 Yanvar Hadisələri: Totalitar Hakimiyyətin Ontoloji Böhranı, Milli Subyektliyin Formalaşması və Heydər Əliyevin Tarixi-Siyasi Liderlik Missiyası
Tarix: 15-01-2026 | Saat: 11:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

20 Yanvar Hadisələri: Totalitar Hakimiyyətin Ontoloji Böhranı, Milli Subyektliyin Formalaşması və Heydər Əliyevin Tarixi-Siyasi Liderlik Missiyası

Tarix fəlsəfəsində həlledici məqamlardan biri hakimiyyətlə liderlik arasındakı fərqin aydın şəkildə izahının verilməsidir. Hakimiyyət zorakılıqla mövcud ola bilər, lakin liderlik yalnız mənəvi legitimlik və tarixi məsuliyyət üzərində qurulur. 20 Yanvar 1990-cı il hadisələri bu fərqi bütün aydınlığı ilə üzə çıxarmışdır. Sovet hakimiyyəti zorakılığı seçdiyi halda, Heydər Əliyev milli iradənin və tarixi ədalətin tərəfini tutması bu fəlsəfi ifadənin sübutudur. Bu baxımdan 20 Yanvar hadisələri təkcə totalitar sistemin iflası deyil, eyni zamanda liderliyin siyasi-fəlsəfi mahiyyətinin təcəssümü kimi dəyərləndirilməlidir.

SSRİ-nin son mərhələsi siyasi nəzəriyyədə legitimliyin eroziyası anlayışı ilə izah olunur. Dövlət vətəndaş üzərində razılıq əsasında deyil, qorxu mexanizmləri ilə hökmranlıq etməyə çalışdıqda, hakimiyyət öz ontoloji əsasını itirir. 20 Yanvar gecəsi Bakıya ordu yeridilməsi bu böhranın açıq təzahürü idi. Bu zorakılıq aktı yalnız hüquqi deyil, etik iflas idi. Dövlət öz xalqına qarşı silah işlədərək artıq “qoruyucu” funksiyasını itirmiş, repressiv aparata çevrilmişdi.

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixi statusunu dəyişdi. Xalq imperiya daxilində passiv obyekt olmaqdan çıxaraq, öz taleyinə dair qərar vermək iddiası olan siyasi subyektə çevrildi. Şəhidlərin qanı milli yaddaşı sakrallaşdırdı, azadlıq ideyasını mənəvi borca çevirdi, milli kimliyin və suveren iradənin simvolik təməlini qoydu. Bu mərhələdə xalqın qarşısında mühüm bir sual dayanırdı: Bu tarixi iradəni kim siyasi formaya sala bilər? Məhz, bu sual Heydər Əliyevin rolunu tarixi zərurətə çevirirdi.
Azərbaycan xalqının XX əsrin sonundakı taleyini müəyyənləşdirən hadisələr sırasında 20 Yanvar 1990-cı il faciəsi xüsusi yer tutur. Bu tarix təkcə yüzlərlə günahsız insanın həyatına son qoyulması ilə yadda qalmamış, eyni zamanda sovet totalitar sisteminin iflasının və Azərbaycan xalqının milli azadlıq iradəsinin açıq təzahürü olmuşdur. 20 Yanvar hadisələri Azərbaycan tarixində həm dərin bir faciə, həm də müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi qiymətləndirilir.

Bu qanlı hadisələrə obyektiv siyasi-hüquqi qiymətin verilməsi, onların mahiyyətinin düzgün izah olunması və milli yaddaşda layiqli yer tutması isə birbaşa olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun həm faciə günlərində nümayiş etdirdiyi prinsipial mövqe, həm də sonrakı illərdə həyata keçirdiyi dövlət siyasəti 20 Yanvarın tarixi mənasının formalaşmasında həlledici rol oynamışdır.

O illərdə Dağlıq Qarabağ münaqişəsinin başlanması, erməni separatizminə qarşı adekvat mövqe nümayiş etdirilməməsi, azərbaycanlıların hüquqlarının açıq şəkildə pozulması xalqın etirazını daha da gücləndirmişdir. Bakı və respublikanın digər şəhərlərində keçirilən kütləvi mitinqlər milli azadlıq hərəkatının geniş sosial bazaya malik olduğunu göstərirdi.

Mövcud ictimai-siyasi vəziyyəti dialoq yolu ilə nizamlamaq əvəzinə, SSRİ rəhbərliyi hərbi güc tətbiq etməyi seçdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Bakıya yeridildi. Dinc əhaliyə qarşı ağır hərbi texnika və odlu silahlardan istifadə edildi. Tanklar insanların üzərinə sürüldü, küçələrdə atəş açıldı, təcili tibbi yardım maşınları belə hədəfə alındı. Bu, yalnız siyasi səhv deyil, həm də insanlıq əleyhinə cinayət idi. Rəsmi məlumatlara görə yüzlərlə insan həlak olmuş, minlərlə insan yaralanmışdır. 20 Yanvar gecəsi Bakı qan içində boğulsa da, Azərbaycan xalqının azadlıq iradəsi boğulmadı.

20 Yanvar hadisələri Azərbaycan cəmiyyətində dərin mənəvi sarsıntı yaratmaqla yanaşı, milli şüurun keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb oldu. Xalq sovet hakimiyyətinin əsl mahiyyətini açıq şəkildə gördü və bu rejimə inam tamamilə itdi. Şəhidlərin dəfni ümumxalq matəminə, eyni zamanda milli həmrəyliyin güclü təzahürünə çevrildi. Bu faciə göstərdi ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizədən geri çəkilməyəcək.

20 Yanvar faciəsindən sonra SSRİ rəhbərliyinin susqunluğu, baş verənlərin ört-basdır edilməsinə cəhdlər fonunda Heydər Əliyevin mövqeyi xüsusi tarixi əhəmiyyət daşıyırdı. 1990-cı il yanvarın 21-də onun Moskvada Azərbaycan nümayəndəliyində verdiyi bəyanat sovet siyasi sistemi daxilində misilsiz hadisə idi.

Heydər Əliyev SSRİ rəhbərliyini və şəxsən Mixail Qorbaçovu Azərbaycan xalqına qarşı qanlı cinayət törətməkdə ittiham etdi. Bu bəyanat totalitar rejimə qarşı açıq siyasi etiraz, milli maraqların qəti müdafiəsi, tarixi məsuliyyətin və liderlik missiyasının təzahürü idi. O, bu mövqeyi ilə yalnız siyasi xadim deyil, milli lider olduğunu da sübut etdi. Şəxsi təhlükəsizliyi və siyasi gələcəyi risk altında olsa da, o, ədaləti və həqiqəti üstün tutdu.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, 20 Yanvar hadisələrinə obyektiv qiymətin verilməsi üçün də real imkan yaratdı. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarla 20 Yanvar hadisələri rəsmi şəkildə hərbi təcavüz və cinayət aktı kimi tanındı. Bu qərar tarixi ədalətin bərpası, şəhidlərin xatirəsinə dövlət ehtiramı və milli yaddaşın institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Beləliklə, 20 Yanvar faciəsi siyasi manipulyasiya predmetindən çıxarılaraq dövlət səviyyəsində qiymətləndirilmiş tarixi fakt kimi təsbit olundu.
20 Yanvar hadisələri Azərbaycan Respublikasının 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinin ideoloji-siyasi əsaslarını formalaşdırdı. Bu faciə göstərdi ki, imperiya daxilində qalmaq Azərbaycan xalqı üçün təhlükəlidir. Müstəqillik artıq alternativsiz yol kimi qəbul olunurdu. Heydər Əliyevin siyasi fəlsəfəsində 20 Yanvar şəhidləri müstəqil dövlətin mənəvi təməlini qoyan qəhrəmanlar kimi dəyərləndirilirdi. Bu baxış bu gün də Azərbaycan dövlətinin ideoloji əsaslarında mühüm yer tutur.
20 Yanvar hadisəsi Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu hadisələr Azərbaycan xalqının azadlıq iradəsini sındırmamış, əksinə, onu daha da möhkəmləndirmişdir. Faciənin tarixi mahiyyətinin açılmasında, ona obyektiv siyasi-hüquqi qiymətin verilməsində və milli yaddaşda əbədiləşdirilməsində Heydər Əliyevin rolu həlledici olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2003-cü ildən ölkə başçısı kimi Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsini ardıcıl olaraq davam etdirərək, 20 Yanvar faciəsinin həm tarixi, həm siyasi, həm də ideoloji interpretasiyasını Azərbaycan dövlət siyasətinin mərkəzində strateji önəmli bir element kimi təsbit etmişdir. Onun rəhbərliyi ilə şəhidlərin xatirəsi yalnız emosional və mənəvi dəyər olaraq deyil, həm hüquqi, həm institusional, həm də simvolik aspektdə sistemli şəkildə qorunmuş, muzeylər, abidələr və hər il keçirilən dövlət səviyyəsində ümumxalq anım mərasimləri vasitəsilə milli yaddaşın sakrallaşdırılması və əbədiləşdirilməsi təmin edilmişdir. Bu tədbirlər nəticəsində 20 Yanvar faciəsi Azərbaycan xalqının kollektiv şüurunda sadəcə tarixi hadisə deyil, eyni zamanda azadlıq, milli suverenlik və dövlətçilik ideologiyasının müqəddəs rəmzi kimi möhkəm yer almışdır.

Eyni zamanda, İlham Əliyevin həyata keçirdiyi siyasət, hadisənin tarixi ədalət, milli birlik və dövlətin ontoloji mövcudluğu baxımından dərin ideoloji mənaya malik olduğunu göstərmiş, 20 Yanvarın mənəvi və siyasi mesajını yalnız keçmişin xatirəsi kimi deyil, müasir Azərbaycan dövlətçiliyinin fəlsəfi və ideoloji təməli olaraq qorumağa xidmət etmişdir. Bu yanaşma, hadisənin milli kimlik və dövlətçilik ideologiyasının formalaşmasında həlledici rol oynadığını nümayiş etdirir.

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının milli ləyaqətinin, azadlıq ruhunun və müstəqil dövlətçilik iradəsinin əbədi simvolu kimi yaşayır və yaşayacaqdır.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə