Mobil versiya
Azərbaycan tarixində yeni mərhələnin simvolu
Tarix: 06-10-2025 | Saat: 11:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan tarixində yeni mərhələnin simvolu

Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkəmizin müasir tarixində əldə etdiyi mühüm nailiyyətlərin və dövlətçiliyin əsas sütunlarının bir daha vurğulanmasına, ictimai və siyasi mühitdə möhkəmlənməsinə xidmət edir. Bu qərar həm hüquqi, həm də siyasi cəhətdən dərin məna daşıyır. Konstitusiyanın aliliyi və dövlət suverenliyinin tam bərpası ilə yanaşı, Azərbaycan dövlətinin illər boyu torpaq itkilərinin aradan qaldırılması və öz əraziləri üzərində hüquqi dövlət suverenliyinin tam bərqərar olmasının məntiqi nəticəsidir.

Bu günkü tarixi zəminin yaranması və dövlətin inkişafının hazırkı mərhələyə çatması xalqının və dövlətinin taleyini öz şəxsi taleyinin üstündə görən Ulu Öndər Heydər Əliyevin uzaqgörən xidmətlərinin nəticəsidir.

1993-cü ildə Azərbaycanın parçalanmaq, bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini itirmək, dünya siyasi xəritəsindən bir müstəqil dövlət kimi silinmək təhlükəsi ilə üzləşəndə ölkəni bu təhlükədən məhz Heydər Əliyev xilas etmişdir. Ulu Öndər öz müdrik qərarları ilə ölkəni vətəndaş qarşıdurmasından, etnik toqquşmalardan, siyasi xaosdan xilas edən, bütün dünyanın diqqətini Azərbaycana cəlb etməyi bacaran böyük siyasətçi, həm də Azərbaycanın ağır dərdi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi diplomatik və hərbi səciyyəli addımlar atmaqla gələcək qələbələrimizin əsasını qoymuşdur. Dahi şəxsiyyət olduqca mürəkkəb vəziyyətdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla, həm də yeni, müstəqil, demokratik Azərbaycan dövlətinin memarına çevrildi.

1995-ci il Konstitusiyasının qəbulu ilə Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət quruculuğuna əsaslı keçid etdi. Konstitusiya dövlət hakimiyyətinin mənbəyi kimi xalqın suveren iradəsini tanıyır, hüquqların təminatı, qanunun aliliyi və hüquqi dövlət prinsipləri Konstitusiyanın əsas sütunlarıdır. Konstitusiyaya sonrakı dövlərdə edilən dəyişikliklər bu sənədin daim yenilənən və cəmiyyətin inkişafına uyğunlaşan hüquqi baza olduğunu göstərir.
2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Azərbaycan dövlətinin qazandığı bütün uğurlar, ərazi bütövlüyümüzün bərpa edilməsi, şərəf və ləyaqətimizin simvolu olan üçrəngli bayrağımızın 30 il işğal altında inildəyən mənəviyyat və mədəniyyət paytaxtımız Şuşada, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə dalğalanması Ulu Öndərin memarı olduğu milli dövlətimizin sarsılmaz təməllərinə əsaslanır.
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunması, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində dövlət hakimiyyətinin tətbiqi suverenliyin real bərpasının hüquqi və faktiki ifadəsidir. Bu hadisə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlətin ərazi bütövlüyünün təmin edilməsi baxımından tarixi dönüş nöqtəsi olmuşdur. Artıq ölkə Konstitusiyası bütün ərazidə maneəsiz şəkildə tətbiq edilməklə qüvvədədir.
İlk dəfə olaraq Azərbaycan dövləti itirilmiş torpaqlar üzərində tam suverenliyini bərpa etmişdir. XVIII əsrdən etibarən Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər, Çar Rusiyasının ekspansiyası və sonrakı imperiya siyasəti nəticəsində Azərbaycan torpaqları mərhələli şəkildə zəbt edilmişdir. 1990-cı illərdəki Ermənistan-Azərbaycan müharibəsində işğal edilmiş torpaqlar bu uzunmüddətli tarixi faciənin davamı idi. Lakin 2020-ci il Vətən müharibəsi və ardınca keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan dövləti öz tarixində ilk dəfə olaraq hərbi-siyasi yolla itirilmiş ərazilərini tam qaytarmağa nail olub. Bu, təkcə ərazi qələbəsi deyil, Azərbaycan xalqının tarixi iradəsinin və milli kimliyinin təntənəsi idi. Bu nailiyyətlərin əldə olunmasında əsas rolu xalqın və dövlətin birliyi, intizamlı ordu və mahir sərkərdə missiyasını həm hərbi, həm də siyasət arenasında tam məharətlə ifadə və icra edən, xalqının və dövlətinin taleyini hər şeydən üstün tutan cənab Prezident İlham Əliyevin şəxsiyyəti oynamışdır.

2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə çevrilib. Bu gün dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış addımları hər bir azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində isə ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən beş ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə vurğulamaq mümkündür. Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın bəhrəsidir ki, ABŞ Prezidenti Trampın dilindən “Xalqınız böyük xalqdır” iltifatını da eşitdik və bu inanılmaz dərəcədə qürurludur. Şübhəsiz, bu iltifat dəyər baxımından pik nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə etirafına imkan qazandıran Prezident İlham Əliyevdir, onun üstün siyasi-diplomatik kursudur.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Bu mərhələdə ölkəmiz həm hüquqi baxımdan tam Konstitusiya əsaslı idarəetməyə, həm də siyasi və inzibati baxımdan suveren hakimiyyətini bütün ərazilərində icra edən güclü dövlətə çevrilmişdir. Konstitusiya və suverenlik – biri hüquqi təməl, digəri siyasi iradə – Azərbaycanın gələcəyini müəyyən edən iki əsas sütundur. Tarixi baxımdan isə bu mərhələ Azərbaycan dövlətçiliyinin müstəqillik tarixində ilk dəfə olaraq öz milli ərazilərinə tam nəzarət etməsi və suverenliyini real icra etdiyi dövr kimi tarixə düşəcək.

Narınc Məmmədova,
Füzuli rayon, Q.İbişov adına Mahmudlu-2 kənd tam orta məktəbin təşkilatçı müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2025