Mobil versiya
Tamam Cəfərova: “Kəlbəcər tezliklə Şərqi Zəngəzurun mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcək”
Tarix: 25-11-2025 | Saat: 10:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tamam Cəfərova: “Kəlbəcər tezliklə Şərqi Zəngəzurun mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcək”

Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi, Kəlbəcər rayonunun hərbi-siyasi yolla işğaldan azad olunması beş il öncə imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanatın şərtlərinə əsasən 2020-ci ilin noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bununla da, noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcər işğaldan azad edildi. Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi. Bu baxımdan Ağdam, Kəlbəcər və Laçın rayonlarının hərbi-siyasi yolla işğaldan azad olunması Azərbaycanın böyük siyasi-diplomatik qələbəsidir.

Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat daha sonra açıqlamasında Kəlbəcər rayonunun işğalından bəhs edib: “1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Erməni vandalları tərəfindən Kəlbəcər rayonunun onlarla tarixi mədəniyyət abidələri, sosial infrastrukturu dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Hətda mənfur düşmən üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcər rayonunu tərk edərkən, 1992-ci ildə olduğu kimi, vandallıqlarından əl çəkməyərək barbarlıqlarını davam etdirdilər. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əminliklə deyə bilərik ki, Azərbaycan Ermənistan üzərində qazandığı böyük qələbə nəticəsində tarixi torpaqllarımızı işğaldan azad etməklə yanaşı, erməni faşizminə də qalib gəlib.”

Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərə diqqət çəkən millət vəkili Tamam Cəfərova bildirib ki, Kəlbəcərin şimal hissəsi Vətən müharibəsinin ilk günlərində işğaldan azad olunub: “Kəlbəcər rayonunun şimal hissəsində strayeji yüksəkliklərin işğaldan azad oluması nəticəsində, Azərbaycan ordusu faktiki olaraq, Ermənistan ordusunun Basarkeçər-Kəlbəcər yolundan istifadəsinin qarşısını almış və düşmənin ordusunun hərəkət imkanlarını iflic vəziyyətə salmışdı. Əlbəttə, bütün bunlar Azərbaycan ordusunun yüksək səviyyəli döyüş qabiliyyətinin və hərbi hazırlığının bariz nümunəsi idi. 44 günlük Vətən müharibəsinin hər günü şanlı Azərbaycan ordsunun qələbələri ilə xalqımızın yaddaşına həkk olunmuşdur. Azərbaycan xalqına bu sevinci, qüruru yaşadan şəhidlərimizi bir daha dərin hörmət və ehtiramla anırıq.”

Daha sonra Kəlbəcər rayonunda həyata keçirilən quruculuq işlərinə diqqət çəkən millət vəkili Tamam Cəfərova qeyd edib ki, erməni vandallarının törətdiyi bütün cinayətlərə baxmayaraq, Kəlbəcər rayonunda bərpa-quruculuq işləri ardıcıl olaraq davam etdirilir: “Ali Baş Komandan cənab Prezident İlham Əliyev Kəlbəcər rayonuna mütəmadi səfərlər edərək, orada həyata keçirilən quruculuq işlərini yerində yoxlayır. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Şəhərin işğala qədərki 1969-cu ildə tərtib edilən son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək olan inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi 421 min m²-i fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 960 şagird yerlik 4 məktəb, 520 yerlik 4 uşaq bağçası, 160 çarpayılıq 2 xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. Əminliklə deyə bilərik ki, işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi Kəlbəcərə də tezliklə həyat qayıdacaq və bura Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə bütün Azərbaycan Xalqını təbrik edirəm” – deyə, Tamam Cəfərova fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025