Mobil versiya
Səttar Möhbalıyev: "Bu qələbənin əsas sütunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında formalaşmış güclü Azərbaycan Ordusu oldu"
Tarix: 24-09-2025 | Saat: 11:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev:  "Bu qələbənin əsas sütunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında formalaşmış güclü Azərbaycan Ordusu oldu"

Tarix bir daha sübut etdi ki, xalqların taleyində elə günlər var ki, onlar həm hüzn, həm də şərəf anı kimi yaddaşlara həkk olunur. 27 sentyabr – Anım Günü də məhz belə günlərdəndir. Bu tarix həm şəhidlərimizin müqəddəs xatirəsinin anıldığı, həm də Azərbaycan xalqının bir yumruq kimi birləşərək milli iradəsini ortaya qoyduğu gündür. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycanın 200 illik tarixində erməni millətçiliyinin gətirdiyi faciələr hər birimizin yaddaşındadır. Çar Rusiyası dövründə başlayan köçürmələr, XX əsrin əvvəllərində törədilən qətliamlar, 1948–1956-cı illərdə həyata keçirilmiş deportasiyalar, 1988-ci ildən etibarən 300 min soydaşımızın Ermənistandan qovulması – bütün bunlar rəsmi İrəvanın “monoetnik Ermənistan” yaratmaq xəstəliyinin nəticəsi idi. Xocalı soyqırımı isə bu siyasətin ən dəhşətli təzahürü oldu. 613 dinc azərbaycanlının qətlə yetirilməsi, yüzlərlə ailənin parçalanması, uşaqların valideynsiz qalması insanlıq əleyhinə cinayət kimi tarixə düşdü. Amma beynəlxalq təşkilatların “ikili standartları” bu faciələrin qarşısını almadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmadı, ATƏT-in Minsk Qrupu isə 30 il ərzində işğalı leqallaşdırmaqdan başqa bir iş görmədi. Azərbaycan dövləti isə bütün bu dövrdə beynəlxalq hüquqa sadiq qaldı. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edirdi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu.” 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları nəticəsində Azərbaycan artıq səbir kasasının daşdığını bütün dünyaya göstərdi. Düşmənin artilleriya atəşləri nəticəsində dinc sakinlərimizin qətlə yetirilməsi Ali Baş Komandan İlham Əliyevi qətiyyətli qərar qəbul etməyə sövq etdi. Əks-hücum əmri verildi və Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləməyə başladı. 44 gün davam edən müharibə Azərbaycan tarixində Zəfər dastanı oldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa – hər bir azad edilmiş şəhər xalqın qəlbində əbədi qürur rəmzinə çevrildi. 30 ilə yaxın işğalda olan torpaqlarımız 44 gün ərzində azad edildi. Bu, həm hərbi, həm də siyasi müstəvidə əldə edilmiş misilsiz nailiyyət idi. Bu qələbənin əsas sütunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında formalaşmış güclü Azərbaycan Ordusu oldu. Son illərdə həyata keçirilən islahatlar, müasir texnika ilə təchizat, Türkiyə ilə birgə keçirilən təlimlər, hərbi sənaye kompleksinin inkişafı – bütün bunlar nəticəsini verdi. Cənab Prezident İlham Əliyev bu barədə xüsusi vurğulayıb: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.” 44 günün hər günü tarixə qəhrəmanlıq səhifəsi yazdı. Azərbaycan əsgəri öz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad etdi, şəhidlərin qanını aldı, xalqın qürurunu bərpa etdi.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı öz lideri ilə bir yumruq kimi birləşəndə qarşısında heç bir güc dayana bilməz. Ön cəbhədə qəhrəman əsgərlər döyüşür, arxa cəbhədə xalq onları dəstəkləyir, bütün millət Ali Baş Komandanın ətrafında səfərbər olurdu. Prezident İlham Əliyevin dediyi kimi: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq.” 27 sentyabr Anım Günü həm də şəhidlərimizin ruhuna göstərilən ehtiramın təcəssümüdür. Dövlət bu günün təsis olunması ilə şəhidlərin xatirəsini əbədi yaşadır. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Biz bu Qələbəyə görə onlara borcluyuq.” Bu gün şəhid ailələri və qazilər dövlətin xüsusi qayğısı ilə əhatə olunub. Yeni medal və ordenlərin təsis edilməsi, mənzillə təminat, tibbi reabilitasiya proqramları – bütün bunlar dövlətin öz qəhrəman övladlarına göstərdiyi yüksək ehtiramın nümunəsidir. 27 Sentyabr təkcə hüzn günü deyil. Bu gün həm də xalqımızın əzmini, birliyini və qəhrəmanlığını dünyaya nümayiş etdirdiyi gündür. Şəhidlərimizin qanı bahasına qazanılmış Zəfər bizi həm gələcəyə daha inamla aparır, həm də dövlətimizin gücünü möhkəmləndirir. Azərbaycan artıq qalib dövlətdir, Azərbaycan xalqı müzəffər xalqdır. Bu Qələbə əbədi olacaq, çünki o, xalqımızın qanında, ruhunda, yaddaşında və dövlətimizin hər addımında yaşayır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2025