Mobil versiya
BMT tribunasından ədalət dərsi
Tarix: 29-09-2025 | Saat: 10:12
Bölmə:Siyasət | çapa göndər

BMT tribunasından ədalət dərsi

Cənab Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı sadəcə siyasi bəyanat deyil, 30 illik dözümün, mübarizənin və ədalətin zəfərinin ruhunu ifadə edən tarixi bir nitq oldu. Bu, dünyanın vicdanına ünvanlanmış, kədərdən zəfərə uzanan, inamdan əməkdaşlığa körpü salan emosional bir müraciət idi. Artıq cənab Prezident bu tribunadan işğalın və bir milyon didərginin göz yaşının ağrısından deyil, Qələbənin gur işığından danışırdı. O, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə faciəsini xatırladaraq, BMT qətnamələrinin sükutunun və ATƏT-in Minsk qrupunun illərlə davam edən səmərəsiz danışıqlarının yaratdığı ümidsizlik dövrünə son qoyulduğunu elan etdi. Azərbaycanın Vətən müharibəsi ilə öz tarixi haqqını və ədalətini BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində necə bərpa etdiyini dünya ictimaiyyətinə xatırlatdı.

Cənab Prezident Əliyev üçün sülh təkcə kağız üzərində imzalanan müqavilə deyil, bölgənin gələcək taleyini müəyyənləşdirən bir missiyadır. O, avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanmasını və Birgə Bəyanatın imzalanmasını sülh prosesinin dönməzliyinin sübutu adlandırdı. Bu razılaşma, illərdir status-kvonu qorumağa çalışan Minsk qrupunun rəsmi şəkildə tarixin arxivinə göndərilməsi ilə möhkəmləndi. Eyni zamanda, cənab Prezident Zəngəzur dəhlizini – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini təqdim edərək, bu yolun bütün bölgə üçün inkişaf və etimad magistralı olacağını xüsusi qeyd etdi.
Nitqin ən həssas anlarından biri bərpa və itki mövzularına həsr olunmuşdu. Cənab Prezident işğal illərində yerlə-yeksan edilmiş kənd və şəhərləri, məqsədli şəkildə dağıdılmış məscidləri xatırlatdı, lakin dərhal "Biz isə yenidən qururuq!" mesajını verdi. "Böyük Qayıdış"ın artıq qüvvədə olduğunu və 50 mindən çox insanın yenidən doğma ocaqlarına döndüyünü bildirdi. Lakin bu Qayıdışın yolunda 400-dən çox mülki şəxsin və hərbçinin həyatını alan mina terroru və hələ də taleyi qaranlıq qalan dörd minə yaxın itkin düşən vətəndaşımızın faciəsi qlobal diqqəti tələb edən humanitar yaralardır.

Qlobal məsələlərdə də Azərbaycanın mövqeyi tərəfdaşlıq və ədalət prinsipinə əsaslanır. Cənab Prezident İlham Əliyev COP29-a ev sahibliyi təcrübəsini yüksək qiymətləndirdi və qəbul edilən Bakı Maliyyə Hədəfinin (NCQG) qlobal iqlim ədaləti üçün atılan cəsarətli bir addım olduğunu bildirdi. O, mədən yanacaqlarından kəskin imtinanın qeyri-real olduğunu vurğulayaraq, Azərbaycanın 14 ölkəyə qaz ixrac edən etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd etdi.

Nəhayət, cənab Prezident öz çıxışını güclü və ruhlandırıcı bir çağırışla tamamladı. O, ikili standartlara son qoyulmasının zamanının çatdığını bəyan etdi: "Azərbaycan həm müharibəni uddu, həm də sülhü qazandı," deyən cənab Prezident İlham Əliyev sülhün təkcə danışıqlarla deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurulmasına səslədi. Bu, Azərbaycanın qələbəsi ilə möhkəmlənən, beynəlxalq hüququn əzəli üstünlüyünü təsdiqləyən, ümumbəşəri ədalətə xidmət edən bir baxış idi.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2025