Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Azərbaycan - Özbəkistan münasibətləri dövlət başçıları səviyyəsində intensiv siyasi dialoq əsasında inkişaf edir”
Tarix: 04-07-2025 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Azərbaycan - Özbəkistan münasibətləri  dövlət başçıları səviyyəsində intensiv siyasi dialoq əsasında inkişaf edir”

“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin növbəti, daha yüksək inkişaf mərhələsinə keçidini nümayiş etdirir. Qeyd olunmalıdır ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə yüksəlişi bir çox baxımdan bu iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Təbii ki, xalqlarımız da dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli şəkildə görür. Azərbaycan və Özbəkistan Prezidentlərinin keçən il Daşkənddə imzaladıqları Müttəfiqlik münasibətləri haqqında Müqavilə istənilən iki ölkənin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də iyulun 2-də mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı xüsusi vurğulamış, eləcə də Özbəkistan Prezidentinin Azərbaycana növbəti səfərini yüksək dəyərləndirmişdir. Həmçinin qeyd olunmuşdur ki, bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondu bu məbləği çox sürətlə sərf edəcək və onu artırmaq lazım olacaq. Bu isə o deməkdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün müəyyən edilmiş istiqamətlər və strategiya tamamilə düzgün seçilib. Görülən işlərin yüksək effektivliyi isə birbaşa Azərbaycan və Özbəkistan Prezidentlərinin tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət etmələri ilə təmin olunur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib..

Daha sonra partiya sədri qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafında nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi əhəmiyyət verilir: “Azərbaycan və Özbəkistan Prezidentlərinin istər təkbətək formatda, istərsə də Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirə etdikləri məsələlər çoxvektorlu və əhatəli olmuşdur. Bununla belə hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və bu sahədə yaxından əməkdaşlıq edir. Məhz buna görə də müzakirələrin gedişində həm bugünkü imkanlar nəzərə alınaraq, həm də gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsi ətraflı nəzərdən keçirilib. Azərbaycan və Özbəkistan liderləri hər iki ölkənin infrastrukturlarının böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələri ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmaq barədə razılığa gəliblər. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Buna görə də Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək Azərbaycanın nəqliyyat infrastrukturu xeyli böyük həcmlərdə yük qəbul etməyə hazır olmalıdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025