Mobil versiya
“YAP Azərbaycanın inkişafında tarixi rola malikdir” - DEPUTAT
Tarix: 21-11-2025 | Saat: 15:36
Bölmə:Siyasət | çapa göndər

“YAP Azərbaycanın inkişafında tarixi rola malikdir”

1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycanın ən mürəkkəb dövründə formalaşan bu partiya Ulu Öndərin ətrafında yaradıldı. Çünki xalq həmin mürəkkəb dövrdə xilaskar kimi yalnız Heydər Əliyevi görürdü. Onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, sadiqliyi Azərbaycan ziyalılarını böyük siyasətçinin ətrafında birləşdirdi. Cənab Prezidentin də söylədiyi kimi, burada, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki 1969-cu ildə Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olduğu halda Heydər Əliyevin fəaliyyəti nəticəsində 1982-ci ildə qabaqcıl yerlərdə qərarlaşdı. Həmçinin Heydər Əliyevin vətənpərvərliyi, onun qətiyyəti, cəsarəti, müdrikliyi hər zaman Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Bu yüksək keyfiyyətlər birbaşa Azərbaycan xalqının taleyini həll edirdi. Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrü isə xüsusilə seçilirdi. Belə ki, mütəmadi olaraq Ermənistanın hücumlarına məruz qalan və hər zaman hədəfdə olan Naxçıvan o vaxtkı Azərbaycan rəhbərliyinin də əsassız təqiblərinə məruz qalırdı. Blokada şəraitindəki respublikanı bu vəziyyətdən məhz Heydər Əliyev çıxardı. Ulu Öndər və onun ətrafında birləşmiş fədakar, vətənpərvər insanlar Naxçıvanı qoruya bildilər. Heydər Əliyev Naxçıvanda saxta referendumun keçirilməsinin də qarşısını qətiyyətlə almışdır. Eyni zamanda müstəqil Azərbaycanın üçrəngli bayrağı ilk dəfə məhz Naxçıvanda qaldırıldı. Bütün bu amillər xalqı xilaskar kimi Heydər Əliyevin ətrafında birləşdirdi. Məhz belə şəraitdə Yeni Azərbaycan Partiyası yaradıldı. Yəni, son 33 ilin mənzərəsinə baxdıqda aydın olur ki, YAP-ın yaranması tarixi zərurət idi. Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsi də təsadüfi deyildi. Prezident İlham Əliyev də partiyanın qurultaylarında bəyan edib ki, bu məsələyə Bakıda imkan vermədilər. Çünki Heydər Əliyev fenomenindən qorxurdular. “Öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi”.
Amma xalq öz düzgün qərarını vermişdi. 1992-ci ilin noyabrı gənc müstəqil Azərbaycanın həyatında yeni bir mərhələyə yol açdı. Bu hadisədən 1 il sonra – 1993-cü ilin oktyabr ayında isə Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı. Beləliklə, Azərbaycanın əsl müstəqillik tarixi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Heydər Əliyev hakimiyyətə qayıdana qədər Azərbaycan müstəqil siyasət apara, hətta öz hüdudlarını qoruya bilmirdi.
1993-cü ildən başlayaraq, AXC-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illər Azərbaycanın intibah dövrü kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.
2003-cü ildə isə xalq cənab Prezident İlham Əliyevə etimad göstərməklə əslində Heydər Əliyev siyasətinə səs verdi. Beləliklə, gənc müstəqil Azərbaycanın yeni inkişaf dövrü başladı. Bütün sahələrdə uğura imza atan Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edərək qalib ölkəyə çevrildi. Son 32 ildə Azərbaycanın keçdiyi inkişaf yolu yalnız uğurlarla müşaiyət olunur.
YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var.
Son seçkilərin nəticələri də xalqın YAP-a olan yüksək etimadının göstəricisidir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası qələbə qazanaraq yerli özünüidarəetmə orqanlarında yerlərin böyük əksəriyyətini əldə etmişdir.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
Regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Cənab prezidentin də söylədiyi kimi, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Dövlət başçımız bəyan edib ki, “antimilli ünsürlərlə, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar.”
Hər zaçam dövlətçilik maraqlarını üstüm tutan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rola malikdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025