Mobil versiya
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib - YENİLƏNİB FOTO
Tarix: 24-06-2025 | Saat: 19:11
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib

İyunun 24-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bildiyiniz kimi, iki gündən sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü böyük qürurla qeyd edəcək. 107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli ordumuz şərəfli inkişaf yolu keçib. Xüsusən, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə ordunun kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilib.

Heydər Əliyev yolunu ordu quruculuğu sahəsində də layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyyatında göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.
30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib.
Milli Məclisin sədri bildirib ki, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin öz yerini tutması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış, ölümlə üz-üzə dayanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq.
Spiker qeyd edib ki, bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin və suverenliyinin keşiyində sayıq dayanmışlar. Onlar işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri də layiqincə yerinə yetirirlər. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək.
Çıxışının sonunda spiker Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibəti ilə müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edib, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıb.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə parlamentin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Fazil Mustafa, deputatlar Razi Nurullayev, Tural Gəncəliyev, Pərvanə Vəliyeva, Rizvan Nəbiyev, Ceyhun Məmmədov, Nizami Səfərov, Azər Badamov, Vüqar Bayramov çıxış ediblər.
Millət vəkilləri ölkəmizdə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını bildiriblər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycan Ordusunun formalaşmasını və gücləndirilməsini, peşəkar zabitlərin hazırlanmasını hər zaman öz diqqət mərkəzində saxladığını vurğulayıblar. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə sənayesinin dinamik inkişaf etdiyini, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da möhkəmləndirildiyini, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırıldığını xüsusi qeyd ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının fundamental beynəlxalq hüququn öhdəliklərinə uyğun olaraq soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinə görə ədalət mühakiməsini həyata keçirməsinə baxmayaraq, bəzi Qərb dairələri bu məsələdə selektiv yanaşma sərgiləyir, müharibə canilərini hərbi əsir kimi göstərməyə çalışırlar. Qeyd edilib ki, müharibə canilərinin təqib edilməsi ölkəmizin müvafiq qanunvericiliyində təsbit edilən prinsiplərə əsaslanır. Habelə, hazırda baxılmaqda olan cinayət əməlləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda baş verib. Bu məsələdə Azərbaycanın beynəlxalq humanitar hüququn öhdəliklərinə riayət etdiyi söylənilib.
Fikir mübadiləsi zamanı, həmçinin ölkəmizin quru sərhədlərinin bağlı qalması ilə bağlı verilən qərarın əhəmiyyətindən danışılıb. Bunun dövlətimizin strateji maraqlarının təmin edilməsi, ölkəmizin geosiyasi vəziyyəti, regional təhlükəsizlik, ölkədaxili sabitliyin təmin edilməsi, təhlükəsizliyin daha da gücləndirilməsi baxımından önəmli olduğu qeyd edilib.

Deputatlar, habelə ölkəmizin təhsil ocaqlarında tətbiq edilən yeniliklərdən, yeni yanaşmalardan, xüsusilə innovasiyaların təşviqindən söhbət açıblar. Azərbaycan təhsil müəssisələrinin dünya universitetlərinin reytinqində layiqli yer tutduğunu qeyd ediblər.

Millət vəkilləri bu günlərdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışının ölkələrimiz arasında həmrəyliyin, birliyin nümunəsi olduğunu, dövlətlərimizin hər zaman bir-birini dəstəklədiyini də vurğulayıblar.

Müzakirələrdə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən davamlı islahatlar çərçivəsində ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsindən bəhs edilib. Bunun səhiyyə resurslarının səmərəli istifadəsinə, xidmətin keyfiyyətinin yüksəlməsinə, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına xidmət etdiyi söylənilib. Bu məsələ ilə bağlı cari ildə Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə geniş ictimai dinləmənin keçirildiyi, ölkəmizdə dayanıqlı ilkin səhiyyə xidmətinin formalaşdırılmasında lazımi addımların atıldığı, o cümlədən Bərdə rayonunda pilot layihənin uğurla reallaşdırıldığı diqqətə çatdırılıb.

Bununla yanaşı, deputatlar ölkə Prezidentinin rəhbərliyi ilə sosial siyasət sahəsində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində vətəndaşların sosial təminatının daha da gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlardan danışıblar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 12 məsələnin daxil edildiyini, ilk 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (üçüncü oxunuş)  təqdim edib. O, layihənin mətnində heç bir dəyişikliyin olmadığını, sənədin istilik təchizatı sektorunda mövcud boşluqların aradan qaldırılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib, onun dəstəklənməsini xahiş edib.

Layihə istilik enerjisinin istehsalı, paylanması, satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.  
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. Komitə sədri layihənin məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə hazırlandığını, bu sahədə mövcud olan problemlərin həllinə yönəldiyini, sənəddə icra məmurları ilə bağlı yeni müddəaların təsbit edildiyini bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, layihənin üçüncü oxunuşun tələblərinə cavab verdiyini, əlavə heç bir təklifin daxil olmadığını söyləyib və sənədin səsə qoyulmasını xahiş edib.
Sənəddə təklif olunan dəyişikliklərdə bələdiyyələrin vahid informasiya sisteminin yaradılması, sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi, bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsi nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bu məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini söylədikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) mahiyyəti barədə məlumat verib.
Millət vəkili bildirib ki, qanun layihəsinin məqsədi inzibati xətalar haqqında protokol və qərarların elektron qaydada izlənilməsi, mərkəzləşdirilmiş formada uçotunun aparılması və bununla inzibati cərimələrlə bağlı daxil olan maliyyə vəsaitlərində şəffaflığın və hesabatlılığın təmin edilməsidir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O, “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələbinə əsasən, sənədin bir oxunuşda qəbul ediləcəyini bildirib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu məsələ barədə məlumatı təqdim edib. Millət vəkili qeyd edib ki, Azərbaycanla Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin dərinləşməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
O, nəzərə çatdırıb ki, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə" 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb. Müqavilə Preambula və 25 maddədən ibarətdir, beynəlxalq təcrübədə qəbul edilən hüquqi standartları özündə ehtiva edir. Sənədin tənzimləmə predmetinə tətbiq sahəsi, əlaqə kanalları, hüquqi yardımla bağlı məhdudiyyətlər, şəxslərin hüquq və mənafelərinin qorunması, texniki məsələlər, sənədin təqdim olunması, axtarışların, həbslərin və müsahibələrin həyata keçirilməsi, video və audiokonfrans vasitəsi ilə ifadə verilməsi və digər məsələlər daxildir.
Müqavilə suverenlik, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında iki dövlət arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı səmərəli əməkdaşlığı təşviq etmək məqsədinə xidmət edir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevil Mikayılova sənəd barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Millət vəkili bildirib ki, qanun layihəsi gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədini daşıyır.

Dəyişikliyə əsasən, gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsi nəzərdə tutulur. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişlərinin isə sahibkarlıq subyekti olmayan fiziki şəxs, eləcə də təminat mövcud olduqda, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsi təklif edilir.
Qanun layihəsi ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.
Deputat Müşfiq Cəfərov bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.
Komitə sədri qeyd edib ki, Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn‒dövlət‒özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulur.
Bildirilib ki, bununla əlaqədar olaraq, məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə "Təhsil haqqında" Qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, "Məktəbəqədər təhsil haqqında" Qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, habelə həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.
Məsələ ətrafında müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Fariz İsmayılzadə, Elçin Mirzəbəyli, Azər Allahverənov, Tənzilə Rüstəmxanlı çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsini sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Komitə sədri bildirib ki, layihə ölkə Prezidentinin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" 7 aprel 2022-ci il tarixli Fərmanına əsasən hazırlanıb.
Layihədə adı çəkilən normativ hüquqi aktlarda onların tənzimləmə predmetinə uyğun olaraq müvafiq dəyişikliklər təklif olunur.

Belə ki, Torpaq Məcəlləsi üzrə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsinin müəyyən edilməsi, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüquqi prosedurunun yaradılması, eləcə də yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə, bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq sahələrinin ayrılmasının tənzimlənməsi nəzərdə tutulur.
Torpaq Məcəlləsində, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda nəzərdə tutulan dəyişikliklərdə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazasının yaradılması, məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması təklif edilir.

Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilən düzəlişdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasına qeyd olunan yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzillərinin daxil edilməsi təklif olunur və bunun üçün tələb olunan sənədlər müəyyən edilir.

Mənzil Məcəlləsindəki dəyişiklikdə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisinin aparılması barədə qərarın icbari sığortası olan yaşayış sahələrinə münasibətdə qəbul edilməsinin mümkünlüyü təsbit edilir.
Şəhərsalma və Tikinti Məcəlləsi üzrə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti prosedurlarının sadələşdirilməsi ilə bağlı dəyişiklik edilir.
Təqdim edilən məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov təmsil etdikləri komitələrin müsbət rəy verdiyini bildiriblər.

Deputat Bəhruz Məhərrəmov sənəd barədə öz fikirlərini söylədikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair qüvvədə olan mövcud tələblərin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, təklif edilən dəyişikliyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrdən irəli gələrək bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılması məhdudlaşdırılır. Habelə, qeyd olunub ki, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən, yaxud bununla əlaqədar maliyyə vəsaiti və başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olur. Layihədəki digər dəyişikliklər yuxarıda qeyd olunan dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirib.
Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Azay Quliyev, Elçin Mirzəbəyli, Hikmət Məmmədov, Azər Allahverənov, Pərvanə Vəliyeva öz fikir və qeydlərini açlıqlayıblar. Komitə sədri qaldırılan məsələlərə münasibət bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova bu məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlərin söylənildiyini deyib. Spiker qanun layihəsinin mühüm əhəmiyyətə malik olduğunu bildirərək, deputatları sənədin mahiyyəti haqqında mediada, sosial platformalarda açıqlamalarla çıxış etməyə səsləyib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin onuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. O bildirib ki, qanun layihəsinin əsas məqsədi milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, hüquqi boşluqları aradan qaldırmaq və bir sıra normativləri təkmilləşdirməkdir.

Sənəddə təklif edilir ki, hakim və ya digər səlahiyyətli orqan mülki, inzibati və kommersiya məsələlərinə baxarkən əməldə cinayətin əlamətlərini aşkar edərsə, bu barədə materialları yenidən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərə bilər.

Digər dəyişiklik isə inzibati şikayətlərin məhkəmədə baxılması ilə bağlıdır. Layihədə “Şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer” ifadəsinin “inzibati xətanın törədildiyi yer” ifadəsi ilə əvəzlənməsi təklif olunub. Beləliklə də, inzibati şikayətin baxılması üçün inzibati xətanın törədildiyi yer əsas götürülür. Yalnız elektron inzibati tənbehvermə qərarları üzrə şikayətlərdə məhkəmə işə şikayətçinin ünvanına görə baxır. Əlavə olaraq, məhkəməyə hazırlıq zamanı tərəflər vəsatət qaldırıb işin şikayətçinin ünvanına görə baxılmasını istəyə bilər.

Üçüncü dəyişiklik Mülki Prosessual Məcəllənin 307.2.4-cü maddəsinin ləğvi ilə bağlıdır. Çünki burada təsbit olunan məsələnin praktiki əhəmiyyətinin qalmadığı üçün həmin maddənin məcəllədən çıxarılması təklif edilir.

Layihədə həm də bir sıra aktual məsələlər üzrə dəyişikliklər və əlavələr nəzərdə tutulur. Qeyd olunub ki, sənəddə “elektron pul təşkilatı” ifadəsinin təsbiti, “aeroport” termininin “hava limanı” anlayışı ilə əvəz olunması təklif edilir. Həmçinin QHT-lərin qrant müqavilələri, xidmətlərin göstərilməsi və hesabatlıq məsələlərinə dair inzibati məsuliyyət mexanizmi də dəqiqləşdirilir. Həm hüquqi, həm də vəzifəli şəxslər üçün daha konkret cavabdehlik tətbiq olunur.
Bundan başqa “Dövlət qulluğu haqqında” Qanuna uyğunlaşdırma qaydasında İXM-də dövlət qulluqçularının reyestrinin aparılması qaydalarının pozulması ilə bağlı maddənin əlavə edilməsi təklif edilir. Deputat Kamal Cəfərov vurğulayıb ki, təklif edilən dəyişikliklər hüquqi mexanizmlərin müəyyənliyini və çevikliyini artıracaq, ədalət mühakiməsinin effektivliyini təmin edəcək.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dəyişikliklərlə bağlı komitəsinin müsbət rəyini diqqətə çatdırandan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Növbəti məsələ - “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
O bildirib ki, layihə “Büdcə sistemi haqqında” Qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Vüqar Bayramov layihədə büdcə hesabatlılığının, büdcə xərclərinin uçotunun aparılmasının təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişiklikləri diqqətə çatdırıb, onların büdcənin şəffaflığının artırılmasına xidmət etdiyini deyib.
Qeyd olunub ki, bundan başqa, ötən illərin təcrübəsi göstərir ki, “Büdcə sistemi haqqında” Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin bir sıra yeni anlayışların qanuna daxil edilməsinə, eləcə də dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət var. Vüqar Bayramov qeyd olunan məsələlərin tənzimlənməsi üçün sənəddə əks olunan müddəalar barədə ətraflı izahat verib. Bildirilib ki, qanunda “ortamüddətli dövr” 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə “uzunmüddətli dövr” ifadəsi daxil edilmiş, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlərin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqədar qanuna “dividend” anlayışının əlavə edilməsi və dividendlərin dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınması və digər müddəalar təklif olunub. Layihə üzrə məruzəçi vurğulayıb ki, dəyişikliklərin qəbulu qanunvericilik aktları arasında uyğunsuzluğun aradan qaldırılmasında, dövlət büdcəsi vəsaitlərinin şəffaf uçotunun aparılmasında, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasında mühüm rol oynayacaq.
Müzakirədə deputat Aydın Hüseynovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonuncu məsələ olan “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov diqqətə çatdırıb.

Bildirilib ki, sənəddə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət Borcu və Zəmanəti üzrə Öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur. Qeyd olunub ki, dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2025