Mobil versiya
Tariximizin parlaq səhifəsi
Tarix: 12-08-2025 | Saat: 12:47
Bölmə:Siyasət | çapa göndər

Tariximizin parlaq səhifəsi

Avqustun 8-i yalnız təqvimdə bir gün deyil. Bu, əsrin diplomatik zirvəsidir, 35 illik ədalət mübarizəsinin qızıl möhürüdür. ABŞ liderlərinin mövqeyi regionda sülh və əmin-amanlığın, region ölkələri arasında əbədi sülhün bərqərar olmasın üzərində qurulub.

Donald Tramp administrasiyasının mövqeyini ən obyektiv yanaşma kimi qiymətləndirmək mümkündür. ABŞ Cənubi Qafqaza qayıtmaqla yanaşı, regionda nüfuz qazanmaq, sülhü bərqərar edən ölkə kimi tarixə düşmək niyyətindədir. Vaşinqtonun addımları və Azərbaycanla güclənən münasibətləri bölgədə sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Ən əsası Vaşinqton görüşü regionda yeni geosiyasi reallığın yaranmasına və balansların formalaşmasına səbəb olacaq. Bu vəziyyətdə isə rəsmi Bakı əsas aktor kimi çıxış edəcək. Bir vaxtlar bizi “ümumi dövlət” saxtakarlığına, “Aland modeli” illüziyasına, “paket” və “mərhələli” həll tələsinə salmaq istəyənlər – bu gün, məhz bu torpağın qalib övladlarının yaratdığı reallığı qəbul edərək, qalib Azərbaycanın diplomatik masasının şahidi oldular.

2020-ci ilin 10 noyabr kapitulyasiyasının məntiqi sonluğu – Ermənistanın bütün ərazi iddialarından imtinası – Vaşinqtondan bütün dünyaya sülhün yeni manifesti kimi səsləndi. Bəli, bu zəfərin yolu asan olmadı. 44 gün – xalqın iradəsini, ordunun gücünü, Prezident İlham Əliyevin qətiyyətini dünyaya göstərdi. Ardınca 2023-cü ilin antiterror əməliyyatları – düşmənin illərlə qurdlaşdırdığı məkrin son nəfəsini kəsdi. O günlərdə Bakını işğal edəcəklərini iddia edənlər indi Azərbaycanın açdığı yollarla dünyaya çıxış axtarır. Vaşinqton Bəyannaməsi ilə Azərbaycan diplomatiyası təkcə regional deyil, qlobal səhnədə də yeni səhifə açdı. Bu sənəd, həm siyasi, həm hüquqi baxımdan Azərbaycan dövlətinin mövqeyini möhkəmləndirdi, sülhün və sabitliyin təminatçısı kimi ölkəmizin nüfuzunu daha da yüksəltdi. Bu uğur Azərbaycanın yalnız torpaqlarını bərpa etməsi deyil, həm də bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin formalaşması üçün nümunəvi model yaratmasıdır. Və indi – masada, diplomatiya meydanında – qalibin imzası çəkildi. Bu imza ilə Azərbaycan yalnız XX əsrin sonunda itirdiyi torpaqlarına nəzarəti bərpa etmədi, həm də XX əsrin əvvəlində əlindən alınan Zəngəzura fərqli yolla – siyasi zəka, strateji baxış və böyük gücün yaratdığı yeni reallıqla qayıtdı.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” artıq təkcə kommunikasiya xətti deyil – bu, türk dünyasının birləşmə yoludur. Vaşinqton Bəyannaməsi – dünyanın gözü qarşısında imzalanan tarixi sənəddir. Orada yazılan hər bənd – illərlə davam edən mübarizəmizin hüquqi zəfəridir. Ermənistanın iddialarından imtinası, ATƏT-in Minsk Qrupunun tarixə qovuşması, Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantı, regionda yeni iqtisadi damarların açılması, sərhədlərin toxunulmazlığı və qisasçılığın istisna edilməsi gərgin və uğurlu diplomatiyanın nəticəsidir. Bu sənəd, eyni zamanda, regionda yeni iqtisadi əməkdaşlıq platformalarının yaradılmasına şərait yaradır. Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolu daha da artacaq, nəqliyyat dəhlizləri genişlənəcək, ölkəmiz beynəlxalq ticarət xəritəsində strateji əhəmiyyətli mərkəz kimi möhkəmlənəcək.

Bu gün qalibin səsi yalnız meydanda deyil, diplomatiya salonlarında da ucaldı. Bu gün şəhidlərimizin ruhu şaddır – çünki onların qanı ilə yazılan Zəfər, Prezident İlham Əliyevin uzaqgörənliyi və xalqımızın dəmir iradəsi ilə sülhün imzasına çevrildi. Bu tarix gələcək nəsillərə müharibəsiz, təhlükəsiz və inkişaf edən bir Vətən vəd edir. Azərbaycan – bu gün regionun güc mərkəzi, sülhün təminatçısı, Türk dünyasının qapısıdır. Biz meydanda da, masada da qalib gəldik.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2025