Mobil versiya
"Kim çaşırsa, aşır, yolundan çıxırsa..." - İcra başçısı
Tarix: 12-02-2017 | Saat: 13:27
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Kim çaşırsa, aşır, yolundan çıxırsa..." - İcra başçısı




AIA.az Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir.

- Əhəd müəllim, son günlər Azərbaycanla bağlı olduqca maraqlı proseslər gedir. Onlardan biri də blogger Aleksandr Lapşinin ölkəmizə eksdradisiya edilməsidir.

- Müsahibənin lap əvvəlində sizdən bir xahiş edəcəm.

- Buyurun. Nə xahişdi?

- Mənim sözlərimi olduğu kimi verin. Çünki bəzi qəzetlər, saytlar, fikrimizi qərəzli şəkildə və bilərəkdən təhrif edirlər.

- Narahat olmayın. Nə danışsanız, hamısını verəcəyik.

- Aleksandr Lapşinin Bakıya gətirilməsi Azərbaycanın bir dövlət olaraq nüfuzunu və gücünü göstərən hadisədir. Həmçinin ölkəmizin başçısı cənab İlham Əliyevin ölkəsi və xalqı üçün necə bir fədakarlıq etməsinin, prinsipial mövqe tutmasının sübutudur. Lapşin Azərbaycanın qanunlarını pozaraq, işğal altında olan ərazilərə səfər edib, Azərbaycan dövləti və azərbaycanlılar barədə qərəzli, təhqiramiz məqalələr yazmışdı.

Budur, artıq o, Azərbaycan Respublikasının qanunları qarşısında cavab verir. Bu, bizimlə bağlı yanlış mövqe tutan hər bir kəsə dərs olmalıdır. Bu şərəfsizlər anlasınlar ki, Azərbaycanın qanunlarını pozub sonra rahat gəzib-dolaşmaq mümkün olmayacaq.

- Bəziləri Lapşinin Bakıya əl-qolu bağlı gətirilməsinə irad bildirirlər.

- Bəli, yaramazlar həmişə olub, var və olacaq. İndi neynəyək, ölkəmizin və xalqımızın ünvanına təhqiramiz ifadələr işlətmiş, işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər etmiş birini Azərbaycan dövləti cəzalandırırsa, özü də yerli və beynəlxalq qanunlara əsasən, bundan bəziləri niyə narahat olur?! İnanın, Lapşin gətirilməsəydi, onlar yazacaqdılar ki, hakimiyyətin bir siyasi oyunbaza gücü çatmadı. Bu, diplomatik bir qələbədi. Lapşinin həbsi və ölkəmizə verilməsi Azərbaycan-Belarus dostluğu və dövlətimizin beynəlxalq aləmdəki gücünü göstərdi. Bir daha da bütün dünyaya bəyan edilmiş oldu ki, möhtərəm cənab Ali Baş Komandanın apardığı xarici siyasət yüksək nəticələr verməkdədir. Qarabağa, böyük qələbələrə gedən yol bu cür başlayır. Azərbaycan prezidenti hörmətli İlham Əliyevin apardığı bu işlər həm daxili, həm xarici düşmənlərimizin yuxusunu qaçırıb. Onlar Azərbaycanın qüdrətli dövlət, güclü ordusunun olmasını həzm edə bilmədikləri üçün özlərinin çirkin fəaliyyətdən əl çəkmirlər. Onlar da xaricdə fəaliyyət göstərir.

- Bəzən daxildə düşmən axtarmaq, sizcə, yanlış deyilmi?

- Düzdür, bəziləri dövlətə, iqtidara qarşı düşmənçilik edirlər. Bilirsiniz ki, Azərbaycan prezidenti olduqca humanist insandır. İqtidara qarşı qərəzli münasibət bəsləyən, xarici dairələrin sifarişi ilə ölkəmiz haqda olmazın böhtanlar danışan, qərəzli məqalələr yazan adamları cənab prezident zaman-zaman əfv edib, onlara yeni bir şans verib ki, səhvlərini düzəltsinlər, bir daha çaşmasınlar. Amma onların içində səhvini anlayıb haqq yola qayıdanlar da olub. Lakin təəssüf ki, dövlətə və xalqımıza qarşı düşmənçilik apararaq bu yanlış yoldan dönməyənlər də var. Belələrinin pulu xarici erməni dəyirmanına su tökən xarici fondlardan gəlir.

- Əhəd müəllim, yeri gəlmişkən, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndi ilə bağlı aparılan işlərlə maraqlanırsınızmı?

- Əlbəttə. Hər gün, hər saat o mövzu diqqətimizdədi. Möhtərəm prezidentin Qarabağın işğaldan azad edilməsi ilə bağlı gördüyü işlər göz qabağındadır. İstər diplomatik müstəvidə olsun, istər siyasi, istərsə də hərbi, Ali Baş komandanımız gecə-gündüz dayanmadan çalışır. Müharibə təkcə cəbhə xəttində, səngərlərdə aparılmır. Bu gerçəyi hər kəs bilməlidir. Cənab İlham Əliyevin siyasi-diplomatik səngərdə, cəbhədə gördüyü işlərin bəhrəsini xalqımız yaxın zamanlarda görəcək. Cocuq Mərcanlı böyük qələbənin başlanğıc mərhələsidir. Möhtərəm prezidentimiz bizi böyük qələbəyə, doğma yurda qayıdışa - Qarabağın işğaldan azad edilməsinə doğru aparır.

- Son vaxtlar ayrı-ayrı təşkilatlar, Cocuq Mərcanlıya gedirlər. Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri də ora gedəcəklər. Bu səfərlərin təşkilini necə qiymətləndirirsiz?

- Açığı, bu mövzuya toxunacaqdım, məni qabaqladınız. Azərbaycan üçün hazırda ən həssas və vacib mövzulardan biri də Cocuq Mərcanlıya dönüşlə bağlıdı. Bu kənd bizim üçün Qarabağa, işğal altındakı torpaqlarımıza açılan qayıdış qapısıdı. Ona görə də hər bizimiz Cocuq Mərcanlının bərpası istiqamətində təşəbbüskar olmalıyıq. Şəxsən mən təklif edirəm ki, bütün rayon icra hakimiyyəti başçıları Prezident Administrasiyasının razılığı əsasında qruplar halında Cocuq Mərcanlıya səfər etsinlər.

Xalqın, yerli əhalinin içinə getmək, onlarla çiyin-çiyinə dayanmaq, probleminə yaxından bələd olmaq lazımdı. Bu, Ulu Öndərimiz Heydər Əliyevin yoludur. Bu, bizim əziz prezidentimiz İlham Əliyevin siyasətidir. Ölkəmizdə prezidentin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlayıb, görüləcək işlərlə bağlı tapşırıqlar verib.

Həmçinin cənab prezident bu günlərdə nəşi düşməndən alınaraq böyük təmtəraqla dəfn edilən şəhid Çingiz Qurbanovun ailəsini qəbul etdi. Çingizin valideynləri ilə xeyli söhbət etdi, ona ölümündən sonra milli qəhrəman adı verdi. Cənab prezident "Qızıl ulduz"u şəhidin atası Salman Qurbanova təqdim etdi. Bu mükafat təkcə Çingiz Qurbanova deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərə verilən qiymətdir. Bunları xalq görür, ki, cənab prezident əsgər və şəhid ailələrinə sahib çıxır, onlara diqqət və qayğı göstərir. Biz məmurlar da Ali Baş Komandanın bu davranışından nümunə götürərək yerlərdə onun bu uğurlu siyasətini davam etdiririk.

- Əhəd müəllim, son vaxtlar sizinlə bağlı bəzi saytlarda yazılar gedir. Gah yazırlar, müşavirədən sonra əhvalınız pisləşib, gah da reket mətbuatla adınızı hallandırırlar.

- Bunlar hamısı cəfəngiyatdır. Sağlam jurnalistika heç vaxt belə yazmaz. Mənim mətbuata münasibətim həmişə normal olub. Jurnalistlərlə arama heç vaxt sədd çəkməmişəm. Nə zaman müraciət ediblər, onlara müsahibə vermişəm. Baxın, indi siz zəng etmisiniz, verdiyiniz sualların hamısına cavab verirəm. Amma bəzi saytlar var ki, barəmdə ağızlarına gələn mənim demədiyim cəfəngiyat şeylər yazırlar. Mən cənab prezidentin rəhbərliyi ilə keçirilən müşavirədən çıxarkən mobil telefonumu açdım, qardaşımın rəhmətə getməsi xəbərini aldım. Qardaşının ölüm xəbərini alan insanın əhvalı təbii ki, pisləşər. Bu xəbər yayılandan sonra bəzi qəzetlər mənə zəng vurdular, vəziyyəti izah etdim. Çox sağ olsunlar ki, doğru-düzgün xəbər hazırlayıb sayta və qəzetə verdilər, hər kəs də həqiqəti bildi.

Qaldı ki, barəmdə yazılan digər iftiralara. Bilirsiniz, istər deputat kimi fəaliyyət göstərdiyim vaxtlarda, istərsə də icra başçısı vəzifəsini icra etdiyim bu 6 illik müddətdə ən çox reket mətbuatdan əziyyət çəkən məmur olmuşam. Belə olduqda hansı məntiqlə mən reketlərə himayədarlıq edə bilərəm?! Mən normal, əxlaqlı, düzü düz, əyrini əyri yazan jurnalistlərə böyük hörmət bəsləyirəm. Amma reket mətbuat... Bu, mənlik iş deyil. Həmişə də onlara iradımı bildirmişəm.

- Bu yazılardan sonra müəyyən qeyri-ciddi şayiələr yayırlar. Və Prezident Administrasiyası adından danışırlar.

- Bilirsiniz, Prezident Administrasiyası rəhbərliyi və orada işləyənlər təcrübəli insanlardan ibarətdir. Onlar hansı saytın hansı məqsədlə yazdığını gözəl bilirlər. Həmçinin təyin etdikləri kadrları da çox yaxşı tanıyırlar. İstər cənab prezident, istərsə də onun komandası yerlərdəki kadrlarına hansısa reket saytın, qəzetin şantajçı, böhtançı, qərəzli yazısı ilə deyil, sırf o kadrların fəaliyyəti ilə qiymət verirlər. Biz bu iqtidara, dövlətə, xalqa boş-boş sözlə yox, fəaliyyətimizlə, həmçinin sədaqətimizlə xidmət göstəririk. Kim çaşırsa, aşır, yolundan çıxırsa, layiqli cəzasını alır.

- Əhəd müəllim, bu gün ölkədə nümunəvi rayonlar, şəhərlər, bölgələr varmı və ilk sırada hansıların adlarını çəkərdiniz?

- Mən müstəqil Azərbaycanda 15 il deputat, 6 ildir də icra başçısı olmuş şəxs kimi deyə bilərəm ki, Azərbaycan özü dünya üçün bir nümunəvi hüquqi-demokratik dövlətdir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, terrorsuz bir mühit var. Bunlara görə ölkə başçısı, cənab İlham Əliyevə minnətdar olmalıyıq. Həmçinin hüquq-mühafizə orqanları etibarlı əllərdədi. Vahid rəhbərlik var.

Qaldı ki sizin sualınıza... Birmənalı olaraq bildirirəm ki, bu gün Naxçıvan Muxtar Respublikası hazırda nəinki Azərbaycan üçün, region ölkələri üçün bir nümunəvi modeldi. Cənab prezidentin rəhbərliyi ilə hörmətli Vasif Talıbov hazırda Naxçıvanda böyük quruculuq-abadlıq işləri aparır. Bütün sahələr üzrə gözəl işlər görülüb və görülməkdədir.

Ora gələn turistlər, diplomatik qonaqlar, həmçinin qonşu dövlətlər olan İran və Türkiyə vətəndaşları bu inkişafı, yeniliyi görüb Azərbaycanla bağlı təsəvvürləri daha da müsbətə doğru dəyişir. Xatırladım ki, Naxçıvan yarımblokada şəraitindədir. Lakin buna baxmayaraq Muxtar Respublika hazırda özünün inkişafının zirvəsini yaşayır. Bütün dünya dövlətləri ilə siyasi və iqtisadi əlaqələr qurulub. Məncə, bütün bunlar sizin sualınıza ən yaxşı cavabdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024