Mobil versiya
Yüksəksəviyyəli görüş münasibətlərin inkişafına yeni impuls verəcək
Tarix: 24-08-2025 | Saat: 19:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

Yüksəksəviyyəli görüş münasibətlərin inkişafına yeni impuls verəcək

Azərbaycan, Türkmənistan, Özbəkistan respublikaları eyni etnik kökləri, eyni dili və dini, oxşar mədəniyyətləri olan dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi Mərkəzi Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlığın genişlənməsinə imkanlar açır. Son illər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər ölkələrimizi bir-birnə yaxınlaşdırır, hörmət və fayda əsasında yeni münasibətlər sistemini möhkəmləndirir.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfər etməsi və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi görüş iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına yeni impuls verəcək.

İyul ayında Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərə gəldiyini və bu çərçivədə işğaldan azad olunmuş Füzuliyə getdiyini xatırladan deputat dedi ki, Xalq Məclisinin Sədri füzulililərə Türkmənistan xalqı adından məscid tikilib hədiyyə olunacağını bildirmişdi. Uzun illər işğal altında olmuş ərazilərin yenidənqurma və bərpa işlərində Mərkəzi Asiya ölkələrindən olan qardaşlarımız iştirak edərək öz hədiyyələrini verməklə, Azərbaycan xalqı ilə bir yerdə olduqlarını nümayiş etdirirlər. "Füzuli şəhəri Türkmənistanın Arxadağ şəhəri ilə qardaşlaşdı. Bu, bizim qardaşlıq bağlarımızın uzanması və bir-birinə daha sıx birləşməsi deməkdir. Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov "Taus" ləqəbli "Axaltəkə" atını Prezident İlham Əliyevə hədiyyə etdi. Prezident İlham Əliyev də Füzuliyə səfəri çərçivəsində Berdiməhəmmədova "Qarabağ" atı hədiyyə etmişdi. Qarabağ atının hədiyyə olunmasının rəmzi mənası var idi. Çünki atımız qələbəmizi simvolizə edir - at xalqın dayağıdır, at xoşbəxtlik gətirir. Qurbanqulu Berdiməhəmmədovun hədiyyə etdiyi atın adı "Taus"dur. Bu ad isə "Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!" mənasını ifadə edir", - deyə o bildirib.

A.Badamov qeyd edib ki, Azərbaycan və Türkmənistan ticari-iqtisadi əlaqələri özünün inkişaf dövrünü yaşayır. Belə ki, son illər ölkələrarası ticarət dövriyyəsi sürətlə artır. Bu göstərici 2021-ci ildə 105.1 milyon dollar idisə, 2024-cü ildə 383.7 milyon dollar olub. Bu da iqtisadi əməkdaşlığımızın üç dəfədən çox artması deməkdir.

Azərbaycan-Özbəkistan əlaqələrinin də yüksək səviyyədə olduğunu vurğulayan deputat əlavə edib ki, iki ölkə arasında 2024-cü ildə ticarət dövriyyəsi 200 milyon dollar olub. Bu ilin 7 ayında isə bu göstərici 127 milyon dollara çatıb: "2030-cu ildə isə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. Bunun üçün hər il ticarət dövriyyəsində 30-35 faiz artım olmalıdır. Özbəkistanla ölkəmiz arasında imzalanmış sənədlərin icra olunması hədəflərə çatacağımızı göstərir. Dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri və görüşməsi ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Özbəkistan işğaldan azad olunmuş ərazilərimizdə keçirdiyimiz yenidənqurma və bərpa işlərinə töhfə verən ilk qardaş ölkə olub. Prezident Şavkat Mirziyoyevin Füzuliyə səfəri çərçivəsində hədiyyə etdiyi, dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan orta məktəb Azərbaycan və özbək xalqlarının qardaşlıq simvolu olub", - deyə o əlavə edib.

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclasında iştirakı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması üzrə Fəaliyyət Planı, 2025-2027-ci illəri əhatə edən sənaye və kənd təsərrüfatı əməkdaşlığı proqramları, gəmiçilik, təhsil, sosial müdafiə, gömrük, rəqəmsal təhlükəsizlik və ətraf mühit sahələrində imzalanan qarşılıqlı razılaşmalar tərəfdaşlığın strukturlaşdığını və funksional inteqrasiyaya yönəldiyini göstərir. Dövlət başçılarının Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılışında və "Ağ şəhər" ərazisində "Özbəkistan" parkının təməlqoyma mərasimində iştirakı ikitərəfli strateji müttəfiqliyin siyasi, mədəni və diplomatik əsaslarını möhkəmləndirən rəmzi və institusional addımlar kimi qiymətləndirilir. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) artıq Özbəkistanda böyük bir neft yatağının işlənilməsinə başlayıb. Bu yataqda hasilatın əldə olunması qardaş Özbəkistanın neft istehsalı sahəsində yeni bir dönəmə qədəm qoymasına yol açmaqla yanaşı, ölkələrimizi bir-birinə daha çox yaxınlaşdıracaq.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan-Türkmənistan-Özbəkistan dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi və mətbuata birgə bəyanatlarla çıxışları mühüm əhəmiyyət kəsb edir: "Bu görüş ölkələrimiz arasında yeni üçtərəfli əməkdaşlıq formatının yaranması deməkdir. Dövlət başçıları nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələrin inkişafı ilə bağlı müzakirələr apardılar və müvafiq tapşırıqlar verdilər. Ölkələrimizin iqtisadi əməkdaşlıq potensialı çox böyükdür. Bunun dərinləşməsi bütün Avrasiya regionunun inkişafına böyük töhfə verəcək Azərbaycanı Mərkəzi Asiyadan Xəzər dənizi ayırır. Xəzər dənizi həm də bizi birləşdirir. Türkmənbaşı və Bakı Beynəlxalq Ticarət limanları arasında əməkdaşlığın genişlənməsi Türkmənistan və Özbəkistanın Orta dəhliz vasitəsilə Avropaya iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Özbəkistan və Türkmənistan həm də "yaşıl enerji"ni Xəzər dənizinin dibi vasitəsilə Azərbaycan üzərindən digər bazarlara çıxarmaq imkanına malik olacaq. Ölkələrimiz qarşılıqlı investisiyaların yatırılması və ehtiyac olan mallar ticarətinin mübadiləsi ilə bağlı razılıq əldə edib. Bu da üç ölkədə istehsal olunan malların ixracı üçün daxili imkanlarımızın önə çəkilməsi deməkdir".

A.Badamov vurğulayıb ki, ümumiyyətlə Cənubi Qafqazda sülhün möhkəmlənməsi, Zəngəzur dəhlizinin açılması və daxili imkanlarımızın səfərbər olunaraq bir-birinə açıq elan edilməsi ölkələrimizi bir-birinə yaxınlaşdırmaqla bərabər, iqtisadi inkişafımızın sürətlənməsinə yüksək töhfə verir.

Əsmər QARDAŞXANOVA



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2025