Mobil versiya
Azərbaycan-Türkiyə birliyi dünyada bənzərsiz nümunədir - Bədəl Bədəlov
Tarix: 20-06-2025 | Saat: 18:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan-Türkiyə birliyi dünyada bənzərsiz nümunədir

2023-cü ilin fevral ayında Türkiyənin cənub-şərq bölgəsində baş verən güclü zəlzələnin ağır nəticələrinə baxmayaraq, Türkiyə xalqı böyük əzmkarlıqla ayağa qalxdı. Həmin faciəli günlərdə Azərbaycan dövləti və xalqı da qardaş ölkənin yanında oldu. Azərbaycanın göstərdiyi həmrəylik nümunəsi tarixi dostluğa və mənəvi-siyasi əlaqələrə əsaslanan bir siyasətin təcəssümü idi.

Bu dərin bağlılığın və davamlı dəstəyin nəticəsi olaraq 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan tərəfindən inşa edilən “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Bu əlamətdar hadisə Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunəsi kimi tarixə düşüb.

Öz çıxışında Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi zamanı qardaş ölkənin göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstəyi xatırladan dövlətimizin başçısı bildirib ki, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkənin münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu sənəd dövlətlər arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir.

Türkiyənin zəlzələ fəlakətinin ağır nəticələrini qısa müddətdə aradan qaldırması ölkədə formalaşmış güclü dövlət institutlarının çevik fəaliyyəti, xalqla lider arasında dərin etimad və həmrəyliyin parlaq təzahürüdür. Bu fakt bir daha göstərir ki, Türkiyə təkcə regionun deyil, həm də beynəlxalq miqyasda söz sahibi olan, güclü dövlət idarəçiliyi və mükəmməl təşkilatçılıq modeli ilə seçilən nüfuzlu bir güc mərkəzidir. Azərbaycan Prezidenti İlham Əliyev də bu reallığı əsas götürərək qardaş ölkənin çətin sınaqlar qarşısında nümayiş etdirdiyi strateji qərarlılığını və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsl dövlət rəhbərinə xas liderlik keyfiyyətlərini xüsusi olaraq qeyd edib.

“Azərbaycan” məhəlləsi zəlzələdən zərər çəkmiş ailələr üçün uzunmüddətli dəstəyin bariz nümunəsidir. Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə 27,6 hektar ərazini əhatə edir, burada 68 ədəd 4 mərtəbəli yaşayış binası inşa olunub, ümumilikdə 1194 mənzil sakinlərin istifadəsinə verilib. Məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial infrastruktur obyektlərindən ibarət bu məhəllə möhtəşəm bir yaşayış kompleksidir. Məktəb və uşaq bağçası binaları müasir tədris standartlarına cavab verir, 20 ibtidai sinif otağı, musiqi və rəsm dərsləri üçün yaradılmış xüsusi otaqlar, texnologiya və mühəndislik sahəsində təcrübə qazandıran emalatxanalar burada fəaliyyət göstərəcək. Bu, sadəcə təhsil layihəsi deyil, burada yaşayan uşaqlar üçün gələcəyə ümid, əmin-amanlıq və qardaş sevgisi üzərində qurulmuş həyatın bünövrəsidir. Uşaqların dövlət başçılarını sevinclə qarşılamağı bu məhəllənin mənəvi baxımdan nə qədər dəyərli olduğunu göstərir. Burada yaradılan şərait, inşa edilən obyektlər – hər biri gələcək nəsillərin qardaşlıq ruhunda böyüməsinə xidmət edir.

“Azərbaycan” məhəlləsi yalnız bir yaşayış kompleksi deyil, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümüdür. Bu layihə dövlətlərarası münasibətlərin insani əsaslarla qurulmasının bariz nümunəsi kimi ortaq keçmiş və gələcəyimizin rəmzinə çevrilib. Məhəllənin açılışı ilə bir daha sübut olunub ki, Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində də, sevincli anlarında da daim yan-yana olublar və olacaqlar.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025