Mobil versiya
Prezident İlham Əliyev: "Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır
Tarix: 19-02-2017 | Saat: 21:31
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev: "Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır









Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edib.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Panel-müzakirənin aparıcısı, Avrasiya Qrupunun sədri və təsisçisi Yan Bremmer Avrasiya regionunun əhəmiyyəti və bu regionda gedən proseslər barədə məlumat verdikdən sonra tədbirin qonaqlarını təqdim etdi və sözü dövlətimizin başçısına verdi.

Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan olaraq dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev 25 ildən çoxdur öz müstəqilliyini bərpa edən Azərbaycanın dünyada etibarlı tərəfdaş və hörmət edilən ölkə olduğunu bildirdi. Qeyd etdi ki, bunun ən gözəl örnəyi bir neçə il öncə 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi.

Prezident İlham Əliyev Azərbaycanın müsəlman aləminin bir parçası, eyni zamanda, Avropa qurumlarının fəal üzvü olduğunu dedi. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının uğurla baş tutduğunu, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğuladı. Son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatların həyata keçirildiyini, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ölkəmizin qədim "İpək Yolu"nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayaraq dedi:

- Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı gəmiqayırma zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın əsas problemi olduğunu deyən dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının işğalçıların torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmasını nəzərdə tutan qətnamələrinin Ermənistan tərəfindən icra olunmadığını bildirdi, bu münaqişəni region üçün ən böyük təhlükə adlandıraraq dedi:

- BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır. Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə, həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır.

Tədbirin aparıcısının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualına cavab verən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətləri var və bu, qarşılıqlı hörmətə əsaslanır. Qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını deyən dövlətimizin başçısı Azərbaycanın Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini bildirdi. Bu məqsədlə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya Prezidenti Vladimir Putinlə danışdığını, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də vasitəçilik prosesində iştirak etdiyini deyən Prezident İlham Əliyev Türkiyə və Rusiya dövlət başçılarının vəziyyəti qiymətləndirib düzgün qərar verdiklərini vurğuladı. Artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını deyən Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edərək bildirdi:

- Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır.

Sonra tədbir müzakirələrlə davam etdirildi. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında Prezident İlham Əliyev bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir. "Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib", - deyən dövlətimizin başçısı qondarma "Dağlıq Qarabağ rejimi"nin keçirəcəyi "referendum"un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirdi. Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu "referendum"un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırdı.

Azərbaycanın beynəlxalq qurum və təşkilatlarla əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa Komissiyasına təklif etdiyi layihə əsasında danışıqlara başlandığını və bu razılaşmanın tezliklə tamamlanacağına ümidvar olduğunu bildirdi. Bununla yanaşı, dövlətimizin başçısı Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişlərin imzalandığını vurğuladı.

"Avropanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu ilə bağlı gözləntiləriniz nədir?" sualına cavabında Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır. Dövlətimizin başçısı səylərin birləşdirilməsi və təcavüzkar Ermənistana torpaqları boşaltmaqla bağlı təzyiq göstəriləcəyi təqdirdə münaqişənin tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırdı.

Panel-müzakirələrdə Estoniya Prezidenti xanım Kersti Kalyulayd, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev və Ukraynanın keçmiş Baş naziri Arseni Yatsenyuk da iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri fevralın 19-da başa çatıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024