Mobil versiya
Göydəniz Qəhrəmanov: “Şuşa Forumu Azərbaycanın öz milli prioritetlərini beynəlxalq ictimaiyyətə aydın və qəti şəkildə çatdırdığı strateji platformaya çevrilib”
Tarix: 20-07-2025 | Saat: 17:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: “Şuşa Forumu Azərbaycanın öz milli prioritetlərini beynəlxalq ictimaiyyətə aydın və qəti şəkildə çatdırdığı strateji platformaya çevrilib”

Prezident İlham Əliyevin 19 iyul tarixində Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər təkcə media və informasiya sahəsində deyil, bütövlükdə Azərbaycanın gələcək strateji inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm tezislərlə yadda qaldı. Forumun “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunması, medianın qlobal geosiyasi proseslərdə təsir alətinə çevrildiyi bir dövrdə Azərbaycanın bu sahəyə verdiyi əhəmiyyətin bariz nümunəsi oldu.

Prezidentin çıxışı həmçinin postmünaqişə dövründə milli təhlükəsizlik, informasiya suverenliyi, ərazilərin bərpası, yaşıl enerji keçidi və xarici siyasət istiqamətində Azərbaycanın yol xəritəsini təqdim etdi. Bu baxımdan, Forum Azərbaycanın öz milli prioritetlərini beynəlxalq ictimaiyyətə aydın və qəti şəkildə çatdırdığı strateji platformaya çevrildi. Prezident İlham Əliyev forumda xüsusilə vurğuladı ki, Vətən müharibəsi dövründə və ondan sonra Azərbaycan dezinformasiya ilə ciddi mübarizə aparmalı olub. Xarici media resurslarının əksəriyyəti Ermənistanın yalanlarını tirajlayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa çalışırdı. Bu təcrübə bir daha göstərdi ki, müasir informasiya müharibəsində milli media ölkəmizin maraqlarını müdafiə edən etibarlı və güclü qaladır.

Bu gün Azərbaycan mediası beynəlxalq aləmdə nüfuz qazanmış və ölkənin milli maraqlarını qorumaq gücündə olan bir sistemə çevrilib. Mediamız istənilən əsassız qarayaxma kampaniyasına adekvat cavab vermək imkanına malikdir. Azərbaycan mediasının qlobal informasiya sisteminə inteqrasiyası, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi artıq yalnız texnoloji inkişaf məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Forum çərçivəsində Prezident İlham Əliyevin yaşıl enerji ilə bağlı fikirləri də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi və bu sahəyə göstərilən diqqət ölkəmizin ekoloji məsuliyyətini və innovativ enerji gündəmindəki liderliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı bildirdi ki, 2030-cu ilə qədər ölkədə 6.2 GVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur və artıq 280 MVt gücündə ilk stansiya istifadəyə verilib. Bu yanaşma Azərbaycanın regionda və dünyada “yaşıl diplomatiya” siyasətinə verdiyi töhfənin göstəricisidir. COP29-un Bakıda keçirilməsi və tədbir çərçivəsində bir sıra vacib qərarların qəbul edilməsi məhz Azərbaycanın təşəbbüsü və liderliyinin nəticəsidir. Beləliklə, ölkəmiz enerji təhlükəsizliyi və yaşıl keçid mövzularında həm siyasi, həm də iqtisadi baxımdan dayanıqlı mövqe sərgiləyir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, artıq Xankəndidə dövlət səviyyəsində tədbirlərin keçirilməsi Azərbaycanın suverenliyinin tam bərpasının açıq təzahürüdür. Forumun məhz Xankəndidə təşkili həm simvolik, həm də praktiki baxımdan mühüm mesaj verir: “Azərbaycan öz torpaqlarına tam nəzarət edir və onların inkişafını təmin etməkdə qətiyyətlidir.” Dövlət başçısının qeyd etdiyi kimi, artıq 8 şəhər və kəndə 50 minə yaxın vətəndaş geri qayıdıb. Yol, məktəb, enerji və sosial infrastruktur layihələrinin sürətlə davam etməsi yalnız texniki vəsaitlə deyil, eyni zamanda siyasi iradə, milli həmrəylik və strateji planlamanın nəticəsidir. Bu uğurlu qayıdış prosesi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini daha da gücləndirir.

Prezidentin sülh gündəliyinə dair səsləndirdiyi fikirlər də forumun diqqətçəkən məqamlarından biri oldu. Dövlət başçısı bildirdi ki, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılır. Abu Dabidə keçirilmiş ikitərəfli görüşdə müzakirə edilən məsələlər sülh prosesini yaxınlaşdırır. Azərbaycanın irəli sürdüyü haqlı tələblər – Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi – iki ölkə arasında sülhün təmin olunması üçün əsas şərtlərdir. Eyni zamanda, ABŞ, Çin, Avropa İttifaqı və digər güc mərkəzləri ilə aparılan balanslı xarici siyasət, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycanın çoxvektorlu diplomatiyasının əsas dayaqlarındandır.

III Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan müasir çağırışlara önəm verir və bu çağırışların həllində fəal rol oynayır. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, ölkəmiz beynəlxalq arenada mühüm rola malikdir və regionda liderliyini daha da möhkəmləndirir.

Göydəniz Qəhrəmanov,
Milli Məclisin deputatı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə