Mobil versiya
Yeni Azərbaycan Partiyası – dövlət siyasətinin aparıcı gücü
Tarix: 20-11-2025 | Saat: 11:24
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası – dövlət siyasətinin aparıcı gücü

Azərbaycanın müstəqillik illəri ölkəmiz üçün həm ümid, həm də çətin sınaqlar dövrü olmuşdur. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı ölkəmizin siyasi tarixində dönüm nöqtəsi hesab edilir. O dövrdə ölkə dağıdıcı böhranın içində idi və milli həmrəyliyin təmin olunması, siyasi sabitliyin bərqərar olması həyati əhəmiyyət daşıyırdı. YAP-ın yaranması bu məqsədlə Azərbaycanın tanınmış ziyalıları və ictimai xadimləri tərəfindən təşəbbüs edilmişdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP “dünənin, bu günün və gələcəyin partiyasıdır”, bu fikir partiyanın uzunmüddətli strateji rolunu göstərir.
1992-ci ilin oktyabrında “91-lər” adlanan ziyalı qrupunun müraciəti Ulu Öndərə partiyanın rəhbərliyini təklif etdi və bu addım xalqın siyasi iradəsinin ifadəsi kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyev bu müraciəti qəbul edərək partiyanın yaradılmasını Azərbaycan dövlətçiliyi üçün zəruri addım kimi qiymətləndirdi. 21 noyabr 1992-ci il tarixində təsis konfransında YAP-ın Nizamnaməsi və Proqramı qəbul edildi, Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi və partiyanın Siyasi Şurası, İdarə Heyəti formalaşdırıldı.

Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiyanın əsas prinsipləri – vətənə sədaqət, demokratik dəyərlərə bağlılıq və ümummilli maraqlara sədaqət – onun xalq arasında nüfuz qazanmasına səbəb oldu. YAP yalnız hakimiyyətə münasibətdə konstruktiv mövqe tutmadı, həm də müxalifətlə dialoqun inkişafında önəmli rol oynadı.

2005-ci il martın 26-da keçirilmiş III qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev partiyanın sədri seçilərək Ulu Öndərin siyasi irsini uğurla davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkədə siyasi sabitliyi, iqtisadi inkişafı və sosial ədaləti təmin edən aparıcı qüvvəyə çevrildi. Onun rəhbərliyi dövründə partiyanın strukturunda islahatlar aparıldı, yeni Nizamnamə və proqram qəbul edildi, partiyanın fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsipləri gücləndirildi.

2021-ci il martın 5-də keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq edildi və partiyanın fəaliyyət istiqamətləri müasir dövrün çağırışlarına uyğun olaraq yeniləndi. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın birinci müavin təyin olunması partiyada qadınların ictimai-siyasi rolunun gücləndirilməsi və etimadın simvolu oldu.
Beləliklə, Yeni Azərbaycan Partiyası cənab Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həm ölkənin siyasi sabitliyinin təminatçısı, həm demokratik dəyərlərin təşviqçisi, həm də milli maraqların qoruyucusu kimi çıxış edir. Partiyanın fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, cəmiyyətin inkişafına və beynəlxalq nüfuzun artmasına mühüm töhfə verir. YAP Azərbaycanın siyasi dayağı, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə müasir dövlətçilik modelinin əsas sütunu olmuşdur.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025