Mobil versiya
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur
Tarix: 21-02-2017 | Saat: 14:53
Bölmə:Gündəm | çapa göndər

Cocuq Mərcanlıya gedən yol yenidən qurulur

Azərbaycan prezidentinin sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, hazırda sözügedən yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir.

Ümumi uzunluğu 9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Sözügedən yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır. 5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılacaq, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılacaq.

Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılacaq. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə yolun təqribən 68 min kv.m. sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri aparılacaq.

Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək. Yolun tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Tikinti işlərini "Azəravtoyol" ASC texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024